Erkən Uşaqlıq Dövründə İnkişaf

Portal BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi çərçivəsində hazırlanıb.

EUDİ mütəxəssis

BƏSLƏYİCİ QAYĞI

QİDALANMA

 

Ana südü körpənin immunitetinin güclənməsi və sağlam inkişafı üçün ən yaxşı qidadır. Yenidoğulmuş körpə

həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalıdır. Bu dövrdə digər maye

(su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var (ana südü 87-90 % sudan ibarətdir)

və bu, hətta istidə belə, körpənin tələbatını ödəyir. Körpəyə 6 ayından sonra düzgün qaydada digər

qidalar verə bilərsiniz.

 

SAĞLAMLIQ

 

Ailə quran gənclər ilk növbədə sağlam həyat tərzi sürməli, nikaha daxil olarkən həkim müayinəsindən

keçməli və reproduktiv sağlamlıqlarına, yəni cinsi sağlamlıq, ailə planlaşdırılması və təhlükəsiz analığa

ciddi yanaşmalıdırlar. Uşaq dünyaya gəldikdən sonra profilaktik və müalicəvi tibbi xidmətlərdən istifadə

etməklə uşağı məişət və ekoloji təhlükədən qorumaq mümkündür.

 

HƏSSAS QAYĞI

 

Körpənizi qucağınıza alaraq onunla “dəri-dəriyə” təmasına girin. Bu, ana ilə uşaq arasında psixoloji və emosional

təmasın yaranmasına səbəb olur. Körpəniz üçün mehriban və etibarlı ailə mühiti formalaşdırın. Unutmayın ki, atanın

körpə ilə ünsiyyəti uşağın mənəvi və fiziki inkişafında başlıca rol oynayır.  Körpənin sağlamlığı üçün normal yuxu rejimi də çox vacibdir. Yeni doğulan körpə üç ayına kimi 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir.

 

TƏHLÜKƏSİZLİK

 

Hər bir uşaq müharibə və münaqişələrin nəticələrindən qorunmalıdır. Uşaqların təhlükəsizliyi dedikdə onların fiziki təzyiqdən qorunması ilə yanaşı, beyinlərini sakit saxlamaq və qorumaq nəzərdə tutulur. Uşaqların ətrafında sevgi və qayğı dolu mühit yaratmaqla onların daha sağlam yaşamasına və inkişafına səbəb ola bilərsiniz. Böyüklərin uşaqlara kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. 

 

ERKƏN ÖYRƏNMƏ

 

Erkən yaşlarda körpə ilə nəzakətlə ünsiyyət qurmaq, birlikdə kitab oxumaq, mahnı zümzümə etmək valideyn-uşaq münasibətlərini möhkəmləndirir və körpənin sevgi ilə əhatə olunmasını təmin edir. İlk baxışdan sadə görünən bu addımlar körpənin

sağlam inkişafının və onun həyatındakı gələcək uğurların təməlidir. Odur ki, körpə həyatının ilk 1000 günü inkişaf üçün çox vacibdir. Əlverişsiz uşaqlıq təcrübələri həyat boyu insanın sağlamlığında və sosial mühitdə özünü biruzə verir.

Beynəlxalq İnkişafın Dəstəklənməsi və izlənilməsi Rəhbərliyi 

(International Guide for Monitoring Child Development (GMCD))

 

Hal-hazırda dünyada inkişafı (qavrama, anlama, nitq, ünsiyyət, hərəkətlər, özünəxidmət bacarıqları) qiymətləndirmək üçün alətlər ABŞ və Avropanın inkişaf etmiş ölkələrində işlənib hazırlanıb və digər ölkədə istifadə olunmaları üçün onlar satın alınmalı, tərcümə edilməli, intensiv treninqlər aparılmalı və ölkə üçün standartlaşdırılmalıdır. İnkişaf çətinliklərinin qarşısının alınması, erkən diaqnostikası və müalicəsi üçün istifadə olunan alətlərin çatışmazlığı səbəbi ilə 1995-ci ildən başlayaraq aparılmış çoxsaylı elmi tədqiqatlar nəticəsində Ankara Universitetində prof. İlgi Ertem tərəfindən Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi -İDİR (İnternational Guide on Monitoring Child Development – IGMCD) işlənib hazırlanmışdır (30, 31). İlk olaraq Türkiyədə aparılan tədqiqatlar nəticəsində İDİRin sualları hazırlanmış və türk uşaqları üçün inkişaf göstəriciləri toplanmışdı. Sonradan İDİRin beynəlxalq alət səviyyəsinə çatdırılmasına qərar verilmişdi. Əsas araşdırma sualı uşaqların inkişafının müxtəlif ölkələrdə eyni olub-olmamasını aydınlaşdırmaq və bu oxşarlığı beynəlxalq, restandartizasiya tələb etməyən alətin hazırlaması üçün istifadə mümkünlüyündən ibarət olmuşdur. Tədqiqat 4 fərqli ölkədə aparılmışdı: Türkiyə, Hindistan, Cənubi Afrika və Argentina. Tədqiqat nəticəsində məlumat olmuşdur ki, bir çox inkişaf göstəricilərinə müxtəlif ölkələrin uşaqları eyni yaş dövründə nail olurlar. Bu göstəricilər İDİRdə yer almışdır. Bəzi göstəricilərin nail olma yaşdövrü müxtəlif ölkələrdə fərqli olmuşdur. Bu inkişaf göstəriciləri xaric olunmuşdu. Beləliklə Beynəlxalq İDİR hazırlanmışdı. İkinci mərhələdə İDİRin dürüstlüyünü təsdiq edən tədqiqatlar aparılmışdır. İDİRin istifadəsi zaman alınan nəticələr “qızıl standart” ilə qiymətləndirmənin, təcrübəli mütəxəssis tərəfindən aparılan müşahidə və müayinənin nəticələri ilə müqayisə olunmuşdur və İDİRin dürüstlüyü təsdiq olunmuşdur. İDİRin həssaslığı 0.79-0.94, spesifikliyi - 0.70-0.82 təşkil etmişdi. Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi 0-42 ay uşaqların inkişafını qiymətləndirmək, ailə ilə mütəxəssis arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə şərait yaratmaq, ilkin səhiyyə sistemində uşağın erkən inkişafına və inkişaf çətinliklərinə yanaşmalara dəstək olmaq üçün açıq suallar və aktiv dinləmə əsasında qurulmuş yanaşmadır. İDİR ilə uşağın inkişafının qiymətləndirilməsi 10 dəqiqə tələb edir. İDİR beynəlxalq stardartizasiyadan keçib və buna görə də Azərbaycan üçün restandartizasiyası tələb olunmur. İDİRi istifadə etmək üçün “İDİRin İstifadəçilər üçün Təlim Proqramı”nı keçmək zəruridir. Təlim proqramı sertifikasiya keçmiş təlimçilər tərəfindən aparılır. İDİR üç məqsədə qulluq edir - inkişaf çətinliklərinin profilaktikası, erkən aşkarlanması və erkən müdaxiləsi. İDİR bioekoloji nəzəriyyələr üzərində qurulub, ailə mərkəzli, uşaq və ailənin güclü tərəflərinə əsaslanan yanaşmadır və Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin, Həyat Fəaliyyətinin Məhdudluğu və Sağlamlıq Təsnifatına əsaslanır. İDİR üç tərkib hissədən ibarətdir – İnkişafın İzlənilməsi (Monitorinq), İnkişafın Dəstəklənməsi və Erlən Müdaxilə. İDİR-in İnkişafın İzlənilməsi (Monitorinq) hissəsi 2 səhifədən ibarət olub, valideynə və ya uşağa qulluq edən şəxsə verilən 8 açıq sualdan ibarətdir. Açıq suallar elə qurulub ki, bu sualları bütün yaş qruplarına aid etmək olar. 1-ci sual valideynin narahatçılığını aşkarlamaq üçün, 2-7 suallar ekspressiv (ifadə) nitq, reseptiv (anlama) nitq, böyük və kiçik hərəkətlər, münasibətlərin qurulması, oyun fəaliyyəti və özünəxidmət sahələrində uşağın inkişafını qiymətləndirmək üçün nəzərdə tutulur. 2-7 suallar üçün hər inkişaf sahəsinə dair inkişaf göstəriciləri verilib. İnkişaf göstəriciləri 12 yaş sütünlarına (1-2 ay, 3-4, 5-6, 7-8, 9-11, 12-14, 15-17, 18-21, 22-25, 26-29, 30-35, 36-42 ay) yerləşdirilib. Yaş sütünuna bu yaşda olan uşaqların 85%-nin nail olduğu inkişaf göstəriciləri yerləşdirilib. Valideynin verdiyi cavablardakı inkişaf göstəriciləri yaş sütünlarında qeyd olunur. Əgər hər hansı bir göstərici valideyn tərəfindən qeyd olunmayıbsa, həmin göstərici valideynə yenidən açıq sual verilərək aydınlaşdırılır və qeyd olunur.

