Tualet vərdişi

 

Uşaqlara tualet vərdişinin qazanılması valideyn tərəfindən ciddi səbir və ön hazırlıq tələb edən bir prossesdir. Bu qərarı aldığınız zaman ilk öncə valideyn olaraq buna hazır olduğunuza əmin olmalı və öyrətməyi hədəfləməlisiniz. 

Tualet vərdişi qazandırılan zaman mümkün qədər ana və ya qayğı göstərən kimdirsə o məşğul olmalıdır. Önəmli nüans qaydaların bir şəxs tərəfindən qoyulması və uşaqla birlikdə o qaydalara həmin şəxslə əməl etməsidir. Övladınızı bezdən azad edəcəyiniz bu dönəmdə ehtiyacını qarşılayacağı əşya müəyyən olunmalıdır. Əgər güvəcdən istifadə etməyi planlayırsınızsa, bu mümkün qədər sadə, rəngi əlvan olmayanı seçilməlidir. Həmin əşya hamam otağına qoyulmalı və heç bir şəkildə evin başqa otaqlarını gəzdirilməməlidir. Övladınıza güvəci oyuncaq kimi içərisinə oturub oynamasına şərait yaratmamaq önəmlidir. İlk öncə sidik, bu prosses tamamlandığı zaman nəcis ifrazı öyrədilməlidir. Onu nəzərə alaq ki, qız-oğlan ayrımı etmədən hər iki prosses oturaraq öyrədilməlidir. Öyrətmə müddətinizdə həyatınızda və ya uşağın həyatında önəmli bir dəyişiklik olması tövsiyə olunmur. Misal dünyaya gələcək bacı/qardaş varsa, uşaq bağça həyatına başlayırsa, köçülürsə və ya tətil üçün məkan dəyişdiriləcəksə o zaman tualet təlimini təxirə salmaq lazımdır.

Tualet vərdişindən bəhs edərkən valideynin hazır olmasına nə qədər önəm veririksə, uşağın da hazır olması önəmlidir. Ədəbiyyatlara əsasən 18-36 ay aralığında tualet vərdişi qazandırıla bilər. Bu yaş uşağın inkişafından və yuxarıda qeyd olunan şərtlərə əsasən dəyişə bilər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda isə bu yaş həddi arta və vərdiş qazandırma müddəti daha uzun ola bilər. Uşağın hazır olub-olmadığını anlamaq üçün onu müşahidə etməkvacibdir. Bu halda uşağın bezinin quruluğu ən az 2 saat dəyişmədən qalırsa, sadə təlimatları rahatlıqla anlayırsa və tualet ehtiyacını ifadə edə bilirsə doğru zaman hesab oluna bilər. Erkən aylarda isə uşaq sizə gizlənərək ehtiyacını bezə edirsə və ya ehiyacını qarşılayarkən bezinə toxunursa, bu da hazırlıq hesab edilə bilər, lakin sözlə və ya işarəylə ifadə etməsi daha arzuolunan haldır. Tualet vərdişi qazandırılarkən məhrəmiyyət qaydalarına riayət etmək önəmlidir.                                                                                 

Milanə Həsənova
​​​​Klinik psixoloq, BDU-nun doktorantı