Haqqımızda

Erkən Uşaqlıq Dövründə İnkişaf

Portal BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi çərçivəsində hazırlanıb.

EUDİ
MİSSİYA

MİSSİYA

Uşaqların Erkən İnkişafı Resurs Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi.

Mərkəzdə səhiyyə, təhsil və sosial sahədə çalışan mütəxəssislər üçün erkən uşaqlıq dövrü inkişafı üçün təlim proqramlarının təşkili və tətbiqi, uşaqların erkən inkişafının, uşaqlar üçün təhlükəsiz və stimullaşdırıcı mühit yaradılmasının əhəmiyyəti haqqında məlumat və biliklərin aşılanması məqsədilə valideynlər üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bundan başqa, həssas qrupa aid uşaqların ailələrinə dəstək proqramının hazırlanması, yeni ailə qurmaq istəyən gənclərin “Ailə Planlanması” üzrə maarifləndirilməsi, gənc ailələr üçün “Hamiləlik Dövrünə Dəstək” proqramının hazırlanması da mərkəzin fəaliyyət planına daxildir.

Uşaqların erkən inkişafı ilə bağlı portalın yaradılması və idarə olunması

“Uşaqların Erkən İnkişaf Portalı” - məktəbəqədər qurumların işçiləri, valideynlər və mütəxəssislər arasında onlayn şəbəkə yaradılmasını və bu platforma üzərindən əhali arasında müvafiq maarifləndirmə işlərinin təşkilini nəzərdə tutur. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan təlim-tərbiyə bazasının yaradılmasıdır. Eyni zamanda uşaq bacarıqlarının inkişafı üçün mərkəzdə yaradılmış imkanlara dair məlumatlar da portalın bazasına daxil ediləcək.

Uşaqların erkən inkişaf dövrü ilə bağlı ictimai məlumatlandırma

Bu missiya çərçivəsində məlumatlandırma materiallarının hazırlanması, çapı və paylanılması; sosial şəbəkələr vasitəsilə maarifləndirmə işlərinin aparılması; sosial video çarxların hazırlanması və yayımlanması; televiziya və radio kanallarında təqdimatların keçirilməsi; “Ailə festivalı” (bu başlıq nisbidir) formatında böyük bir festivalın təşkili və digər təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin məqsədi

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Erkən uşaqlıq dövründə inkişaf” layihəsinin 2 il müddətində icra edilməsi nəzərdə tutulur.

Əsas məqsədi maarifləndirmə olan layihənin hədəf qrupları səhiyyə işçiləri, uşaq evləri və məktəbəqədər hazırlıq müəssisələrində çalışan işçilər, sosial xidmətlər sahəsində çalışan işçilər, həssas qrupdan olan (əlilliyi olan, fiziki və psixoloji zorakılığa məruz qalan, ucqar kəndlərdə yaşayan, diqqətdən kənarda qalan və s.) uşaqlara qayğı göstərən işçilər, valideynlər və 0-8 yaş arası uşaqların erkən inkişafı sahəsində çalışan digər mütəxəssislərdir. Layihənin əsas hədəf regionları Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarıdır. Ümumi maarifləndirmə işləri isə bütün ölkə üzrə aparılacaqdır.

 

Layihənin məqsədi