Məktəbli (5-8 yaş)

Övladınız artıq məktəbə gedir. Bu dövr isə özü ilə bir sıra suallar və narahatlıqlar gətirib. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Məktəbli” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Uşaqların immunitetini necə gücləndirmək olar?

Hər bir valideyinin arzusu övladının sağlam böyüyüb heç vaxt xəstələnməməsidir. Bunun üçün kiçik yaşlardan körpənin immun sistemini gücləndirmək lazımdır. Bu halda körpə daha az xəstələnəcək və sağalma müddəti sürətlənəcək.

Uşaqlarda immunitetin zəifləməsinin səbəbləri aşağıdakılardır:

  1. Qeyri-düzgün və balanslaşdırılmamış qidalanma

  2. Mədə-bağırsaq və digər sistemlərin fəaliyyətinin pozulması

  3. Tez-tez soyuqdəymə

  4. Ailədə qeyri-qənaətbəxş mühit

  5. Yuxu rejiminin pozulması və s.

Zəifləmiş immunitet özünü uşağın tez-tez xəstələnməsi, allergik reaksiyalar və digər xəstəliklərlə, həmçinin iştahanın pozulması ilə biruzə verə bilər.

İmmun sisteminin gücləndirilməsi üçün bunlar tövsiyə olunur: 

  1. Mümkün qədər körpəni ana südü ilə qidalandırmaq (ana südü vitaminlər, mikroelementlər və immunoqlobinlərlə zəngindir);

  2. Balanslaşdırılmış şəkildə qidalanmaq (meyvə-tərəvəzə üstünlüyün verilməsi);

  3. Yuxu rejiminə düzgün əməl etmək;

  4. Təmiz havada müntəzəm olaraq gəzmək;

  5. Ailə mühitinin qənaətbəxş olması (qayğıkeş, sevgi dolu ailə mühiti formalaşdırmaq);

  6. Mədə-bağırsaq sisteminin funksiyasını normallaşdırmaq;

  7. Fiziki prosedurlar həyata keçirmək (su, günəş vannaları, hava gəzintisi)

Körpə mümkün qədər 2 yaşına qədər ana südü ilə qidalanmalıdır. İlk 6 ay yalnız ana südü verilməli, 6 aydan sonra isə tədricən əlavə qidalara keçid edilməlidir. Qida rasionunda üstünlük əsasən meyvə-tərəvəzə verilməlidir. Körpənin qidası zülallar, yağlar, karbohidratlar, vitamin və minerallarla zəngin olmalıdır. Buna görə uşağın qida rasionu kifayət qədər ət, balıq, toyuq, yumurta, süd məhsulları ilə zəngin olmalıdır. İmmunitetin gücləndirilməsi üçün bir çox mikroelementlər tələb olunur (kalium, mis, maqnezium, sink, yod, dəmir, selen və s.) Uşağın qida rasionunu ana tərtib etməlidir və sağlam qidalara üstünlük verməlidir. Sağlam qidalara uşaqları alışdırmaq lazımdı.

Yuxu uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Uşağın fiziki aktivliyinə də nəzarət etmək lazımdır.  Hər gün 1,5-2 saat ərzində uşaq açıq havada olmalıdır (soyuq havalar istisna olmaqla).

İmmunitetin yüksəldilməsi üçün su ilə olan prosedurlar çox vacibdir. Körpə uşaq hər gün vanna qəbul etməlidir. Su prosedurları uşağın fiziki inkişafına müsbət təsir göstərir, həmçinin yuxusunu normallaşdırır. Xüsusəndə günəş vannalarının yay fəslində qəbulu daha əlverişlidir. Belə ki, günəş şüalarının təsirindən uşağın dərisində D vitamini əmələ gəlir, bu isə öz növbəsində immunitetin güclənməsinə və sümük sisteminin möhkəmlənməsinə kömək edir.

Su prosedurları

Su prosedurları böyüməkdə olan uşaq orqanizminə müsbət təsir göstərir. Bu prosedurun müalicəvi effekti mexaniki, termiki və kimyəvi faktorlar nəticəsində əmələ gəlir. Su dalğalarının təsiri nəticəsində uşaqlarda dərinin turqoru yüksəlir və əzələ sistemi möhkəmlənir. Termiki faktorun təsiri suyun temperaturunun dəyişməsi nəticəsində meydana gəlir və uşaq orqanizminin qoruyucu və adaptasiya qabiliyyətini yüksəldir. 

Suda olan orqanik duzların təsiri kimyəvi təsir adlanir. Xüsusilə dəniz suyunda vannalar, yay fəslində populyar olan dənizdə çimmək talassoterapiya adlanır. Suyun hərarəti 20-23 dərəcədən aşağı olmamalıdır və başlanğıc 2-3 dəqiqə olmalıdır. Daha sonra isə müddət 5-10 dəqiqəyə qədər artırılmalıdır.

 

Yuxu 

Yuxu orqanların fəaliyyətini bərpa etmək üçün vacib fizioloji prosesdir. Tələb olunan müddətdən çox və ya az yatmaq sağlamlığa mənfi təsir göstərə bilər. Yenidoğulmuş körpə üçün həmin şərt daha vacibdir. Onun düzgün və sağlam qidalanması ilə yanaşı, normal yuxu rejiminə də mütləq əməl olunmalıdır.

Yenidoğulmuş körpə üç aylığınadək 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir. 2-7 yaş arası uşaqlar gecə 10-11 saat yatmalıdır. Tədqiqatlar göstərir ki saat 23:00-da boy hormonunun ifrazı artır. Bu, uşağın böyüyüb boy atması üçün əlverişli vaxtdı.

 

Günəş vannaları

11.00-16.00 saatları arasında uşaqlar kölgədə olmalıdır. Günəş vannaları səhər və ya günortadan sonra göstərilən saatların xaricində edilməlidir. Günəşdə qalma müddəti, körpələr üçün 10 dəqiqə, böyük uşaqlar üçün 20 dəqiqəni keçməməlidir. Uşağın başına nazik yay papağı qoyub günəşdən qorumalı və münasib günəş eynəyindən istifadə edilməlidir. Dəniz, qum və beton zəmindən əks olunan günəş şüaları da günəş yanığına səbəb ola bildiyi üçün uşaq geniş çətir altı və ya tam kölgə sahələrdə oynamalıdır, istirahət etməlidir.

Buludlu havalarda ultrabənövşəyi şüaları buludlardan keçərək dəridə yanığa səbəb ola bilər, bu səbəblə yayın günorta saatlarında hava buludlu olsa da, uşaq açıqda uzun müddət qalmamalıdır.