İDİRin Dəstəkləmə bölməsi İDİRin Dəstəkləmə bölməsi 8-10-cu suallardan, Dəstəkləmə Kartından və “Səninlə öyrənirəm” kitabından ibarətdir. 8-10 suallar psixososial riskləri aşkarmalaq, valideynlərlə sıx əlaqə yaratmaq, valideynləri tərəfdaş kimi qəbul etmək və müdaxilə planını birgə hazırlamaq üçün nəzərdə tutulub.

Dəstəkləmə kartı 2 səhifədən ibarətdir. Dəstəkləmə kartında uşağı müxtəlif yaş dövrlərində hər inkişaf sahəsinin necə dəstəklənməsi tövsiyə edilir. Dəstəkləmə Kartında tövsiyyələr 0-3 ay, 4-7 ay, 8- 12 ay, 13 ay-3 yaş, 3 yaş – məktəbəqədər dövrlər üçün nəzərdə tutulur. Dəstəkləmə Kartı bir çox beynəlxalq mənbələr istifadə edilməklə hazırlanıb. Dəstəkləmə Kartında mühüm tövsiyələr qısa və sadə dillə verilib ki, valideynlər onları oxuyarkən asanlıqla anlasınlar. Dəstəkləmə Kartını valideynlərlə

birlikdə oxumaq, valideynlər arasında yaymaq, poster kimi istifadə etmək olar.

 

 

BEYNƏLXALQ İNKİŞAFIN DƏSTƏKLƏNMƏSİ VƏ İZLƏNMƏSİ RƏHBƏRLİYİ (İDİR)

 

UŞAQ İNKİŞAFINI DƏSTƏKLƏMƏ KARTI

 

Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) və onun Uşaq İnkişafını Dəstəkləmə Kartı və

“Səninlə öyrənirəm” kitabçasından ibarət olan Dəstəkləmə komponenti Ankara Universitetinin Professoru Dr.

lgi Ertem və onun komandası tərəfindən işlənib hazırlanıb. Diqqətinizə təqdim etdiyimiz İDİRin Uşaq İnkişafını

Dəstəkləmə Kartı bir çox beynəlxalq mənbələr istifadə edilməklə valideynlər üçün hazırlanıb. Buradakı sadə

tövsiyələri istifadə etməklə valideynlər uşaqlarının inkişafını dəstəkləyə bilərlər.

 

0–3 AY

 

Hissləri:

 

♥ Sağlam körpə doğularkən görür, eşidir və iy bilir. O anasının səsini, qoxusunu və  üzünü tanıyır.

♥ Atalar da eyni dərəcədə vacibdirlər. Onlar körpə ilə oynamaqla, danışmaqla, ona qulluq etməklə körpələri öyrədirlər.

♥ Körpələr böyük bacı-qardaşlarından, onlar isə körpədən öyrənirlər. Bacı-qardaşlar körpə ilə oynaya, danışa bilərlər.

♥ Körpə narahat olduqda onu sakitləşdirin. Beləliklə o sizə etibar etməyi və sizinlə ünsiyyət qurmağı öyrənəcək.

♥ Körpəyə qulluq müddəti qucaqlaşmaq, əzizləmək və emosional bağlılıq yaratmaq üçün əla fürsətdir.

 

Ünsiyyət qurması:

 

♥ Körpənin gözünə baxaraq gülümsəyin (məs., qidalanma zamanı). Onunla üz-üzə danışarkən, səslərini və jestlərini təkrarlıyın. Ona mahnı oxuyun. Bu onu sakitləşdirəcək və ünsiyyət qurmağa öyrədəcək.

♥ Anasını görəndə,  anası ona toxunanda, onunla danışanda  körpə reaksiya verəcək. Ətraflarını hərəkət etdirməklə, qığıldamaqla, ağlamaqla ehtiyaclarını çatdırmağa çalışacaq.

               

Hərəkətləri:

 

♥ Tezliklə əllərini və ayaqlarını kəşf edəcək. Əl və ayaqlarını sərbəst hərəkət etdirməyə imkan yaradın ki, güclü böyüsün.

♥ Əşyaları ələ keçirəcək və onları ağzına aparacaq. O, əşyaların dadına baxmaqla və onlara toxunmaqla öyrənir.

