Hər bir qadının həyatında hamiləlik dövr&u...
Cəmiyyətin sosial həyatı hər zaman öz rəngarəngliyi, mürəkkəbliyi və əhatə dairəsinin genişliyi ilə insanları və sosiumu öyrənən elmlərin diqqətini çəkmişdir. Belə ki, elmlərin bir-birindən ayrıldığı və müstəqil formada fəaliyyət göstərərək öz predmeti və tədqiqat yolunu müəyyənləşdirdiyi andan bəri daha spesifik formada öyrəndikləri obyekt(lər) haqqında araşdırmalara start vermişlər. Digər sahələrdə olduğu kimi, insanı öyrənən elmlərin də özünəməxsus yanaşma tərzləri mövcuddur. Məsələn, psixologiya insanın daxili dünyasını, psixikanı, anatomiya insanın daxili orqanlarını və fəaliyyət mexanizmlərini, etika insanların əməl etməli olduğu etik prinsipləri, qaydaları öyrənir və s. Bütün qeyd olunanların timsalında dünya, o cümlədən Azərbaycan üçün qismən yeni bir anlayış olan sosial iş sahəsi də insanı, onun sosiumda rolunu, qrup daxilində mövcud olan əlaqələrini, sosial problemlərin mahiyyətini, yaranma yollarını, insanların gücləndirilməsi və səlahiyyətlənməsi fonunda lazımi tədbirlərin həyata keçirilməsi məsələlərini müəyyən edir, araşdırır.
Bəs sosial iş nədir? Yaranma və inkişaf tarixi, ölkəmizdə formalaşması hansı səviyyədədir?
Sosial işin tərifləri çox geniş və əhatəlidir, lakin ifadə etdikləri məzmun birdir. Bunun üçün də sosial işin/xidmətin həm beynəlxalq müstəvidə, həm də yerli qanunvercilikdə qeyd olunan təriflərini ifadə edəcəyik. Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF) tərəfindən 2014-cü ildə qəbul edilmiş sosial işin tərifi bu formada göstərilmişdir: “Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, habelə humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş, insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur”. Həmçinin, yerli qanunvericiliyin əsas tərkib hissəsi olan “Sosial Xidmət Haqqında” Qanunun 1-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, “Sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir”. Ümumilikdə isə deyilənləri nəzərə alıb sosial işə daha sadə formada bu cür tərif verə bilərik: “Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir”.
Sosial işin inkişaf tarixi digər sosial elmlərə nisbətən daha gəncdir. İlk olaraq qərb dünyasında yarandığı üçün xristianlığın göstərdiyi təsir, filantropik yardımlar formatında fəaliyyət göstərməsi onun genezisinin humanizmə söykəndiyinin əyani sübutudur. Lakin tarixin dərin süzgəcindən keçdikdən sonra qayəsini unutmayıb, formatını bir qədər dəyişərək professional sahə kimi beynəlxalq arenada uğurla fəaliyyətə başlamışdır. Sosial işin yaranma tarixi etibarlı mənbələrə əsasən 5 mərhələyə (bəzi mənbələrə görə 4) ayrılır:
I mərhələ – qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, ianələr, filantropiya və xeyriyyəçilik bu dövrdə formalaşmışdır. Sosial işin inkişaf etməsində dinin də böyük rolu olmuşdur. Kilsə və monastrların nəzdində qadınlar, uşaqlar, ahıllar, siyasi qaçqınlar üçün sığınacaqlar fəaliyyət göstərilir, burada tək sosial-məişət məsələləri deyil, həm də sosial-pedaqoji vəzifələr də (təhsil, tərbiyə və s.) həyata keçirilirdi. İlkin yaranma illərində sosial işin etik prinsiplərinin formalaşmasında xristianlığın rolu danılmaz olmuşdur. İrəliləyən illərdə isə artıq xristian dini rəhbərləri sui-istifadə hallarını leqal formada ifadə etmək üçün sosial işin ibtidai formasından istifadə etməyə başlamışlar, lakin bu siyasət uzun sürməmişdir.
II mərhələ – XIX əsrin sonu və XX əsrin əvvəllərində sosial iş ayrıca peşə kimi formalaşmışdır. Bu mərhələdə işsiz və evsiz insanlara yardım məqsədi ilə sosial iş fəaliyyət göstərmişdir. Avropa və Amerika məkanında yoxsulluğun tüğyan etdiyi bu dövrlərdə dövlətlər tərəfindən radikal addımlar atılmış, dilənçilərin təqib edilməsi və cəzalandırılması yönündə qanunlar qəbul edilmişdir. Ceyms Adamsın “tənzimləmə evi” adlı sosial mərkəzi (ilkin sosial mərkəzlər) bu dövrdə fəaliyyət göstərmişdir. Sosial iş yalnızca peşə, praktik sahə deyil, eyni zamanda elmdir. Sosial iş peşə kimi məhz XIX əsrdə yaranmışdır. İlk dəfə 1898-ci ildə Kolumbiya Universitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş demək olar ki, ABŞ ilə paralel zamanda yaranmışdır. İngiltərədə ilk sosial işçilər, xəstəxanada fəaliyyət göstərən şəxslər olmuşlar. Sosial iş mərkəzləri və universitetləri bu dövrdə həmçinin dünyanın müxtəlif ölkələrində Niderland Krallığı, Fransa, Almaniya, Misir, Avstraliya və s. yaranmışdır.