Ən təsirli qoruma şapka və geyimlərdir. Günorta saatlarında uşaq geyimdə olmalıdır. Geyimlər pambıqlı və sıx toxunuşlu olmalıdır. Məsaməli parçalardan keçən günəş şüaları yanıq yarada bilər. Yaş geyimlər də günəş şüalarını tez keçirir.  Günəş kremindən də istifadə olunmalıdır.


 

Uşaqlarda EEQ müayinəsi

Elektroensefaloqrafiya (EEQ) müasir nevrologiya və pediatriyada geniş istifadə olunan müayinə metodlarından biridir. Bu müayinənin hansı hallarda və necə aparılmasına nəzər salaq.

EEQ müayinəsi nədir?

EEQ beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün əsas müayinə üsuludur. Beyin də daxil olmaqla mərkəzi sinir sisteminin əsas elementləri sinir hüceyrələri – neyronlardır. Onlar elektrik impulslarını keçirmək və yaratmaq qabiliyyətinə malikdirlər. Bu impulslar (beyinin bioelektrik aktivliyi) xüsusi cihaz – elektroensefaloqraf tərəfindən qeyd olunur. Bu, çox həssas üsul olub, baş beyin qabığının və beynin dərin strukturlarının cüzi funksional dəyişkənliyini belə əks etdirir.  

Bu müayinə nə vaxt aparılır?

  • Yuxu pozuntuları: çətin yuxuyagetmə, yuxusuzluq, narahat yuxu, yuxuda gəzmək

  • Enurez (yuxuda sidik saxlaya bilməmək)

  • Qıcolma, epilepsiya (diaqnoz qoyulması, xəstəliyin izlənilməsi, müalicənin effektivliyinin təyin edilməsi)

  • Doğuş travmasının, hipoksiyanın nəticələri, psixomotor inkişafın ləngiməsi;

  • Kəllə-beyin travmaları

  • Beynin iltihabı xəstəlikləri (ensefalit, meningit)

  • Vegeto-damar distoniyası, huşunu itirmə

  • Baş ağrıları, başgicəllənmələr, xroniki yorğunluq

  • Autizm

  • Nitq pozuntuları, nitq inkişafının ləngiməsi, kəkələmə

  • Davranış  və diqqət pozuntuları, nevrozlar, panik həmlələr

  • Beyin qan dövranı pozuntuları;

  • Uşaq serebral iflici

  • Beyin şişləri

Müayinə necə aparılır?

Uşağın başı təmiz və quru olmalıdır. Uşağa elektrodlar birləşdirilmiş xüsusi papaq-dəbilqə geyindirilir və xüsusi dəliklərdən elktrod geli yeridilir. Prosedur uşağa heç bir narahatlıq vermir və tamamilə təhlükəsizdir. Ancaq hazırlıq prosesi uşağı qorxuda bilər. Bu səbəbdən evdə uşağa "sərgüzəştləri", məsələn güclü və sağlam olmaq üçün başına “sehirli dəbilqə” geyinəcəyi barədə danışmaq məsləhətdir. Böyük uşağa EEQ-nin necə və niyə edildiyini ətraflı izah edin. Erkən yaşlı uşaqlara müayinə adətən yuxu zamanı aparılır. 

Tədqiqatın müddəti 25-30 dəqiqədir. Uşağın hazırlanması daha çox vaxt aparır. Müayinənin özü 5-7 dəqiqə çəkir. Müayinə zamanı uşağın sakit davranması, ağlamaması, ac və yorğun olmaması vacibdir.

EEQ müayinəsini nə zaman etmək olmaz?

EEQ tamamilə zərərsiz və şüasız bir müayinə üsuludur. Bu müayinə üsulunun aparılmasına  heç bir əks-göstəriş yoxdur. Əlbəttə ki, körpədə qızdırma, kəskin bir tənəffüs xəstəliyi və ya yoluxucu xəstəlik, dəri səpgiləri aşkarlandığı təqdirdə klinikaya getməməlisiniz. 

 

Uşaqlarda qızdırma zamanı nə etməli

Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və ya bakterial infeksiyalar, iltihabi proseslərdir.

 

Uşaqda temperatur olduqda necə hərəkət etmək lazımdır?

Hər şeydən əvvəl, narahat olmayın və temperaturu aşağı salmağa tələsməyin. Hərarətin yüksəlməsi orqanizmin təbii bir müdafiə reaksiyasıdır. Uşağın immun sistemi qoruyucu maddələrin aktiv sintezinə yalnız 38,5°C-dən yuxarı temperaturlarda başlayır.

İlk növbədə uşağın ümumi vəziyyətini qiymətləndirməlisiniz. Bu, əlavə tədbirlər üçün məlumatlı bir qərar verməyinizə kömək edəcəkdir. İstilik dərəcəsindən və körpənin yaşından asılı olmayaraq, pediatr tərəfindən dərhal müayinə tələb edən simptomlar var:

  • 3 aydan kiçik bir körpə üçün 38.0°C,  3 aydan 3 yaşa qədər uşaqlarda 38.0°C-dən yuxarı, 3 yaşdan böyük uşaqlarda 38.5°C-dən yuxarı temperatur;                                                                                             

  • atipik davranış – yüksək səslə ağlamaq, yuxululuq, iniltilər

  • güclü baş ağrısı

  • qıcolmalar

  • şüurun qaralması

  • qan təzyiqinin aşağı düşməsi

  • davamlı qusma və ya ishal

  • qarın ağrısı

  • boğaz və ya qulaq ağrısı

  • başı sinəyə bükə bilməməyiniz (bu kəskin bir ağlamaya səbəb olur) 

  • uşaqda yanaşı gedən xroniki xəstəliklərin olması

  • temperatur düşəndə belə uşağın vəziyyətində yaxşılaşma olmaması, temperatur normallaşdıqdan sonra yenidən istiliyin görünməsi

  • nadir hallarda sidiyə çıxma, dəri və selikli qişaların quru olması

  • yemək və içməkdən imtina      

 

                                                                                                                    

İstiliyi nə zaman salmaq lazımdır?

3 ayından-3 yaşadək uşaqlarda temperatur 38°C-dən, 3 yaşdan böyük uşaqlarda isə 38,6°C-dən aşağı olarsa və eyni zamanda uşaq özünü yaxşı hiss edərsə, temperaturu aşağı salmaq lazım deyil. Aşağıdakı hallarda temperaturun dərəcəsindən asılı olmayaraq müdaxilə tələb olunur:

  • Temperaturun dərəcəsindən asılı olmayaraq uşaq özünü yaxşı hiss etmir; 

  • Xroniki somatik xəstəlikləri olan bir uşaqda (ürək, ağ ciyər, beyin və ya sinir sistemi patologiyası);       

  • Əvvəllər qızdırma fonunda qıcolma tutması olmuşdursa.