♥ O, başını qaldırmaqla ətrafa baxmağa çalışaçaq. Onu qucaqda gəzdirin, başını və kürəyini dəstəkləyin ki, ətrafında olanları görə bilsin. Təhlükəsiz səthdə çevrilməsinə imkan yaratmanız, onun əzələlərini möhkəmlətməyə kömək edəcək.

 

4–7 AY

 

Hissləri:

♥ Uşaqlar insanları və  simaları görməyi sevirlər. Ailə üzvləri onu qucaqlarında saxlaya və gəzdirə bilərlər. Onlar körpəni  əzizləyib, onunla gülüb-danışa bilərlər.

♥ Onda indi anasına qarşı bağlılıq yaranır. O, kənar insanlarla qalarkən özünü narahat hiss edə bilər. Onu o insanların yanında qoyun ki, onlarla körpə özünü təhlükəsiz hiss etsin.

 

Ünsiyyət qurması:

♥ Zingiltili və gülüşəbənzər səslər çıxarmaqdan həzz alır. Kiminsə səsinə daha çox səslərlə cavab verir.Səs çıxarmaqda növbə gözləməyə başlayacaq, eşitdiyi səsləri təkrarlayacaq. Digər insanla “söhbət etməyə” başlayacaq.

♥ Onu danışmağa hazırlamaq üçün onun səslərini təkrarlayın və onun hiss etdikləri, gördükləri və istəkləri barədə danışın.

 

Hərəkətləri:

♥ Ətrafında dünyanı gördükcə, ona toxunmağı, dadmağı və araşdırmağı istəyəcək. Ona təhlükəsiz, təmiz, rəngarəng ev əşyaları verin ki, onlara toxunsun, vursun, atsın, ağzına aparsın. Bu onun öyrənməsinə və əl bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək. Tənəffüs yollarını tuta biləcək və ya uda biləcək kiçik əşyaları gizlədin.

♥ Dəstəklə oturmağa və ətrafda təhlükəsiz çevrilməsinə imkan yaratsanız onun əzələlərinin mühkəmlənməsinə kömək edəcəksiniz.

 

8-12 AY

   

 

Hissləri:

♥ Sizdən ayrılmağı istəməyə bilər. Ayrılığın öhdəsindən gəlməyə ona kömək edin. Getdiyiniz zaman ona mülayim olaraq deyin. Onu yaxşı tanıdığı insanların yanında qoyun.  Gizlənqaç,  “ci-cii” ayrılığın öhdəsindən gəlməyi öyrədən oyunlardır. Bu oyunlar onu öyrədir ki, o sizi görə bilmədikdə o demək deyil ki, siz əbədi yox olmusunuz.

♥ İnsanların qəzəbləndiyini hiss edəcək. Bu onu məyus edə bilər. Belə emosional stressdən onu kənar tutmağa çalışın. Bu baş veribsə, onu sakitləşdirin.

♥ Ona verdiyiniz sevgi və zaman, onun etdiklərinə göstərdiyiniz maraq, onun hər şey bilmək həvəsinə dəstək onun özünə inam hissini artıracaq.

 

Ünsiyyət qurması:

♥Onun səslərinə və maraqlarına cavab verin. Onunla söhbət edin, ona mahnı oxuyun. Qırıq-qırıq ifadə etdiyi hecalara məna verin. O sizə bir şey deməyə çalışanda ona diqqət edin və cavablayın. Ona hekayələr danışın, kitab oxuyun, əşyaların və insanların adını deyin ki, danışmağı və ünsiyyət qurmağı öyrənsin.

 

Hərəkətləri:

♥ Sınmayan böşqablar, fincanlar və qaşıqlar kimi təmiz, təhlükəsiz ev əşyaları ilə oynamağı, qazan və tavaları tıqqıldatmağı, qapaqları açıb-bağlaması, əşyaları üst-üstə yığması və çeşidləməsi, barmaqları ilə özünü qidalandırması ona öyrənməyə və əl bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.

♥ Sərbəst hərəkəti və təhlükəsiz mühitdə oynaması üçün şərait yaratmanız onun əzələlərini inkişaf etdirməyə kömək edəcək.

 

13 AY–3 YAŞ

 

Hissləri:

♥ Özü üçün bir şey etmək imkanı verin. Onun etdiklərinə sevinin. Bununla onun özünə inamını artırmağa kömək edəcəksiniz.

♥  O, istədiyi hər şeyi əldə edə bilmədiyi zaman qəzəblənə və kədərlənə bilər. Onun hissləri haqqında ona danışın.  Çox olmadıqları və aydın və ardıcıl olduqları halda qaydaları daha sürətli öyrənəcəkdir.

♥ Hər şeyi öz bildiyi kimi etmək istəyə bilər. O inadkar görünə bilər. Eyni zamanda həm körpə, həm də böyük olmağı istəyə bilər. Körpə olmaq istəyəndə ona dəstək olun. Böyük olmaq istəyəndə ona bir az müstəqillik verin. Sizin onu anlamanız ona kömək edəcək.

 

Ünsiyyət qurması:

♥ Bu yaş onun danışmağı və bol-bol sözlər öyrənməsi üçün çox vacibdir. Onu öyrənməyə həvəsləndirin. Onun nə etdiyini müşahidə edin və etdiklərini adlandırın. Onunla söhbət etmək üçün bütün fürsətlərdən istifadə edin (yemək yeyəndə, onu çimdirəndə, onun yanında yemək bişirəndə, iş görəndə).

♥ Ona sadə suallar verin və onun danışmaq cəhdlərini cavablandırın. Sözləri təkrarlamağa həvəsləndirin. Onun istifadə etdiyi jestləri və sözləri dinləyin, bu onun danışmaq cəhdlərini artıracaq.  Xəyali oyunlar, kitablar, mahnılar, şeirlər, növbə tələb edən oyunlar onun inkişafını zənginləşdirəcək.

 

Hərəkətləri:

♥ O, bir əlini daha üstün və daha bacarıqlı istifadə etməyə başlayacaq. Onun beyni seçdiyi əli istifadə etməyə imkan verin. Yemək yedikdə, özü geyindikdə, rəsm çəkdikdə, cızma-qara etdikdə, su ilə oynadıqda, əşyalarla oynayarkən onları üst-üstə qoyduqda və ya birləşdirdikdə, onları qabların içinə qoyduqda və oradan çıxardıqda. əl bacarıqlarını inkişaf etdirə bilər.

♥ Onu açıq havaya çıxardın ki, qaçsın, tullansın və möhkəm böyüsün.

