Rotavirus peyvəndi

Rotavirus nədir?

Rotavirus, uşaqlarda ciddi ishal və qusma hallarına səbəb olan bir virus növüdür. Bu infeksiya, xüsusən 5 yaşdan aşağı olan uşaqlara təsir edir və ciddi susuzluğa yol açaraq xəstəxanaya yatışlara və nadir hallarda ölümə səbəb ola bilər. Demək olar ki, 5 yaşa qədər bütün uşaqlar ən az bir dəfə rotavirus infeksiyası keçirir. Gigiyena qaydaları bu xəstəliyə tutulma riskini nisbətən azaltsa da, peyvənd olduqca effektiv qoruyucu vasitədir.

Rotavirus peyvəndi niyə vacibdir?

Rotavirus peyvəndi, uşaqları bu təhlükəli xəstəlikdən qorumaq üçün hazırlanmışdır. Peyvənd, uşağın immun sisteminə rotavirusu tanıdıraraq, gələcəkdə real bir infeksiya olduqda tez və effektiv qorumanı təmin edir. Klinik araşdırmalar, peyvəndin xəstəxanaya yatışları və ağır halları 90%-dən çox azaltdığını göstərmişdir.

Peyvənd təqvimi və tətbiqi:

Rotavirus peyvəndi adətən 6-15 həftə aralığında olan körpələrə tətbiq olunmağa başlayır. İki fərqli peyvənd növü mövcuddur və doza sayına görə ya 2 və ya 3 dozla peyvəndlənmə tamamlanır. Peyvənd oral yolla tətbiq olunur, yəni inyeksiya tələb olunmur. Bu, körpələr üçün daha rahat bir prosesdir.

Rotavirus peyvəndləri nələrdir?

Rotavirus peyvəndləri iki əsas növdə mövcuddur:

1.    RotaTeq:

·      3 dozadan ibarətdir;

·      ən tez 6-cı həftədən başlanıb, ən azı 4 həftə ara ilə olunur. 3 doza ümumilikdə ən gec 32-ci həftədə bitməlidir;

·      5 fərqli rotavirusa qarşı qoruma təmin edir.

2.    Rotarix:

·      2 dozadan ibarətdir;

·      ilk doza 6-cı həftədən başlayaraq 4 həftə ara ilə tətbiq edilir və ikinci doza ən geci 24-cü həftədə tamamlanmalıdır.

Peyvəndləmə hansı marka ilə başlanıbsa, o marka ilə bitirilməlidir.

Kimlərə peyvənd edilə bilməz?

Rotavirus peyvəndi təhlükəsiz olsa da, bəzi hallarda tətbiq edilməməsi lazımdır. Bu şərtlərin əksəriyyəti bütün peyvəndlər üçün keçərli olan əks göstərişlərlə eynidir. Aşağıdakı hallarda peyvənd tövsiyə edilmir:

  • Ağır allergik reaksiya: peyvəndin hər hansı bir komponentinə (məs., lateks) qarşı ciddi allergik reaksiya keçirmiş olan uşaqlara peyvənd edilməməlidir.
  • Həzm sistemi problemləri: daha öncə bağırsaq tıxanıqlığı keçirmiş (invaginasiya) və ya anadangəlmə bağırsaqda inkişaf qüsuru olan uşaqlara rotavirus peyvəndi vurulmamalıdır.
  • Ciddi xəstəlik: orta və ya ağır dərəcədə aktiv infeksiya dönəmində olan uşaqlar tamamilə sağalana qədər peyvənd edilməməlidir.
  • İmmunitet problemləri: ağır immun sistem çatışmazlığı diaqnozu olan uşaqlara peyvəndlənmə zamanı ehtiyatla yanaşılmalıdır.
  • Evdə hamilə və ya immun çatışmazlığı olan birinin olması rotavirus peyvəndinə əngəl deyil.

Yan təsirlər və təhlükəsizlik:

Yüngül yan təsirlər arasında narahatlıq, yüngül qızdırma və ishal ola bilər. Çox nadir hallarda bağırsaq tıxanıqlığı (invaginasiya) riski arta bilər, lakin bu risk çox aşağıdır və peyvəndin faydaları bu potensial riskdən çox üstün hesab edilir.

Valideynlərə müraciət

Rotavirus peyvəndi, uşağınızı ciddi bir təhlükədən qoruyan sadə, lakin effektiv bir yoldur. Rutin peyvənd təqviminə daxil olmasa da, peyvənd təqviminizi həkimlə müzakirə edib, bu özəl peyvəndlərin də vaxtında vurulmasını təmin etməyiniz çox vacibdir. Unutmayın ki, qorunma həmişə müalicədən daha asan və daha az maliyyətlidir.

 

Bağırlı Şəbnəm

Pediatr