 

İstiliyi necə salmaq olar?

  • Uşağı qalın geyindirməməli, üstü örtülməməli, geyimlər nazik və geniş olmalıdır;

  • Otaqda temperatur 21-22°C-dən çox olmamalıdır;

  • İlıq su ilə bədən yuyulmalı və yaxud da ilıq su (soyuq yox!) ilə silinməlidir. Bədəni spirt və ya sirkə ilə silmək olmaz;

  • Uşağa bol miqdarda maye və sulu qidalar verilməlıdir.                                                                

Ev şəraitində uşaqlarda temperatur yalnız  parasetamol və ya ibuprofen tərkibli dərmanlarla aşağı salına bilər. Bu zaman bəzi şərtlərə riayət etmək vacibdir:                                            

  • Bütün antipiretik dərmanlar yaşa görə deyil, körpənin çəkisinə uyğun təyin olunmalıdır;

  • Dərman preparatı dərmanın qəbul qaydası üzrə təlimatda göstərilirilən və həkim tərəfindən məsləhət görülən dozadan artıq olmamaqla verilməlidir; 

  • Uşaqlara temperaturu aşağı salan dərman preparatlarını 3 gün dalbadal olmaqla vemək məsləhət görülmür. 

Əgər görülən tədbirlər temperaturu düşürməzsə, bu zaman təcili yardıma, pediatra və yaxud da xəstəxanaya müraciət olunmalıdır.

Qızılca virusu

Qızılca virus mənşəli, ciddi fəsadlara və ölümə səbəb ola bilən yoluxuculuğu yüksək,  hava-damcı yolu ilə yayılan ciddi bir xəstəlikdir. Qızılca peyvəndi 2000-2021-ci illər arasında 56 milyon ölümün qarşısını almışdır (ÜST). Təhlükəsiz və ucuz peyvənd olmasına baxmayaraq, 2021-ci ildə bütün dünyada qızılcadan təxminən 128.000 ölüm hadisəsi baş vermişdir; bunların əksəriyyəti peyvənd olunmamış və ya 5 yaşınadək yarımçıq peyvənd olunmuş uşaqlar arasında olmuşdur.

Qızılca hər kəsə yoluxa bilər, lakin daha çox uşaqlarda olur. Qızılca tənəffüs yolları ilə orqanizmə daxil olur və sonra bütün bədənə yayılır. Simptomlara yüksək hərarət, öskürək, burun axması və bütün bədəndə səpgi daxildir. Qızılca xəstəliyinə tutulmanın və ya xəstəliyin başqalarına yayılmasının qarşısını almağın ən yaxşı yolu peyvənd olunmaqdır.

Simptomlar

Qızılca simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra başlayır. Səpgi ən çox görünən simptomdur. Erkən simptomlar adətən 4-7 gün davam edir. Tez-tez rast gəlinən simptomlar aşağıdakılardır:

  • burun axıntısı
  • öskürək
  • qırmızı və sulu gözlər
  • yanaqların içərisində kiçik ağ ləkələr

Səpgiyə məruz qaldıqdan təxminən 7-18 gün sonra, adətən üz və boyunun yuxarı hissəsində səpgilər artmağa başlayır. Təxminən 3 gündən sonra əllərə və ayaqlara yayılır. Adətən solmadan əvvəl 5-6 gün çəkir. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə bağlı fəsadlar nəticəsində baş verir. Fəsadlara aşağıdakılar daxil ola bilər:

  • korluq
  • ensefalit (şişməyə və potensial beyin zədələnməsinə səbəb olan beyin infeksiyası)
  • şiddətli ishal və nəticədə dehidratasiya
  • qulaq infeksiyaları
  • pnevmoniya da daxil olmaqla ciddi tənəffüs problemləri

Əgər qadın hamiləlik zamanı qızılcaya yoluxursa, bu, ana üçün təhlükəli ola bilər və körpənin vaxtından əvvəl aşağı çəki ilə dünyaya gəlməsinə səbəb ola bilər.

Fəsadlar ən çox 5 yaşdan kiçik uşaqlarda və 30 yaşdan yuxarı böyüklərdə özünü göstərir. Xüsusilə kifayət qədər A vitamini qəbul etməyən və ya İİV və ya digər xəstəliklər səbəbindən immun sistemi zəifləmiş uşaqlarda daha çox rast gəlinir. Qızılca özü də immun sistemini zəiflədir və orqanizmin infeksiyalardan necə qorunacağını “unutmasına” səbəb olur və uşaqları son dərəcə həssas edir.

 

Kimlər risk altındadır?

İmmuniteti olmayan hər hansı bir şəxs (peyvənd olunmamış və ya peyvənd olunmuş, lakin immuniteti qazanmamış) yoluxa bilər. Peyvənd edilməmiş kiçik uşaqlar və hamilələr qızılca xəstəliyinin ağırlaşmaları üçün ən yüksək risk altındadırlar.

Yayılma

Qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir, yoluxmuş xəstənin burun və ya boğaz ifrazatları ilə təmasda (öskürmə və ya asqırma) və ya qızılca xəstəliyinə tutulmuş şəxsin tənəffüs etdiyi hava ilə yayılır. Virus havada və ya yoluxmuş səthlərdə iki saata qədər aktiv qalır. Buna görə də qızılcaya yoluxmuş şəxs peyvənd olunmamış yaxın təmasda olan 10 nəfərdən doqquzuna yoluxdura bilər. Səpgilərin başlanmasından dörd gün əvvəldən və səpgi göründükdən dörd gün sonraya qədər yoluxmuş şəxs tərəfindən ötürülə bilər.

Qızılca epidemiyaları xüsusilə bəslənmə yetərsizliyi olan uşaqlarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

Müalicə

Qızılca üçün xüsusi müalicə yoxdur. Simptomları aradan qaldırmağa, xəstəni rahatlaşdırmağa və ağırlaşmaların qarşısını almağa çalışılmalıdır. Kifayət qədər su içmək ishal və ya qusma nəticəsində itirilən mayeni əvəz edə bilər. Sağlıqlı qidalanma bu dönəmdə çox vacibdir. Həkimlər pnevmoniya, qulaq və göz infeksiyalarını müalicə etmək üçün antibiotiklərdən istifadə edə bilirlər. Qızılca xəstəsi olan bütün uşaqlar və böyüklər 24 saat ara ilə iki doza A vitamini qəbul etməlidirlər. Bu, göz zədələnməsinin və korluğun qarşısını almağa kömək edir. Vitamin  A qəbulunun eyni zamanda qızılcadan ölümləri azaltdığı düşünülür.