 

3 YAŞ– MƏKTƏBƏQƏDƏR DÖVR

 

Hissləri:

♥ Ona verdiyiniz sevgi və zaman, onun etdiklərinə maraq göstərməniz, onun müvəffəqiyyətinə inanmanız, onun hər şeyi bilmək həvəsini dəstəkləməniz onun özünə inamını və öyrənmə həvəsini artıracaq. Bütün bunlar onu məktəbə hazırlayacaq.

♥ Bu yaşda o, nəyin doğru və nəyin yalnış olduğunu anlaya bilir. Onu hekayələr, mahnılar və oyunlar vasitəsilə insanlar necə davranmalı olduğunu öyrədə bilərsiniz. Ona, əvvəlcə nəyin düzgün olduğunu söyləsəniz, daha yaxşı öyrənəcək və düzgün olmayan davranışı mülayim bir tərzdə düzəldilməlidir ki, utanc və ya qorxu hissi keçirməsin. ♥Birlikdə yemək hazırlamaq və tapşırıqları yerinə yetirmək, geyimləri çeşidləmək və başqa ev işlərini yerinə yetirmək  özünə əminliyi yüksəldəcək və öyrənməsini yaxşılaşdıracaq.

 

Ünsiyyət qurması:

♥ Onun sizə dediklərini dinləyin, sual verməyə həvəsləndirin və suallarını cavablandırmağa çalışın. Hiss etdiyi və ya sizə söyləmək istədiyi hər şey barədə danışmağa imkan verin. Hadisələr barədə danışmağa həvəsləndirin. Ətrafındakı əşyaları adlandırmağı, saymağı, ölşüləri, forma və rəngləri  müqayisə etməyi və uyğunlaşdırmağı öyrədin.

 

Hərəkətləri:

♥ Açıq havada, təbiətdə və digər uşaqlarla oynaması onun inkişafını zənginləşdirəcək.

♥ Onun fəal oyun və hərəkətlərini dəstəkləyin. Yürüş, tullanma, təpikləmə, dırmaşma və hoppanma kimi fəal fəaliyyətlər üçün imkan yaradın. Belə hərəkətlər onun özünə inamını artıracaq.

 

IYCF, KAUQ VƏ UŞAQ İNKİŞAFINA QAYĞI

 

GİRİŞ

 

Patronaj tibb bacılarının işi üçün vacib olan Uşaq Xəstəliklərinin Vahid İdarə olunması (UXVİ), Körpə və

Azyaşlı Uşağın Qidalanması (KAUQ) və Uşaq İnkişafına Qayğı kimi bir sıra mövzular üzrə bir sıra təlim

materialları ÜST, UNICEF və digər qurumlardan əldə oluna bilər. Bunların əksəriyyəti tibb işçilərinin dövlət

səviyyəsində təlimləri üçün uyğunlaşdırılmışdır.

UNİCEF-in CEE/MDB üzrə regional nümayəndəliyində Azyaşlı Uşaqların Rifahı komandası tərəfindən

hərtərəfli erkən uşaqlıq inkişafı məzmunu və əlaqəli mövzulara üstünlük verilməsi barədə qərar qəbul

edildi. Sonunculara patronaj tibb bacılarının işə hazırlığı və işi zamanı ümumiyyətlə rast gəlinmir, lakin

bunların ailələrin hərtərəfli dəstəklənməsində və azyaşlı uşaqların inkişafı, sağlamlığı və rifahında rolu

daha genişdir.

 

Modul 3-ün komponentlərinin məzmununa daxil olmaq üçün oxucu aşağıdakı vebsaytları izləyə

bilər.

 

Uşaq Xəstəliklərinin Vahid İdarəolunması

 

ÜST (2014) UXVİ Distant Təhsil Modulları Dəsti. Fərdi çalışma üçün 9 modul və köməkçi

rəhbərlik.

 

http://www.who.int/maternal_child_adolescent/documents/9789241506823/en/

 

Körpə və Azyaşlı Uşağın Qidalanması.

 

ÜST (2009) Körpə və azyaşlı uşağın Qidalanması: Tibb tələbələri və müttəfiq səhiyyə

işçiləri üçün dərsliklərə dair Model bölməsi. Körpə və azyaşlı uşağın qidalanmasına dair

Model bölməsi səhiyyə işçilərinin əsas təlimində istifadə üçün nəzərdə tutulmuşdur. Bu

analar və azyaşlı uşaqlar ilə işləyən səhiyyə mütəxəssislərinin mənimsəməsi lazım olan

əsas bilik və başlıca bacarıqları təsvir edir.

 

http://www.who.int/nutrition/publications/infantfeeding/9789241597494/en/index.html

 

ÜST/UNICEF 2006 Körpələr və azyaşlı uşaqların qidalanması üçün məsləhətlər:

İnteqrasiya olunmuş kurs. İştirakçının Təlimatı.

 

http://apps.who.int/iris/bitstream/10665/43567/2/9789241594752_eng.pdf

 

Ümumi cəmiyyətə əsaslanan körpə və azyaşlı uşağın

qidalamasına məsləhət paketi. Köməkçi bələdçi və iştirak materialları daxildir.

 

http://www.unicef. org/nutrition/index_58362.html

 

UNICEF/CORNELL.

Körpə və azyaşlı uşağın qidalanması üçün proqramlaşdırma: Təlim

Kursu. 14 moduldan ibarət təlim kursu.

 

https://www.nutritionworks.cornell.edu/UNICEF/about/

 

Uşaq inkişafına qayğı

UNICEF (2013). Uşaq İnkişafına Qayğı Paketi. Təlim materialları paketi toplusu.

 

http://www.unicef.org/earlychildhood/index_68195.html

TƏHSİL

 

Məktəbə psixoloji hazırlıq: ümumi baxış

Məktəb təliminə psixoloji hazırlıq mövzusu Azərbaycanda son dövrlərdə aktuallığını kəskin şəkildə artırıb. Bunun əsas səbəblərindən biri budur ki, sinifdə şagird sayı çox olduqda tədrisin keyfiyyətini təmin edən maddi-texniki rerursların çatışmazlığı yarana bilər ki, bu da öz növbəsində şagirdin təlim motivasiyasına mənfi təsir göstərə bilər.

Bu problemin qarşısını almaq məqsədilə uşaqları tədrisə cəlb etməzdən öncə məktəblər uşaqlarda hazırlığın səviyyəsini müəyyən edirlər. Bu hazırlığı yoxlamaq üçün iki əsas yanaşma var: pedaqoji və psixoloji hazırlıq müayinəsi. Məktəblərdə bu yanaşmaların ya hər iksi, ya da biri tədbiq olunur. Bunları ayırd etmək çox vacibdir.

