QPM (qızılca, parotit, məxmərək) peyv...
Uşağın böyüməsi və inkişafında sağlam qidalanma böyük əhəmiyyət kəsb edir. Hər yaş qrupunun öz qidalanma normaları var və bu qidalanmanın diş sağlamlığındakı rolu böyükdür. Diş çürüyünün əmələ gəlməsi üçün adətən mikroorqanizma və ya karbohidratların ən az 30 dəqiqə səthdə qalması lazımdır.
Zülal baxımından zəngin qidalar kariyes önləyici təsir göstərirlər. Karbohidrat tərkibli qidalar isə əksinə kariyes baxımından ən riskli qrupdadırlar.
Qidalanmada önəmli rol oynayan vitaminlər isə birbaşa kariyes prosesində iştirak etmirlər, amma bəzi vitamin əksikliklərində diş toxumalarında aşınmalar və ya hipoplaziyalar yarana bilər. Bu da kariyesin yaranması üçün əlverişli mühit yaradır.
A vitamini sümük və diş inkişafında önəmlidir, əksikliyində dişin dentin təbəqəsində struktur problemləri yaranır.
C vitamini diş, sümük və kollagen yaranması üçün önəm daşıyır. C vitamininin əksikliyində diş əti qanamaları, diş əti problemləri ilə çox qarşılaşırıq. C və E vitamini əksikliyində mina qatı hipoplaziyası yarandığından kariyes üçün risk daha çox artır.
D vitamini əksikliyində isə mina qatı, dentin təbəqəsi və ümumi mineralizasiyada problem yaranır.
Qidalanmada mühim rol oynayan qidalar:
1. Pendir ~ birbaşa ağız içi pH-ı aşağı salmasada, çeynəmə tələb etdiyi üçün tüpürcək axışını artırır və pH neytrallaşır. Bu səbəblə dişlərdə mexaniki təmizlənmə reallaşır. Tərkibindəki kalsium, fosfat və peptidlər reminerilizasiyada rol oynayır.
2. Süd ~ zülal tərkibli qidadır. Tərkibində whey zülalları var və bunlar kariyes önləyici təsirə sahibdir, amma ana südünün tərkibində 7% laktoza olduğu üçün yenə də ehtiyatlı olmaq lazımdır. Qidalanma sonrası mütləq dişlər təmizlənməlidir.
3. Çay ~ tərkibindəki ftor, polifenol kariyes önləyicidir.
4. Yer fıstığı ~ tüpürcək axışını artırdığı üçün dişlərdə mexaniki təmizlənmə gerçəkləşir.
Qazlı içkilər və təbii olmayan meyvə şirələri də risk qrupundadır. Eyni zamanda şokolad, peçenye, karamel, kişmiş, xurma, banan və lokum kimi qidalar da dişə yapışıb qalma ehtimalı yüksək olduğu üçün risk qrupundadır.
Alma, kök və bəzi lifli qidalar isə tüpürcək axışını artdırdığı üçün risksiz qrupdadır.
Bəs uşaqlar karbohidrat heçnə yeməməlidir?
Əlbəttə, xeyr. Bizim üçün günlük alınan karbohidrat miqdarından çox qidalanma zamanı və sıxlığı önəmlidir. Xüsusilə, körpələrdə gecə qidalanması ciddi risklər yaradır. Uşaqlara ara qidalanma olaraq karbohidratlar vermək doğru deyil, mümkünsə əsas qidalanma rasionuna daxil etmək lazımdır. Çünkü, ara qidalanma sonrası dişlər təmizlənmir və uzun müddət qida qalıqları dişə yapışıb qalır. Əgər qidalanma sonrası fırçalama edilə bilmirsə, mütləq ağız ya çalxalanmalı, ya da su içilməlidir.
Nəzrin Rəsulzadə
Həkim-stomatoloq
Fikriniz
0
0