Profilaktika

Qızılcadan qorunmağın ən təsirli yolu toplumun peyvənd olunmasıdır. Bütün uşaqlar qızılcaya qarşı peyvənd edilməlidir. Peyvənd təhlükəsiz, effektiv və ucuzdur. Uşaqlarda immuniteti inkişaf etdirmək üçün peyvənd iki doza verilməlidir. İlk doza adətən qızılca xəstəliyinin yayıldığı ölkələrdə 9 aylıq, digər ölkələrdə isə 12-15 aylıq ikən verilir. İkinci doza isə adətən 15-18 ayda verilməlidir.

Təmaslılar üçün müvafiq profilaktik tədbirlər görülməlidir. Yoluxucu olduğu dövrdə qarşılaşılmış bir xəstə ilə aşağıdakı qrup insanlar təmaslı sayılır:

  • eyni evdə yaşayan hər kəs
  • xəstə ilə eyni yerdə yatanlar (xəstəxana, internat məktəbi, hərbi hissələr)
  • eyni sinif, məktəb və ya gündüz qayğısına ehtiyacı olan uşaqlar/böyüklər
  • xəstə ilə eyni yerdə gözləyənlər (xəstəxananın gözləmə otağında olan xəstələr və xəstə yaxınları) və eyni poliklinika otağında qızılcalı xəstə müayinə edildikdən sonra 2 saat ərzində müayinə olunanlar
  • xəstə ilə eyni iş yerində işləyən həmkarları
  • xəstə ilə eyni təyyarədə səyahət edənlərdən eyni sırada oturan və ya ön və arxadaki 2 sıra olan sərnişinlər
  • eyni zamanda xəstənin gəzdiyi ümumi ərazidə olan digər şəxslər (kinoteatr, ticarət mərkəzi, restoran, ictimai nəqliyyat və s.).

Təmas sonrası peyvənd planı:

Qızılca peyvəndi şübhəli və ya dəqiqləşdirilmiş qızılca təması olan və iki doza sənədləşmiş peyvəndi olmayan, xəstəliyi keçirməyən və 6 aydan yuxarı olan hər kəsə tətbiq edilməlidir. 6-11 ay arasında tətbiq olunan doza adi peyvənd cədvəlindəki dozanı əvəz etmədiyi üçün doza 12-ci aydan sonra (ən azı dörd həftə ara ilə) təkrarlanmalıdır.

Təmas sonrası immunoqlobulin tətbiqi:

Peyvəndin tətbiq oluna bilməyəcəyi hallarda (6 aydan kiçik körpələr, hamilə qadınlar, immunosupressiv insanlar və peyvəndin əks göstəriş olduğu digər hallarda) tövsiyə olunur.

 

Qeyd: Qızılca peyvəndi alacaq insanlar hamiləlik və əks göstərişlər barədə sorğu-sual edilməlidir.

 

Şəbnəm Bağırlı

Pediatr

Biotin çatışmazlığı

Biotin və ya B7 vitamini suda həll olan B qrup vitaminlərindən biri olub, qlükoza, amin turşuları və yağ turşularının metabolizmində əhəmiyyətli rol oynayır. Son tədqiqatlar hüceyrələrin proliferasiyası, DNT-nin reparasiyası, genlərin epigenetik tənzimlənməsi, həmçinin immun sisteminin normal fəaliyyət göstərməsində biotinin rolunu təsdiqləyir.

Biotin müxtəlif qida mənbələrindən əldə edilir, həmçinin  bağırsaq bakteriyaları tərəfindən sintez olunur. Buna görə də qidalanma ilə bağlı səbəblərdən biotin çatışmazlığı nadir hallarda baş verir. Uzun müddət qıcolma əleyhinə preparatlar qəbul edən şəxslərdə bağırsaqlarda vitaminin mənimsənilməsinin pozulması səbəbindən biotin çatışmazlığı inkişaf edə bilər. Yumurta ağında olan avidin  zülalı biotin ilə möhkəm birləşdiyindən vitaminin mənimsənilməsi pozulur. Bu səbəbdən həddindən artıq  çiy yumurta yeyən insanlarda biotin çatışmazlığı meydana çıxa bilər. Son tədqiqatlar hamilə və döşlə əmizdirən qadınların çoxunda biotin səviyyəsində azalmanı göstərir. Hamiləlik dövründə biotin çatışmazlığının teratogen ola biləcəyinə dair narahatlıqlar var və bəzi ekspertlər hamilə qadınlar tərəfindən qəbul edilən qidada biotinin miqdarının daha çox olmasını məsləhət görürlər. Kifayət qədər biotin olmayan və ya hipoallergen süni qarışıqlarla qidalanan körpələrdə də biotin çatışmazlığı müşahidə edilə bilər. Uzun müddətli peroral  antibiotik müalicəsi biotin istehsal edən bağırsaq florasını məhv edir. Bağırsaqların iltihabı xəstəlikləri olan insanlar da bağırsaqlarda biotinin malarbsorbsiyası nəticəsində biotin çatışmazlığı riskinə məruz qalırlar. Lakin kəskin biotin çatışmazlığı əsasən biotin homeostazında iştirak edən fermentlərin (məsələn, biotinidaza) çatışmazlığının nəticəsidir. Biotinidaza  defisiti (BTD) autosom - resessiv tipli olub və təxminən 60 000 doğulan uşağın 1-də rast gəlinir. Qiymətləndirməyə görə  120 nəfərdən 1-i bu vəziyyətə görə heteroziqotdur. Fermentlərin çatışmazlığı dərəcəsi fərqli ola bilər. Kəskin biotinidaza çatışmazlığı olan insanlarda  fermentin səviyyəsi normanın 10% - dən aşağıdır, biotinidazın qismən çatışmazlığı olan insanlarda isə fermentin səviyyəsi normanın 10-30% - i arasındadır.

Biotin metabolizminə təsir göstərən müəyyən genetik qüsurları olan xəstələrdə də biotin çatışmazlığının klinik görünüşü müşahidə olunur. Lakin biotin çatışmazlığı təzahürlərinin inkişafına cavabdeh olan bütün mexanizmlər  hələ tam müəyyənləşdirilməyib.

Biotin çatışmazlığının əlamətləri və simptomları hər yaşda olan insanlarda inkişaf edə bilər. Erkən aşkarlanma və biotin müalicəsi ilə biotin çatışmazlığının bir çox simptomları və əlamətləri aradan qalxır. Bu səbəbdən ABŞ və bir çox digər ölkələrdə yeni doğulmuş körpələrin skrininqi həmçinin BTD çatışmazlığı testlərini də əhatə edir.