 

Psixoloji hazırlıq nədir? 

İlk öncə biz mütəxəssis olaraq məktəbə psixoloji hazıqlığı pedaqojıi hazırlıqdan fərqləndirməliyik. Bunu üçün bilməliyik ki, təlimə pedaqoji hazırlıq deyərkən biz uşaqlarda bilik, bacarıq və vərdişlərin (avtobioqrafik biliklər, təbiət haqqında təsəvvürlər, davranış vərdişləri, komunikasiya, xarici görünüş, gigiyena, böyüyə hörmət) formalaşma səviyyəsini nəzərdə tuturuq. Lakin təcrübə göstərir ki, bu göstəricilərin proqnoz vermə etibarlığı çox zəifdir. Məsələn, müəllimə ilk görüşdə sakit görünən bir uşaq uşaq təlim zamanı dəcəllik edə bilər. Yaxud əksinə, dəcəl görünən bir uşaq təlimdə yüksək akademik nailiyyət əldə edə bilər. Pedaqoji hazırlığı yoxlamağın məqsədi uşağın məktəbə hazırlığını müəyyən etməkdir.

Təlimə psixoloji hazırlıq isə uşağın  psixoloji yeniliklərə, yeni sosial inkişaf şərtlərinə uyğun formalaşmasıdır. Bu olmadığı zaman məktəb dezaptsiya, məktəbə getməkdən imtina, somatik əlamətlər (qarınağrısı, başağrısı və s.) özünü büruzə verir. Psixoloji hazırlığın müayinəsi sadalanan problemlərin qarşısını almaq, uşaqlara psixoloji yeniliklərin formalaşmasında dəstək olmaqdır. Psixoloji olaraq hazır olmayan uşaqlar risk qrupuna daxil olur. Daha sonra ya psixoloq tərəfindən müşayiət olunmalıdır, ya da valideynlərə lazımi psixoloji keyfiyyətlərin yaranması üçün müvafiq tövsiyələr verilir. Psixoloji hazırlığın məqsədi korreksiyaedici işdir, uşaqların məktəbə seçimi  deyil.

Məktəbəqədər dövrün psixoloji yeniliklərinə əsasən psixoloji hazırlıq aşağıdakı komponentləri ehtiva olunur:


 

        1.Zəka hazırlığı

Məktəbəqədər yaşlı uşaqda zəka bu göstəricilər əsasında ölçülə bilər: ümumilləşdirmə səviyyəsi (burada uşaqlarda anlayışların formalaşmasını yoxlayırıq) və əyani-obrazlı təfəkkürün inkişafın ölçülməsi.

        2. Motivasiya hazırlığı

Motivasiya sahəsində məktəbəqədər dövrün sonunda psixoloji hazırlığın təmin edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirməlidir:

  • Yeni motivlər (təlabatlar, xüsusəndə sosial təlabatlar) yaranmalıdır. Sosial motivlərə rəqabət, dəstək, kömək, nailiyyət, cəmiyyət tərəfindən tanıma kimi istəklər aiddir;

  • Məktəbəqədər dövrün sonunda uşağa artıq bəlli olur ki, onu ətrafın gözündə  əhəmiyyətli edən onun həyata keçirdiyi fəaliyyətdir. Öyrənmə ilə müqayisədə oyunun fəaliyyət olaraq cəmiyyət tərəfindən əhəmiyyəti daha aşağıdır. Bu da öz növbəsində uşaqda öyrənmə motivasiyasının yaranmasına səbəb olur;

  • Motivlər iyerarxiya şəklində olur. Yəni öyrənmə motivləri geniş sosial motivlərin (yeni nəsə öyrənmək), təlim-tədris və özünütəhsil (bilik və bacarıqlara müstəqil yiyələnmə) motivlərinin əlaqəsiyə yaranır. Onların arasında biri aparacı olur. Beləliklə motivasiya sahəsində motivlərin arasında iyerarxik əlaqələr formaşır. 

        3. Emosional-iradi hazırlıq

İradəlik qaydalar və təlimata uyğun davranmaq bacarığına deyilir. Bu uşağın dərs zamanı müəllim tərəfindən verilən tələblərin və qarşısında qoyulan qaydaların “nə dərəcədə yerinə yetirə biləcək?” sualına cavab verir. 

        4. Komunikativ hazırlıq

Komunikativ hazırlığa misal olaraq böyüyə xitab edərkən “Siz” əvəzliyinin və bu əvəzliyə uyğun şəkilçilərin istifadə bacarığı göstərmək olar.

 

Mənbələr

  1. Гуткина Н.И. Психологическая готовность к школе. — — М.: Академический Проект, 2000. — 3-е изд., перераб. и доп. — 184 с. — (Руководство практического психолога);

  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.

 

 

SOSİAL

 

Sosial iş fenomeni  (I hissə)

Cəmiyyətin sosial həyatı hər zaman öz rəngarəngliyi, mürəkkəbliyi və əhatə dairəsinin genişliyi ilə insanları və sosiumu öyrənən elmlərin diqqətini çəkmişdir. Belə ki, elmlərin bir-birindən ayrıldığı və müstəqil formada fəaliyyət göstərərək öz predmeti və tədqiqat yolunu müəyyənləşdirdiyi andan bəri daha spesifik formada öyrəndikləri obyekt(lər) haqqında araşdırmalara start vermişlər. Digər sahələrdə olduğu kimi, insanı öyrənən elmlərin də özünəməxsus yanaşma tərzləri mövcuddur. Məsələn, psixologiya insanın daxili dünyasını, psixikanı, anatomiya insanın daxili orqanlarını və fəaliyyət mexanizmlərini, etika insanların əməl etməli olduğu etik prinsipləri, qaydaları öyrənir və s. Bütün qeyd olunanların timsalında dünya, o cümlədən Azərbaycan üçün qismən yeni bir anlayış olan sosial iş sahəsi də insanı, onun sosiumda rolunu, qrup daxilində mövcud olan əlaqələrini, sosial problemlərin mahiyyətini, yaranma yollarını, insanların gücləndirilməsi və səlahiyyətlənməsi fonunda lazımi tədbirlərin həyata keçirilməsi məsələlərini müəyyən edir, araşdırır. 

 

Bəs sosial iş nədir? Yaranma və inkişaf tarixi, ölkəmizdə formalaşması hansı səviyyədədir? 

