Ana südünün azlığı

Son zamanlar analarda “Südüm olmayacaq” və ya “Südüm yoxdur” kimi narahatlıqlara çox rast gəlinir. Bu məsələlərlə bağlı köməyə ehtiyacınız varsa, aşağıdakı tövsiyələrlə tanış olun.  

 

Bütün anaların südü olur?

Südsüz ana yoxdur. Döşlə yedizdirmə doğuşdan sonra gələn təbii bir prosesdir. Döşün ölçüsündən, uşağın nə vaxt doğulmasından və digər faktorlardan asılı olmayaraq anaların böyük əksəriyyəti körpələrini döşlə yedizdirə, ona lazım olduğu qədər süd verə  bilər. Xüsusən uşaq doğulduqdan sonra ilk günlər analar südün azlığından narahat olurlar. Yenidoğulmuş körpənin mədəsinin ölçüləri çox kiçikdir. İlkin südün miqdarı az olsa da, çox kalorili olub, körpənin tələbatını tamamilə ödəyir. 

 

C:\Users\Hp\Downloads\WhatsApp Image 2020-04-29 at 18.05.22 (1).jpeg 

 

Obyektiv səbəblərdən ana südünün azlığı (həqiqi hipoqalaktiya) yalnız 1-2% hallarda rast gəlinir. Qalan hallarda bu səbəblər aradan qaldırıla bilər. Hətta hamiləlik vaxtı döşlərində heç bir dəyişiklik olmayan ananın süd vermək imkanına heç bir şübhə olmamalıdır. Əsas problem körpənin yanlış əmizdirilməsindən irəli gəlir. Körpə döşü səhv əmdiyinə və ya əmizdirilərkən döşdə az vaxt keçirdiyinə görə lazım olduğu qədər süd əldə edə bilmir. 

 

Laktasiyanı (südün əmələ gəlməsini) artırmaq  üçün nə etmək olar? 

Düzgün qidalanın

Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Bu, ananın sağlamlığını qorumaqla yanaşı, laktasiyanı da artırır. Yaxşı olar ki, qəbul etdiyi kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı  məhsulları hesabına olsun. Ana bilməlidir ki, onun yediyini körpə də yeyir.  Ananın qidalandığı yeməklərin dadı südə tam verir.

Lakin bilmək lazımdır ki, əgər ana şiddətli aclıqdan əziyyət çəkmirsə, bu halda bütün anaların südünün keyfiyyəti eynidir. Bu səbəbdən çox qida qəbul etməyin. Ana ac olduğu zaman yeməli, susayanda su içməli və yorulanda dincəlməlidir. İfrata varmağa ehtiyac yoxdur.

Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edin. Laktasiyanın artması məqsədi ilə  şüyüd, razyana,  yonca və ya kəklikotulu bitki çayları içmək olar. 

Süd verən ana soğan, sarımsaq, şokolad yeməməli və təbii ki, spirtli içkilər, tünd çay və qəhvə içməməlidir. Konservantlar və süni əlavələr qatılmış qidaları, yağlı ət və hisə verilmiş ət məhsullarını, qarında sancı və allergiya olmasın deyə sitrus meyvələri, çiyələk, moruq, bal, qoz, fındıq, qənd,  mayonez, üzüm, paxlalı bitkilər və kələmi rasionunuzdan çıxarmaq məsləhətdir.

Dincəlin

Xüsusilə doğuşdan sonrakı 3-4 ay ərzində stres yarada biləcək faktorları (gərgin işləri, sizi narahat edən qohumları və dostları, televiziya xəbərlərini) özünüzdən uzaqlaşdırın. Nəzərə alın ki, əsəbilik, gərginlik və narahatlıq süd ifrazını azaldır.  Körpəni əmizdirərkən rahatlanın, əsəblərinizi sakitləşdirin. Vaxtınız varsa, yedizdirmədən qabaq 15 dəqiqə dincəlin, uzanaraq mütaliə edin, mahnıya qulaq asın.

 

Körpənin kifayət qədər süd əmdiyini nədən bilmək olar?

Südün miqdarının körpələri üçün kifayət olub-olmaması anaları daim narahat edir.   Bunu öyrənmək üçün əl və ya südsağan aparatlar ilə südü sağıb, miqdarını ölçməyə çalışırlar. Lakin sağmaq süd ehtiyatınızı deyil, yalnız sizin sağa bildiyiniz südün miqdarını göstərə bilər. Yaxşı əmən körpə ananın bütün çalışqanlığı ilə sağa biləcəyi süddən dəfələrlə çox süd əldə edə bilir. Südün miqdarının körpəniz üçün kifayət olmasını müəyyən etmək üçün ilk növbədə körpənizi müşahidə edin. 

Ana südün uşağın tələbatını ödəməsinin əsas göstəriciləri körpənin sağlamlığı, fəallığı, emosional vəziyyətinin müsbət olması və bədən çəkisinin normal artmasıdır!

Hər əmizdirmədən sonra uşaq  narahat olur və əmizdirmələr arasındakı vaxt tədricən qısalırsa, deməli ananın südü kifayət etmir. Südün azlığı ilə bağlı narahatsınızsa, “yaş bezlər” testini sınayın. Bir sutka ərzində adi bezdən istifadə edin. Əgər həmin sutkada uşaq 6 dəfə sidiyə gedirsə və sidik açıq-sarı rəngdədirsə, deməli qəbul etdiyi süd yetərincədir. Əgər həkiminiz ana südünün azlığını  müəyyən edərsə, laktasiyasını artırmaq məqsədi ilə verdiyi tövsiyələrə riayət etmək lazımdır. Yalnız anada laktasiyasını artırmaq mümkün deyilsə, çatmayan sutkalıq rasion həcmində donor südü və ya süni süd qarışıqları təyin verilir.