Vaxtında aşkar və müalicə edilmədikdə ağır biotin çatışmazlığı zamanı görmə və eşitmə problemləri, inkişaf gecikmələri və koqnitiv pozuntular baş verə bilər. Xəstələrdə anomal dəri və saç dəyişiklikləri, metabolik və nevroloji dəyişikliklər ola bilər. Biotinin qismən çatışmazlığı olan şəxslərdə simptomlar adətən yalnız stress dövrlərində, məsələn infeksiyalar zamanı baş verir.

Biotinidazanın dərin çatışmazlığı olan insanların əksəriyyətində simptomlar erkən körpəlikdə (3,5 aylarında) inkişaf edir; lakin bəzilərində o artıq həyatın birinci həftəsindən sonra inkişaf edə bilər, başqalarında isə yeniyetməlik yaşınadək asimptomatik qala bilər.

Etiologiyasından asılı olmayaraq biotin çatışmazlığının klinik təzahürləri oxşardır. Ancaq simptomların başlama vaxtı, inkişaf sürəti ağırlıq dərəcəsi və ardıcıllığı çox fərqlənə bilər.

İlk simptomlar adətən dəri və saçlar ilə əlaqəli olur:

- quru dəri

- konyuktivit

- seboreyalı dermatit

- göbələk infeksiyaları, xüsusilə kandidoz

- göz, burun, ağız  ətrafında və aralıq nahiyyəsində pullu, qırmızı səpkilər

- nazik və kövrək saçlar

- kövrək dırnaqlar

- saç tökülməsi və ya tam alopesiya

Əgər diaqnoz qoyulmazsa və müalicə edilməzsə, nevroloji simptomlar inkişaf etməyə başlayır. Ən tez-tez rast gəlinən nevroloji dəyişikliklərə aşağıdakılar daxildir:

- əzələ hipotoniyası

- motorika zəifliyi

- halsızlıq

- ataksiya

- görmə sinirinin atrofiyası, görmə qabiliyyətinin azalması

- neyrosensor eşitmə qüsuru

- yüngül depressiya, bəzən güclü yorğunluq hissi və yuxululuq , ağır hallarda hətta koma

- psixi statusda dəyişikliklər

- əzələ ağrıları (mialgiya)

- halüsinasiyalar

- hiperesteziya və paresteziya

- qıcolmalar (adətən mioklonik, generalizəolunmuş və fokal, eləcə də uşaq spazmları)

- proqressiv spastik parez və miyelopatiya

- görmə sinirinin atrofiyası

- neyrosensor eşitmə problemləri ( biotinidazanın kəskin çatışmazlığı olan körpələrin75% - də inkişaf edə bilər)

Həmçinin mədə-bağırsaq pozuntusu inkişaf edir. Ən çox aşağıdakı simptomlar müşahidə olunur:

- ürəkbulanma

- qusma

- anoreksiya

Tənəffüs simptomları:

- stridor

- apnoe

- hiperventilyasiya

Metabolik problemlər:

- asiduriya

- asidoz

- yüngül hiperammoniemiya  

Sağlam insanlarda qan zərdabında biotinin səviyyəsi 133-329 pmol / l təşkil edir, sidiklə biotinin ekskresiyası isə 18-127 nmol / 24 saat təşkil edir. Biotin və onun katabolitlərinin sidiklə ekskresiyasının azalması biotin çatışmazlığının erkən əlamətidir .

Biotin çatışmazlığı olan xəstənin müalicəsi zamanı etiologiya  nəzərə alınmalıdır. Vitamin çatışmazlığı genetik xəstəliklərlə əlaqədardırsa, genetik məsləhətləşmə  tələb olunur. Yenidoğulmuşların müayinəsində biotinidaz çatışmazlığı aşkar edilə bilər.

Biotin çatışmazlığı olan xəstələrə tibbi yardımın göstərilməsinin ən vacib aspektlərinə vəziyyətin erkən tanınması və oral yolla gündə 5-10 mq biotin ilə müalicənin  başlaması daxildir. Bəzi mütəxəssislər cinsi yetkinlik dövrünün başlanğıcında dozanı gündə 15-20 mq-a qədər artırmağı təklif edirlər. Qismən çatışmazlığı olan uşaqlara adətən gündə 1-5 mq biotin təyin olunu. Biotin metabolizminə təsir edən genetik xəstəliklərin diaqnozu olan insanlar üçün biotin ilə ömürlük müalicə tələb olunur. Biotin çatışmazlığı riski olanlara (hamilə və ya süd verən analar, həddindən artıq miqdarda yumurta ağı, uzun müddət antibiotiklər və ya qıcolma əleyhinə preparatlar qədul edənlər) zəruri hallarda biotin əlavələri təklif edilməlidir. Biotin əlavələri dəri, saç və dırnaqların sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilir. Biotinin yüksək dozalarının müəyyən nevroloji vəziyyətlərdə (məsələn, dağınıq skleroz ) kömək etdiyi aşkar edilmişdir. Bilmək vacibdir ki, biotin əlavələrinin qəbulu müəyyən laboratoriya testlərinə mane ola bilər. Bu isə yanlış müsbət və ya yanlış mənfi nəticələrə gətirib çıxara bilər.

 

Mənbə

https://emedicine.medscape.com/article/984803-workup#c4

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Süd dişi çəkimi

Süd dişləri çəkilməlidirmi?

Süd dişləri aşağıdakı hallarda çəkilə bilər:

- periodontal yararsız dişlər;

- müalicəyə yararlı olmayacaq qədər çürük dişlər;

- daimi dişin çıxmasına maneə törədən süd dişləri;

- ortodontik səbəblər;

- restovrasiya edilə bilməyəcək qırıq dişlər;

- gömülü dişlər;

- iltihablı və ya lezyonlu dişlər;

- endodontik müalicə edilə bilməyəcək dişlər.

Həkim dişin çəkiminə qərar verdikdən sonra adətənradyoqrafik müayinə edilir, uşağa bütün prosedur izah edilir.

Süd dişləri də mütləq şəkildə lokal anesteziya altında yəni, keyidilərək çəkilməlidir. Cəmiyyət arasında süd dişinin kökü yoxdur düşüncələri olsada, süd dişlərinin kökü vardır. Sadəcə çoxmobil oynayan dişlər və ya qırılıb qalan kiçik parçalar gel vasitəsiilə çəkilə bilər. Digər bütün hallarda mütləq anestetik istifadəedilməlidir. Diş keyidildikdən sonra uşağa alətlərin funksiyasınıonu qorxutmadan izah etmək lazımdır və mümkün qədər incəhərəkətlərlə diş ağız boşluğundan uzaqlaşdırılmalıdır.

