Uşaqlarda pis vərdişlər və onları aradan qaldırmağın yolları

Uşaqlarda tez-tez xoşagəlməz vərdişləri müşahidə edirik. Onlardan ən çox rast gəlinənləri dırnaq yemək, barmaq sormaq, burun qurdalamaq, saçları barmağa dolamaq, qulağı ilə oynamaq, alt dodağını çeynəmək, barmaqlardan səs çıxarmaq, tüklərini yolmaq və s. 

Uşaqlarda pis vərdişlərin əmələgəlmə səbəbləri 

Uşağın psixikası çox plastikdir və müxtəlif təsirlərə çox həssasdır. Ətrafındakı hər hansı bir narahatlıq və ya dəyişiklik uşağın davranışına təsir edə bilər. Uşaqlarda pis vərdişlərin yaranmasının əsas səbəbləri bunlardır:

  • Həddindən artıq emosional gərginlik

  • Depressiya, pis əhval- ruhiyyə

  • Stresli vəziyyətlər (ailədaxili münaqişə, sevdiyi insandan ayrılma, xəstəlik və s.); 

  • Valideyn-uşaq münasibətlərində disharmoniya (valideynlər tərəfindən diqqətin az olması və emosional soyuqluq, həddindən artıq ciddiyyət, tərbiyə prosesində qeyri- stabillik)

  • Təhsildə uğursuzluq

  • Həmyaşıdları ilə münasibətdə problemlər

  • Valideynin pis adətlərinin olması

  • Məşğuliyyətin olmaması

 

Pis vərdişləri aradan qaldırmaq yolları

Uşaq çox vaxt vərdişlərindən imtina etmək istəmir və valideynlərin onu çəkindirmək cəhdlərinə müqavimət göstərir. Buna görə böyüklər səbirli olmalıdır. İlk növbədə pis vərdişin səbəbini müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır.

Uşaqlarda pis adətlə mübarizə üsulları müxtəlifdir. Ən sadə məsləhət - uşağınıza  mümkün qədər çox diqqət və vaxt ayırın. Valideynin məhəbbətini hiss etmək uşaqda özünəinam hissi yaradır. Pis vərdişlərin tərgidilməsində ailədə qarşılıqlı münasibətlərin normallaşmasının  çox önəmi var. Uşaq ailənin bir üzvü olduğunu, həm də sevilən bir üzvü olduğunu hiss etməlidir.

Uşağa evdə, küçədə, məktəbdə özünü necə aparmağı, bir sözlə, elementar davranış qaydalarını öyrətmək lazımdır. Ona başa salın ki, pis adət nədir və onu nə üçün etməməliyik. Uşaq bilməlidir ki, dırnaq yemək, barmaq sormaq, burun qurdalamaq dodağı çeynəmək xəstəliklərə səbəb ola bilər. Müxtəlif üsullarla uşaqda pis adətə qarşı ikrah yaratmağa çalışın.

Uşaqda pis adətlərin yaranmasının bir səbəbi də valideynin özündə pis adətlərin olmasıdır. Bu halda özünüzdən başlamalısınız.

Pis vərdişlə birbaşa mübarizə aparmayın, uşağı danlamayın, utandırmayın, uşağın diqqətini vərdişinə yönəltməyin. Əksinə, diqqətini maraqlı bir şeyə yönəltməyə, alternativ həll yollarını tapmağa çalışın. 

Uşaq barmağını sorursa, nə etməli?

Kiçik uşaqlar (iki və ya üç yaşa qədər) barmaqlarını tez-tez əmirlər. Bu, bir növ yuxugətirici və sakitləşdirici kimi təsir edir. Uşağın ehtiyacı olarsa, ona dəstək olun, sakitləşdirməyə çalışın. Yuxuya getməzdən bir-iki saat əvvəl aktiv oyunları istisna edin, körpəni çimizdirin, rahatlaşdırıcı masaj edin, nağıl oxuyun. Uşağın əlindən tutmaq və ya barmaqlarına vurmaq lazım deyil. Bu, problemi daha da dərinləşdirəcək.

Uşaq dırnaqlarını yeyirsə, nə etməli?

Bu, ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda, xüsusilə özünəinamı aşağı olan, emosional uşaqlarda rast gəlinir. Dırnaqlarını dişləyrək uşaq daxilindəki aqressiyanı, gərginliyi, qıcıqlanmanı azaltmağa cəhd edə və ya bundan sadəcə zövq ala bilər. Övladınızın həyəcan və narahatlığının səbəblərini aydınlaşdırmağa çalışın və onları dəf etməkdə yardım edin. Əgər dırnaqlarını dişləyrək uşaq qəzəbini söndürməyə çalışırsa, bunu başqa yolla, məsələn, kağızları cırmaqla və ya yastığı döyəcləməklə edə biləcəyini söyləyin. Uşağın həddindən artıq dərəcədə intellektual fəaliyyətə qapılmamasına da nəzarət edin.

Əgər uşaq sadəcə darıxdığından dırnaqlarını yeyirsə, ona rəsm, modelləşdirmə, tapmaca kimi alternativ məşğuliyyətlər təklif etmək, hərəkət prosesində uşağın barmaqlarını məşğul etmək olar. Böyük uşaqlara, xüsusən də qızlara, öz nümunənizdə dırnaqlara qulluq etmək, vaxtında kəsmək və təmiz saxlamaq öyrədilməlidir. 

Pis vərdişlər çox vaxt zərərsiz olub, tez bir zamanda yox olurlar. Lakin  davamlı pis vərdişlər artıq psixoloq və ya nevroloqa müraciət etmək üçün bir səbəbdir. Valideynlər vaxtında tədbir görsələr, arzuolunmaz davranışları daha tez və ağrısız aradan qaldırmaq olar.

 

 

 

 

.