Sosial işin tərifləri çox geniş və əhatəlidir, lakin ifadə etdikləri məzmun birdir. Bunun üçün də sosial işin/xidmətin həm beynəlxalq müstəvidə, həm də yerli qanunvercilikdə qeyd olunan təriflərini ifadə edəcəyik. Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF) tərəfindən 2014-cü ildə qəbul edilmiş sosial işin tərifi bu formada göstərilmişdir: “Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, habelə humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş, insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur”. Həmçinin, yerli qanunvericiliyin əsas tərkib hissəsi olan “Sosial Xidmət Haqqında” Qanunun 1-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, “Sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir”. Ümumilikdə isə deyilənləri nəzərə alıb sosial işə daha sadə formada bu cür tərif verə bilərik: “Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir”. 

Sosial işin inkişaf tarixi digər sosial elmlərə nisbətən daha gəncdir. İlk olaraq qərb dünyasında yarandığı üçün xristianlığın göstərdiyi təsir, filantropik yardımlar formatında fəaliyyət göstərməsi onun genezisinin humanizmə söykəndiyinin əyani sübutudur. Lakin tarixin dərin süzgəcindən keçdikdən sonra qayəsini unutmayıb, formatını bir qədər dəyişərək professional sahə kimi beynəlxalq arenada uğurla fəaliyyətə başlamışdır. Sosial işin yaranma tarixi etibarlı mənbələrə əsasən 5 mərhələyə (bəzi mənbələrə görə 4) ayrılır:

  1. I mərhələ – qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, ianələr, filantropiya və xeyriyyəçilik bu dövrdə formalaşmışdır. Sosial işin inkişaf etməsində dinin də böyük rolu olmuşdur. Kilsə və monastrların nəzdində qadınlar, uşaqlar, ahıllar, siyasi qaçqınlar üçün sığınacaqlar fəaliyyət göstərilir, burada tək sosial-məişət məsələləri deyil, həm də sosial-pedaqoji vəzifələr də (təhsil, tərbiyə və s.) həyata keçirilirdi. İlkin yaranma illərində sosial işin etik prinsiplərinin formalaşmasında xristianlığın rolu danılmaz olmuşdur. İrəliləyən illərdə isə artıq xristian dini rəhbərləri sui-istifadə hallarını leqal formada ifadə etmək üçün sosial işin ibtidai formasından istifadə etməyə başlamışlar, lakin bu siyasət uzun sürməmişdir. 

  2. II mərhələ – XIX əsrin sonu və XX əsrin əvvəllərində sosial iş ayrıca peşə kimi formalaşmışdır. Bu mərhələdə işsiz və evsiz insanlara yardım məqsədi ilə sosial iş fəaliyyət göstərmişdir. Avropa və Amerika məkanında yoxsulluğun tüğyan etdiyi bu dövrlərdə dövlətlər tərəfindən radikal addımlar atılmış, dilənçilərin təqib edilməsi və cəzalandırılması yönündə qanunlar qəbul edilmişdir. Ceyms Adamsın “tənzimləmə evi” adlı sosial mərkəzi (ilkin sosial mərkəzlər) bu dövrdə fəaliyyət göstərmişdir. Sosial iş yalnızca peşə, praktik sahə deyil, eyni zamanda elmdir. Sosial iş peşə kimi məhz XIX əsrdə yaranmışdır. İlk dəfə 1898-ci ildə Kolumbiya Universitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş demək olar ki, ABŞ ilə paralel zamanda yaranmışdır. İngiltərədə ilk sosial işçilər, xəstəxanada fəaliyyət göstərən şəxslər olmuşlar. Sosial iş mərkəzləri və universitetləri bu dövrdə həmçinin dünyanın müxtəlif ölkələrində Niderland Krallığı, Fransa, Almaniya, Misir, Avstraliya və s. yaranmışdır. 

  3. III mərhələ – 1920-ci ildən etibarən sosial işçilər yetişmiş və yalnız 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başlamışdır. Avropada sosial tibb, ABŞ-da isə sosial iş terminləri yarandı. 1917-ci ildə ABŞ-da ilk sosial iş sahəsində fəaliyyət göstərən təşkilat qeydiyyata alındı. 1921-ci ildən təşkilat yenidən təşkil edildi və adı Amerika Sosial İşçilərinin Assosiasiyası olaraq dəyişdirildi. 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.

  4. IV mərhələ – 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində sosial işin nəzəriyyəsi tam formalaşır və bununla dünya elminə daha bir elm sahəsi əlavə olunur. Bu dövrlər ərzində daha geniş fəaliyyəti ilə seçilən Beynəlxalq Sosial İşçilər Federasiyası və Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyasının rolları danılmazdır. Onların dərin əməyi və gördükləri qabaqcıl işlər sayəsində hər il mart ayının 3-cü həftəsinin çərşənbə axşamı dünyada “Beynəlxalq Sosial İş Günü” kimi qeyd olunur.

  5. V mərhələ – XX əsrin sonlarından indiyədək sosial işin bütün dünya ölkələrində geniş yayıldığı və təşəkkül tapdığı ən müasir dövrdür. Sosial iş sahəsində yerli formadan beynəlxalq formaya dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən keçid meydana gəldi. Forumlar, simpoziumlar geniş vüsət almağa başladı. Hətta ölkəmizdə də 2017 və 2018-ci illərdə Azərbaycan Sosial İş İctimai Birliyinin təşəbbüskarlığı ilə BSİF və BSİMA-nın konfransları təşkil olunmuş, yerli sosial işçilər üçün master klaslar keçirilmişdir və keçirilməyə davam edir. Bu çox böyük uğur və sevindirici haldır. 

 

Azərbaycanda sosial işin yaranma və inkişaf tarixi 

Azərbaycanda sosial işin yaranması tarixi müstəqillik illərindən dərhal sonra meydana gəlməyə başlamışdır. SSRİ-nin tərkibindən ayrıldıqdan sonra təbii haldır ki, ölkə həyatının bütün sahələrində durğunluq halları müşahidə olunmuşdu. Lakin Ümumilli Lider Heydər Əliyevin siyasi və iqtisadi sahələrdə etdiyi manevrlər, uğurlu addımlar, beynəlxalq təşkilatlara üzv olmağımız, dünya nəhəngləri ilə əlaqələrin qurulması, ikitərəfli müqavilələrin imzalanması, beynəlxalq hüquqi aktların, konvensiyaların ratifikasiya edilməsi nəticəsində ölkənin sosial həyatında da canlanmalar meydana gəlməyə başladı. Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, dövlətimizin sivil, sosial topluma çevrilməsi istiqamətində atılan addımlar sosial işin meydana gəlməsinin ilkin cığırlarını açdı. Nəhayət müasir dövrdə cənab Prezident İlham Əliyevin imzaladığı “Sosial Xidmət Haqqında” Qanunun qəbulu ilə ölkənin sosial həyatının çiçəklənməsinə ikinci can verildi. Beləliklə sosial iş daha müasir forması və yerli standartlara əsaslanan dünya təcrübəsinin töhfələri fonunda fəaliyyət göstərməyə başladı. 