Çəkim sonrası mütləq diqqət edilməli qaydalar:

- uşaq və ailəsinə ətraflı məlumatlar verilməli, keyləşdiricinintəsiri keçmədən yemək yeyilməməlidir (yanaq və ya digəryumuşaq toxumalar dişlənilsə ciddi travmalara səbəb ola bilər);

- qüvvətli qarqara edilməməlidir;

- uşaqlara tüpürməmək lazım olduğu öyrədilməlidir;

- biraz ağrı, bəzi hallarda isə şişkinliyin olması normal qəbuledilməlidir;

- gün ərzində həddindən artıq isti və ya soyuq qidalanmaolmamalıdır;

- çərəz, popcorn kimi xırda və çəkim nahiyəsinə dola biləcəkqidalardan istifadə edilməməlidir;

- mütləq həmin nahiyə təmiz saxlanılmalı, fırçalanmaya nəzarətedilməlidir;

- süd dişlərinin vaxtından əvvəl çəkilməsi zamanı lazım olan hallarda yer tutucudan istifadə edilməlidir.

Yertutucunun istifadə səbəbləri:

- mövcüd diş düzümünü qorumaq;

- erkən çəkimlərdə dişlərin əyilməsinin qarşısını almaq;

- bəzən estetik, fonetik səbəblərlə yaranacaq problemləri ortadan qaldırmaq. 

Adətən çəkilən dişin sayına və pozisiyasına uyğun yer tutucu növü seçilir. Əsas 2 yer tutucu növü var: sabit yəni hərəkətsiz vəhərəkətli yer tutucular (bunlar bəzən ortodontik səbəblə də istifadəedilir). Əgər daimi dişin üzərində 1 mm-dən az sümük qalıbsa vədaimi dişin çıxmağına 6-9 ay varsa yer tutucu istifadəsinə ehtiyacyoxdur. 

Diş çəkimi sonrası 6 aylıq periodlarla müayinə şərtdir. Bu hallarda uşağın gigiyenası, yer tutucuda aşınma və ya toxumadairritasiya olub olmadığı dəyərləndirilməlidir. Təbii ki altdaki daimi dişin pozisyasına da baxılmalıdır.

 

Nəzrin Rəsulzadə

Həkim-stomatoloq

Süd dişləri niyə tez çürüyür?

Süd dişlərinin mina qatı daha incə olduğu üçün xırda bir kariyes belə sürətli irəliləyə bilir. Bu səbəblə periodik müayinələr şərtdir.Kiçik yaşlarda fırçalamaya nəzarət çətin olur, ana südü ilə qidalanma,paketli və şəkərli qidanın çox istifadəsi və s. faktorlar dişlərə təsir edir. Bu səbəblə  “nöqtə” ölçüsündə olsa belə kariyesi vaxtında müalicə etməyi tövsiyə edirik. Belə hallarda sadəcə plomb müalicəsi etsək də, kariyes dərinləşdikcə müalicə kompleksləşir.

Süd dişi ağrıyırsa nə edilməlidir?

Süd dişi ağrı verməyə başlayıbsa artıq müalicə üçün bir qədər gecikildiyini göstərir. Öncəliklə ağrıkəsici verilməli, həkimdən mütləq şəkildə randevu alınmalı və randevuya gedənə qədər tez-tez dişlər fırçalanmalı, həmin nahiyədə qida qalığı qalmamasına diqqət göstərilməlidir.

Bu dişə hansı müalicə metodunun tətbiq ediləcəyinə isə stomatoloq qərar verir. Diş ağrı verirsə əksər hallarda süd dişi kanal müalicəsi məsləhət görülür. Bir çox analar fikirləşir ki, süd dişlərinin siniri yoxdur. Lakin bu belə deyil. Süd dişlərinin də siniri var və bu sinirin daimi dişin siniri ilə heç bir əlaqəsi yoxdur.

Uşaq stomatoloqları süd dişlərinin vaxtından öncə çəkilməsini çox tövsiyə etmirlər. Lakin bu o demək deyil ki, heç bir süd dişi çəkilməməlidir. Əgər diş iltihablanıbsa, təkrarlayan infeksiya mənbəyivarsa, dişin tacı restovrasiyaya uyğun deyilsə (yəni plomb və ya süd dişləri üçün hazırlanan xüsusi qapaqlar qoyula bilmirsə) bu hallarda dişin çəkimi daha uyğundur.

Hal-hazırda uşaq stomatologiyasının ayrılmaz bir parçası da paslanmaz qapaqlar, bioflex və zirkon qapaqlardır. Artıq süd dişləri üçün də kifayət qədər keyfiyyətli materiallardan hazır qapaqlar istehsal olunur və ən böyük avantajları ölçü almağa ehtiyacın olmamasıdır. Prefabrik olduqları üçün birbaşa tətbiq edilə bilirlər. Bu qapaqlar fiziki qüvvətlərə qarşı kompozit plomblardan daha davamlıdırlar və heç bir toksiklikləri yoxdur. Böyük kariyesli dişlərdə xüsusilə kanal müalicəsi zamanı dişlərdə bu qapaqların istifadəsi əvəzolunmazdır.

Bəzən valideynlərdə belə bir sual yaranır, onsuzda süd dişləridüşəcəksə niyə qapaqdan istifadə edirik? Çünki süd azı dişləri 8-10yaşında dəyişir və o yaşa qədər ağız içində sağlam şəkildə qalması daimi dişlərin düzgün çıxması üçün olduqca vacibdir.

 

Nəzrin Rəsulzadə

Həkim-stomatoloq

Ekran qarşısında göz yorğunluğu

 

Arzuolunmaz olsa da, bir çox uşaqlar vaxtlarının çox hissəsini(xüsusilə karantin dövründə) rəqəmsal cihazlar qarşısında keçirirlər. Bu, uşaqlarda göz yorğunluğuna səbəb olur. Ekrana saatlarla baxdıqda göz yorğunluğu, görmənin zəifləməsi və göz quruluğu kimi problemlər yaranır. Bəs bu cür hallarda nə etməli?