III mərhələ – 1920-ci ildən etibarən sosial işçilər yetişmiş və yalnız 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başlamışdır. Avropada sosial tibb, ABŞ-da isə sosial iş terminləri yarandı. 1917-ci ildə ABŞ-da ilk sosial iş sahəsində fəaliyyət göstərən təşkilat qeydiyyata alındı. 1921-ci ildən təşkilat yenidən təşkil edildi və adı Amerika Sosial İşçilərinin Assosiasiyası olaraq dəyişdirildi. 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.
IV mərhələ – 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində sosial işin nəzəriyyəsi tam formalaşır və bununla dünya elminə daha bir elm sahəsi əlavə olunur. Bu dövrlər ərzində daha geniş fəaliyyəti ilə seçilən Beynəlxalq Sosial İşçilər Federasiyası və Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyasının rolları danılmazdır. Onların dərin əməyi və gördükləri qabaqcıl işlər sayəsində hər il mart ayının 3-cü həftəsinin çərşənbə axşamı dünyada “Beynəlxalq Sosial İş Günü” kimi qeyd olunur.
V mərhələ – XX əsrin sonlarından indiyədək sosial işin bütün dünya ölkələrində geniş yayıldığı və təşəkkül tapdığı ən müasir dövrdür. Sosial iş sahəsində yerli formadan beynəlxalq formaya dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən keçid meydana gəldi. Forumlar, simpoziumlar geniş vüsət almağa başladı. Hətta ölkəmizdə də 2017 və 2018-ci illərdə Azərbaycan Sosial İş İctimai Birliyinin təşəbbüskarlığı ilə BSİF və BSİMA-nın konfransları təşkil olunmuş, yerli sosial işçilər üçün master klaslar keçirilmişdir və keçirilməyə davam edir. Bu çox böyük uğur və sevindirici haldır.
Azərbaycanda sosial işin yaranma və inkişaf tarixi
Azərbaycanda sosial işin yaranması tarixi müstəqillik illərindən dərhal sonra meydana gəlməyə başlamışdır. SSRİ-nin tərkibindən ayrıldıqdan sonra təbii haldır ki, ölkə həyatının bütün sahələrində durğunluq halları müşahidə olunmuşdu. Lakin Ümumilli Lider Heydər Əliyevin siyasi və iqtisadi sahələrdə etdiyi manevrlər, uğurlu addımlar, beynəlxalq təşkilatlara üzv olmağımız, dünya nəhəngləri ilə əlaqələrin qurulması, ikitərəfli müqavilələrin imzalanması, beynəlxalq hüquqi aktların, konvensiyaların ratifikasiya edilməsi nəticəsində ölkənin sosial həyatında da canlanmalar meydana gəlməyə başladı. Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, dövlətimizin sivil, sosial topluma çevrilməsi istiqamətində atılan addımlar sosial işin meydana gəlməsinin ilkin cığırlarını açdı. Nəhayət müasir dövrdə cənab Prezident İlham Əliyevin imzaladığı “Sosial Xidmət Haqqında” Qanunun qəbulu ilə ölkənin sosial həyatının çiçəklənməsinə ikinci can verildi. Beləliklə sosial iş daha müasir forması və yerli standartlara əsaslanan dünya təcrübəsinin töhfələri fonunda fəaliyyət göstərməyə başladı.
Sosial işin təşkilinin tədrisinə Azərbaycanda 2005-ci ildə Bakı Dövlət Universitetində magistr dərəcəsi, 2008-ci ildə isə bakalavr dərəcəsi üzrə başlanılıb. Daha sonra isə 2009-cu ildə Azəbaycan Universitetində müvafiq kafedra açılıb, bakalavr təhsili ilə başlanılıb. Hazırda 9 ali məktəbdə və 2 kollecdə sosial iş tədris olunur. Peşə sahəsi kimi dövlət strukturlarında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun agentlikləri Dövlət Sosial Müdafiə Agentliyi, Sosial Xidmətlər Agentliyi və onların regional mərkəzlərinin tabeliyində olan müəssisələr, DOST Agentliyi və s.), QHT-lərdə və beynəlxalq təşkilatların nümayəndəliklərində bu işi həyata keçirən sosial işçilər fəaliyyət göstərir. Hər bir strukturda sosial iş praktik olaraq həyata keçirilir.
Mənbələr
E.Ə.Qəhrəmanov, Y.P.Əhmədov, Sosial işin əsasları (dərs vəsaiti). Bakı, “B-print”, 2014, s-488
http://www.anl.az/down/meqale/azerbaycan/2012/mart/239781.htm
http://uafa.az/ngo/az%C9%99rbaycanda-sosial-isin-t%C9%99skili/
https://advocate200.wordpress.com/2019/03/03/history-of-world-social-work-day/
Fikriniz
0
0