Sosial işin təşkilinin tədrisinə Azərbaycanda 2005-ci ildə Bakı Dövlət Universitetində magistr dərəcəsi, 2008-ci ildə isə bakalavr dərəcəsi üzrə başlanılıb. Daha sonra isə 2009-cu ildə Azəbaycan Universitetində müvafiq kafedra açılıb, bakalavr təhsili ilə başlanılıb. Hazırda 9 ali məktəbdə və 2 kollecdə sosial iş tədris olunur. Peşə sahəsi kimi dövlət strukturlarında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun agentlikləri Dövlət Sosial Müdafiə Agentliyi, Sosial Xidmətlər Agentliyi və onların regional mərkəzlərinin tabeliyində olan müəssisələr, DOST Agentliyi və s.), QHT-lərdə və beynəlxalq təşkilatların nümayəndəliklərində bu işi həyata keçirən sosial işçilər fəaliyyət göstərir. Hər bir strukturda sosial iş praktik olaraq həyata keçirilir.

 

Mənbələr

  1. E.Ə.Qəhrəmanov, Y.P.Əhmədov, Sosial işin əsasları (dərs vəsaiti). Bakı, “B-print”, 2014, s-488

  2. http://www.anl.az/down/meqale/azerbaycan/2012/mart/239781.htm

  3. https://az.m.wikipedia.org/wiki/Sosial_i%C5%9Fin_tarixi

  4. http://uafa.az/ngo/az%C9%99rbaycanda-sosial-isin-t%C9%99skili/

  5. https://www.ixtisas.az/sosial-ish-i2/

  6. https://advocate200.wordpress.com/2019/03/03/history-of-world-social-work-day/

 

 

SƏHİYYƏ

 

Uşaq inkişafına təsir edən amillər

Müəyyənedici Sağlamlıq Determinantları Milli Mərkəzi  tərəfindən aparılan bir ətraf mühit araşdırmasında erkən uşaqlıq inkişafına dəstək verən mütəxəssislərin yaşadığı çətinlikləri qiymətləndirdi. Aşağıdakı mövzular Kanadada ortaya çıxıb:

  • Erkən uşaqlıq inkişafı praktikada və siyasətdə prioritet olmalıdır;

  • Yoxsulluq ailədə ən çox stres yaradan amildir. Uşağın sağlam inkişafını pozur;

 

Əhalinin bəzi qrupları aşağıdakı səbəblərdən xidmətlərdən istifadə edə bilmirlər:

  • dil maneələri

  • nəqliyyat problemləri

  • proqram və xidmət çatışmazlığı

  • damğalanma

  • maddi vəziyyət

  • Erkən yaşda inkişaf proqramlarına və xidmətlərinə ayrılan kifayət qədər insan ehtiyatı yoxdur;

  • Ev ziyarət proqramları yaxşı işləyir, amma elmi dəlillərimiz azdır;

 

Uşaqlar məktəbə getdikdə hamısı eyni yetkin inkişaf səviyyəsinə malik olmur.

Mütəxəssislərin bu amilləri qiymətləndirməsinə kömək etmək üçün onları dörd kateqoriyaya ayırdıq:

  • Ətraf Mühit faktorları

  • Bioloji amillər

  • Şəxslərarası münasibətlər

  • Erkən uşaqlıq mühitləri və təcrübələri 

 

Hər kateqoriyanı göstərmək üçün nümunələr də əlavə etdik.

 

Ətraf Mühit faktorları

Yaşayış yeri

  • Uşağın oynamaq və araşdırmaq üçün yeri varmı? 

  • Uşağın oynaya biləcəyi bir park kimi yaşıl sahələr varmı? 

  • Yeni məhəllələr planlaşdırarkən cəmiyyət bu barədə məlumatlandırılırmı?

  • Xəstəlik faktorları varmı, məsələ, rütubət, kif?

  • Təhlükəsizliyin və ətraf mühitin çirklənməsinin dərəcəsi necədir?

  • Aztəminatlı ailələr üçün mənzil yardımı varmı?

  • Ailənin maddi çətinliyi və ya yüksək borc yükü varmı?

  • Ehtiyacı olanlar üçün sosial yardım proqramları və müavinətlər  mövcuddurmu?

 

Məşğulluq

  • Valideynləri işləyərkən uşağın keyfiyyətli dayə xidməti varmı?

  • Dayə xidməti, xüsusən də valideyn tək olduqda ailə üçün stres mənbəyidirmi?

  • Cəmiyyətdə işsizlik səviyyəsi yüksəkdirmi?

  • Gəlir bərabərsizliyi varmı?

  • Ailə üzvlərinin sabit və uyğun işi varmı?

 

Təhsil

  • Uşaqla kitab oxuyub, oyun oynayan varmı?

  • Ailə üzvlərinin təhsil səviyyəsi nə qədərdir?

  • Valideynlər uşaqların təhsilinə cəlb olunurmu?

  • Yeniyetmələr arasında məktəbdən yayınma ilə mübarizə və təhsillərini yaxşılaşdırmağa yönəlmiş proqramlar varmı?

  • Uşaq keyfiyyətli erkən uşaqlıq təhsili proqramına cəlb olunubmu?

  • Ailənin keyfiyyətli erkən uşaqlıq təhsili proqramlarına çıxışı varmı?

 

Şəxslərarası münasibətlər

Şəxsiyyətlərarası münasibətlər uşaqlar üçün xüsusilə vacibdir, çünki onlar başqaları ilə ünsiyyət quraraq öyrənirlər. Göz təması, gülümsəmə və təqlid daha davamlı ünsiyyət və fikir mübadiləsi etməyə, valideynlərlə və uşaqlardan məsul olan digər insanlarla əlaqələri dərinləşdirməyə və əlaqələr şəbəkəsi qurmağa imkan verir.

 

Erkən uşaqlıqdakı mühit və təcrübələr

Bu elementlər əvvəlki nümunələrdə artıq qeyd edilmişdir. Erkən uşaqlıq dövründə ən vacib mühit baxıcının yaratdığı mühitdir. Uşaqların ifadələrinə necə cavab verməsi beyin əlaqələrinin inkişafına rəhbərlik edir və gələcək öyrənmənin təməlini qoyur. İlk təcrübələr bütün hissləri əhatə edir: toxunma, qoxu, dad, göz təması, eşitmə.