• Ekran qarşısında zaman keçirərkən yuxuya getməsinə,yaxud fiziki aktivliyə mane olmayın;

• yuxu çatışmazlığı göz yorğunluğunun əsas səbəbidir. Yataq otağında elektron avadanlıqları açıq saxlamayın. Ekranın mavi rəngi, yuxuya getmə prosesinə mənfi təsir göstərir.Yuxudan 1 saat əvvəl cihazı söndürmək yetərlidir;

• fiziki aktivlik uşağı elektron cihazlardan uzaqlaşdırır. Açıq havada oyunlar gözün daha yaxşı görməsinə müsbət təsir göstərir; 

• mütəmadi olaraq gözü ekran, yaxud monitordan çəkərək fasilə vermək, uzaq və yaxına baxmaqla göz gimnastikası etmək faydalıdır;

• tez-tez göz qırpmaq göz quruluğunun qarşısını almağa kömək edir. Bu da fayda vermirsə, göz damcılarından istifadə etmək məsləhətdir;

• ekranı düzgün yerləşdirmək də göz sağlamlığı baxımından əhəmiyyətlidir. Belə ki, şüanın birbaşa gözə təsir etməməsi üçün kompüter ekranı göz səviyyəsindən aşağı və müəyyən dərəcə maili olmalıdır. Smartfonlar gözdən təxminən 30 sm, masaüstü kompüterlər 60 sm, televizor isə 3 m məsafədə olmalıdır;  

• işıqlanmaya da diqqət edilməlidir. Yəni ekrana pəncərədən, yaxud lampadan işıq düşməməlidir. Ekranın işıqlanması azaldılmalıdır;

• mütəmadi göz müayinəsindən keçmək də vacib şərtlərdəndir. 

 

Əliyeva Vüsalə

Pediatr, UNİCEF-in milli təlimçisi

Uşaqlarda qəbizlik

Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı çətinliklə baş verirsə və ya ağrılı olursa, bu zaman qəbizliyin olması barədə düşünmək lazımdır. Qəbizlik zamanı bəzən defekasiya tezliyi normal olsa da, defekasiya zamanı bərk nəcis xaric edilir. 

Uşaqlarda qəbizlik nədən yaranır?

• Qidalanma rejiminin pozulması, fiziki aktivliyin az olması funksional qəbizlik törədə bilər. Bu, uşaqlarda qəbizliyin ən çox rast gəlinən səbəbləridir. Kiçik uşaqlarda qəbizlik rasionda bərk məhsullar və sıyığın çoxluq təşkil etməsi, böyük  yaşlı uşaqlarda qida lifləri ilə bol olan meyvə və tərəvəzlərin az yeyilməsi səbəbindən meydana çıxır.Həmçinin qeyri-adekvat su rejimi də nəcis ifrazının ləngiməsinə yol açır. 

• Keçib gedən qəbizlik bədən temperaturunun yüksəlməsi, nəcis ifrazını zəiflədən qidaların qəbul edilməsi, su rejiminin pozulması, bir sıra dərman maddələrinin qəbuluzamanı meydana çıxır.

• Mədə-bağırsaq, mərkəzi və periferik sinir sistemlərinin müxtəlif mənşəli xəstəlikləri, qurd xəstəlikləri, anemiya, endokrin xəstəliklər, mübadilə pozulmaları zamanı mədə-bağırsaq traktının fəaliyyəti pozula bilər.

• Qəbizlik bağırsaq infeksiyalarından, antibiotik müalicəsindən sonra və digər səbəblərdən bağırsaq mikroflorasının pozulması ilə əlaqədar ola bilər.

• Psixogen amillər nəcis ifrazının ləngiməsinə səbəb ola bilər.Uşağı güvəcə (qorşoka) öyrəşdirmə mərhələsində valideynlərin səbrsiz davranması hər defekasiya aktınıstresli edə bilər. Uşaq qeyri-iradi olaraq nəcis ifrazını ləngidər. Uşaq bağçasında güvəcə oturmaqdan utanmaq, məktəbdə tualetə getməklə bağlı narahatlıqlar xüsusən kiçikyaşlı uşaqlarda zamanla defeksiya çağırışlarını azaldaraq qəbizlik törədir. Vaxtında tədbir görülmədikdə bu,gələcəkdə ciddi psixoloji problemlərə də səbəb ola bilər.   

• Qəbizlik bağırsaqların anadangəlmə inkişaf anomaliyaları(məsələn, Hirşprunq xəstəliyi), düz bağırsaq xəstəlikləri (proktit, paraproktit, düz bağırsağın çatları) ilə əlaqədar ola bilər.

• Qida allergiyası bağırsağın divarlarımı zədələyərək nəcis ifrazını zəiflədə blər. 

Uşaqlarda qəbizliyin əlamətləri hansılardır?

• Nəcis düz bağırsaqda çox qaldıqda təkibində olan suyu itirir, nəticədə defekasiya zamanı quru, kələ-kötür, silindr formalı nəcis xaric olur. Quru nəcis düz bağırsağı zədələdiyindən defekasiya zamanı uşaq ağlamağa başlayır. Lakin kiçik uşaqlar çox vaxt qarınlarının onları narahat etdiyini valideynlərinə izah edə bilmirlər. Bu səbəbdən analar uşağın nəcis ifrazının müntəzəm olmasına və nəcisin xarakterinə hər zaman diqqət yetirməlidirlər.

• Uşaqlarda nəcisin tezliyi dəyişkəndir. 2 yaşına kimi defekasiyaların sayı gündə 3 dəfədən bir neçə gündə 1 dəfəyə qədər dəyişə bilər. İki yaşdan sonra defekasiyaların sayı adətən gündə 1-2 dəfə olur. Hər bir valideyn körpəsinin  hansı tezliklə tualetə getdiyini bilir. 6 ayadək uşaqlarda nəcis çox yumşaq, daha sonra formalaşmış konsistensiyalı olur. Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə bir neçə dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir, lakin uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri xarici görünüşcə normaya uyğundursa, bunu normal hal hesab etmək olar. Nəcis kütlələri çox bərk konsistensiyaya malik olduqda nəcisdə qan izlərini görmək mümkündür. Bu, düz bağırsaqda çatların mövcudluğunu göstərir.

Qəbizlik zamanı nəcis ifrazının ləngiməsi ilə yanaşı uşaqda digər əlamətlər də ola bilər :

• ümumi narahatlıq, tez yorulma

• oyanıqlıq, əsəbilik, yuxu pozuntuları

• baş ağrıları, başgicəllənmə

• diqqətsizlik, qavramanın və yaddaşın pozulması

• ürəkbulanma

• iştahanın azalması

• ağızdan xoşagəlməz iyin gəlməsi, dilin üzərinin ərpli olması

• dərinin quru olması, saçın və dırnaqların qırılması

Qəbizlik təhlükəlidirmi?

Qəbizlik adətən kəskin gedişli olub, bir neçə gün davam edir. Bəzən isə bu, xroniki hal alıb, uzun illərlə davam edə bilər. Xüsusən uzun müddət davam etdikdə qəbizlik çox xoşagəlməz ağır nəticələr verə bilər:

• Uşaqda qəbizlik nəticəsində faydalı vitaminlər və mikroelementlər zəif şəkildə sorulur ki, bu da anemiyaya, immunitetin zəifləməsinə səbəb ola bilər.

• Bağırsaqda qalan nəcis kütləsi ilə bədəni zəhərləməsi ürəkbulanma və qusmaya gətirib çıxarır.