Uşaq sosial, emosional, dil, idrak və fiziki bacarıqlarını inkişaf etdirmək üçün bu tip təcrübələrə ehtiyac duyur. Bu təcrübələr simvolik düşüncə və fikirlər arasında əlaqə qurma, hissləri təcrübələrlə əlaqələndirmə və dünyanın necə işlədiyini anlama bacarığı əldə edənə qədər illər keçdikcə daha da mürəkkəbləşir. 

 

Mənbə

  1. https://www.beststart.org/OnTrack_English/fr-2-facteurs.html

 

 

 

 

 

 

 

Tezliklə bu bölmədə təhsil, tibb və sosial xidmətlər üzrə mütəxəssislərin peşəkar inkişafı üçün çoxsaylı təlim və tədris materialları yerləşdiriləcək. Həmçinin bölmədə UNICEF-in qlobal təlim platforması olan “Agora” portalına keçid də təmin ediləcək.

 

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi haqqında məlumat

 

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi qeyri hökumət təşkilatı olaraq, onun əsas məqsədi Regionların sosial və iqtisadi inkişafına yardım etməkdən, sosial və iqtisadi məsələlər ilə bağlı araşdırmaların aparılmasına və təşəbbüslərə dəstək verməkvə digər sahələrdə sahələrdə maarifləndirmənin təşkilinə kömək etməkdən ibarətdir.

İctimai birliyin əsas fəaliyyət istiqaməti uşaqlar, gənclər, tənha analar və təqaüdə çıxan insanlardır ki, təşkilat onların, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiya olunması üçün geniş tədbirlər həyata keçirir.

İctimai birliyin nəzdində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin” Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Reabilitasiya Mərkəzinin fəaliyyətinə nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonlardan əqli və fiziki inkişafında qüsuru olan uşaq və yeniyetmələr cəlb olunmuşdur. Reabilitasiya Mərkəzinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına yardım etməkdir. Bu günə qədər Reabilitasiya Mərkəzinin fəaliyyətindən 1000-dən çox uşaq və yeniyetmə faydalanmışdır. Həmun uşaqların valideynlərinə hüquqi və psixoloji yardım göstərilmişdir. “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi bir sıra dövlət, bələdiyyə və QHT-lərlə əməkdaşlıq edir.

İctimai birlik tərəfindən bir sıra layihələr uöurla icra olunmuşdur.

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Avropa Şurasının “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu 4-cü işçi qrupunun və “Hasilat sənayesində şəffaflığın artırılması” Koalisiyasının üzvüdür.

http://ganjanews.az/2021/04/02/qht/'regional-inki%C5%9Faf-%C3%BCzr%C9%99-maarifl%C9%99ndirm%C9%99'-ictimai-birliyi-yeni-layih%C9%99nin-icras%C4%B1na-ba%C5%9Flay%C4%B1r.html

 

 

 

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi

 

2011-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş və 2012-ci ildə 121-ci ölkə olaraq Beynəlxalq Portec Assosiasiyasına üzv seçilmiş və əlilliyə erkən müdaxilə xidmətləri sahəsində Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etmək hüququnu, həmçinin Beynəlxalq Portec Assosiasiyanın Azərbaycanda yeganə təmsilçisi statusunu qazanmışdır.

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Prezidenti Yanında QHT-larına Dövlət Dəstəyi Şurası, Bakı Şəhər İcra Hakimiyyəti və yerli QHT-la sıx əməkdaşlıq edərək, Azərbaycanda erkən uşaq dovrü inkişafı sahəsinə, xüsusilə əlilliyi olan uşaqların inkişafına erkən müdaxilə, onların inklüziv təhsilə hazırlığı, cəmiyyətə inteqrasiyası, eləcə də əlilliyin dərki sahəsində cəmiyyətin məlumatlandırılması prosesinə öz töhvəsini verir. Beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş

Portec mütəxəssislərimiz səhiyyə işçiləri, sosial işçilər, müəllimlər arasında ev ziyarətçilərinin hazırlanması istiqamətində bir sıra layihələr, fəaliyyətlər həyata keçirmişlər. Portec 0-7 yaşa qədər əlilliyi olan uşaqlar və onların ailələri üçün nəzərdə tutulmuş ailə-əsaslı erkən müdaxilə proqramı modelidir. Əlilliyi olan uşaqların və onların valideynlərinin inklüziv cəmiyyətə hazılanmasına fokuslanan Portec Proqramı çərçivəsində ev ziyarətçiləri ailələrə həftədə bir dəfə səfərlər

edir, əlilliyi olan uşaqların həyat bacarıqlarını inkişaf etdirmək üçün valideynlərə və uşağa qulluq edən digər şəxsləri təlimləndirirlər, bu istiqamətdə fəaliyyətlərini planlamağa kömək edirlər. Bundan əlavə, beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş mütəxəssislərimiz əlilliyi olan uşaqlar və onların ailələri ilə işləmək üçün səhiyyə, məktəbəqədər təhsil işçiləri, sosial işçilər və psixoloqları portec modelinə əsasən ev ziyarətçiləri kimi təlimləndirirlər.

Hazırda «Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyi UNİCEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin yaradılması ” proqramı çərçivəsində “Ağcabədidə Universal və Mütərəqqi Evə Ziyarət Modelinin tətbiqi” üzrə pilot layihəsini həyata keçirir. Layihənin yerli partnyorları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB-dir.

Ağcəbədi rayonunda Ev Ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə ÜST və UNİCEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və GHT nümayəndələrinə təlimlər keçirilmişdir. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilmişdir.

Təlimin ilk günündə BMT-nin Uşaq Fondunun nümayəndəsi Töhvə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVİD-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barəsində iştirakçılar ilə vacib məlumatları payalaşmışdır. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər və fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim edilmişdir. Təlimlərin sonuncu günü UNİCEF-in əməkdaşı Yelena İsrafilova tərəfindən təlim iştiralçəlarına ev ziyarətləri zamanı sənədləşdirmə bağlı təqdimat etmişdir.

 

 

UAFA (Azərbaycana Birgə Yardim) təşkilatı

www.uafa.az

http://uafa.az

https://m.facebook.com/UAFA.AZ

https://instagram.com/uafa.az

 

Əlaqə: [email protected]

Tel:+994124972519

 

 

 

Azərbaycan Fizioterapiya Dərnəyi

 

http://azpta.az

 

 

"BUTA" HUmanitar İctimai Birliyinin Facebook səhifəsi

 

https://www.facebook.com/butauhib