• Uzun müddət müalicə olunmadan davam edən qəbizlik uşaqlarda hemorroy, düz bağırsaq çatları, bağırsaq keçməzliyi, bağırsaq qanaxmaları, paraproktit, enkoprez, nadir hallarda yoğun bağırsağın şişi ilə ağırlaşa bilər. 

Qəbizlik zamanı nə etmək lazımdır? 

Qəbizliyin səbəbi və forması müxtəlif olduğuna görə özbaşına müalicə yolverilməzdir və mütləq həkimə müraciət edilməlidir. Müalicə zamanı və sonra qida rejimi və pəhrizə, fiziki aktivliyə diqqət yetirilməli, stres faktorları aradan qaldırılmalıdır. 

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Ortodontiya

Son dönəmlərdə müasir stomatologiyanın ayrılmaz hissəsi ortodontiya hesab olunur. İrəlidə ortodontik müalicələrə ehtiyac olmaması üçün qarışıq dişlənmədönəmində ortodont müayinəsi şərtdir.

İlk müayinə təxminən 6-7 yaşlarda aparılır. Erkənmüdaxiləyə ehtiyac olacaq bir anomaliya olub olmadığına baxılır. Ən çox müalicəyə ehtiyac olan vəziyyətlər klass 3 anomaliya dediyimiz alt çənənin öndə olduğu anomaliyalardır. Əgər müayinə vaxtı skeletə bağlı problem yoxdursa, sadəcə dişlərə bağlı problemdirsə, el arasında “plastinka” deyilən aparatlardan istifadə edirik. Hərəkətliaparatlarla əldə edilən hərəkət tipi əyilmə hərəkətidir. Əldəedilən yer dəyişdirmə miqdarının bir qismi böyümə, bir qismiisə diş hərəkətləri ilə gerçəkləşir. Bu səbəblə erkən müalicəbu dövrdə çox vacibdir. Digər bir üstünlük isə bu müalicəyaşındakı uşaqların müalicəyə daha məsuliyyətliyanaşmasıdır. İlk zamanlar danışıq və istifadədə çətinlik olsa da, adaptasiya müddətindən sonra bu ortadan qalxır. Aparatlar adətən hər ay müayinə edilməlidir, əgəruyğunsuzluq və ya deformasiya varsa ortadan qaldırılmalıdır. Qidalanma zamanı aparatlar çıxarılmalıdır. Məcunsuz bir diş fırçası köməkliyi ilə mütləq təmizlənməlidir.

Ön açıq qapanış: adətən barmaq, dodaq, əmzikəmməyə bağlı yaranır. Açıq qapanış olduğu üçün kariyesyaranma ehtimalı da çox olur.

Ön çapraz qapanış: skeletə bağlı, üst çənənin kifayətetməyəcək qədər inkişafı və böyük alt çənə ilə bağlı olur.

​Dişə bağlı: kəsici diş, ya da dişlərin anormal sürməistiqamətinə, ya da erkən təmas nəticəsində funksionalsürüşməyə bağlı ortaya çıxır. 

Bu problemlərdə öncə problemin hansı səbəbləyarandığı ortaya çıxarılmalı, sonrasında isə ona uyğunmüalicə aparılmalıdır.

Yer darlığı

Bu hallarda isə adətən sürətli genişlətmə aparatı dediyimiz aparatlar istifadə edilir.

 

Nəzrin Rəsulzadə

Həkim-stomatoloq

Uşaqlarda ağız gigiyenası

Uşaqların nə zaman dişlərini fırçalamalıyıq?

Bəzən bizə böyük yaşlı uşaqların valideynləri - pasientlər yaxınlaşır və valideynlərdən əksər hallarda bu sözləri eşidirik: “Doktor biz dişlərimizi yeni fırçalamağa başlamışıq”. Bu doğru deyilvə təəssüf ki, bizim ölkəmizdə uşaqların ilk stomatoloqa getmə yaşı təxmini olaraq 4-5 olduğu üçün bu period gecikilmiş sayılır.

Ümumiyyətlə, körpələrin hələ süd dişləri çıxmadan hər qidalanma sonrası təmiz tənziflə ağız boşluğu, damağı silinməlidir. İlk dişlər çıxdıqdan sonra isə dişlər barmaq fırça ilə fırçalanmalı, 0-3 yaş üçün uyğun məcunlardan istifadə edilməlidir. 1 yaş sonrası üçün fırça tükcükləri sıx olan və 0-3 yaşa uyğun soft fırçalar seçilə bilər.

6 ay və 1 yaş periodunda, əgər gecə qidalanması hələ də davam edirsə sonraki yaş periodlarında da hər qidalanma sonrası dişlər təmizlənməlidir. Xüsusilə südəmər körpələrdə qarşılaşdığımız “əmzik kariyesi” deyilən bir kariyes növü vardır və çox valideynlərin ən çox şikayət etdiyi kariyes növüdür: “Doktor bizim uşağın dişləri çıxar çıxmaz çürüdü ya da elə qara çıxdı”. Əslində isə bu dişlər “qara” çıxmır. Sadəcə kifayət qədər yaxşı gigiyena olmadıqda çürümə prosesi sürətlənir. Səbəbi isə gecə qidalanması və ana südü ya da ana südü əvəzedici süd tərkibli qidalardır. Gecə qidalanmasından sonra körpə yuxuya getdiyi üçün ana kifayət qədər təmizliyə nəzarət edə bilmir.Ana südünün və ya əvəzedici qidanın tərkibindəki süd şəkəri yəni laktoza dişin emalına yəni mina qatına yapışaraq deminerilizasiyaya səbəb olur. Bu səbəblə ilk çıxan mərkəzi dişlərdə adətən ovulma,qırılma kimi hallarla qarşılaşırıq.

Bəs körpəmizi necə bu kariyes növündən qoruya bilərik?

Gecə qidalanmasını minimuma endirərək, qidalanma sonrası mümkünsə fırçalama, tənziflə ağız boşluğunun silinməsi, qidalanma sonrası su qəbulu və s.

Bəs 3 yaşdan böyük uşaqlarda fırçalama necə olmalıdır?Təxminən 7-8 yaşına qədər valideyn nəzarətində fırçalama olmalıdır.Uşaqları sərbəst böyütsək də, təəssüf ki tək başına fırçalamaları kifayət etməyə bilər. Gündə ən az iki dəfə 2 dəqiqədən az olmayacaq şəkildə fırçalanma olmalıdır. Fırça bütün səthlərə təmas etməli,dişətindən dişin kənarlarına doğru süpürmə hərəkəti şəklində olmalıdır. Fırçanın tükcükləri bərabər ölçülərdə və medium yəni orta sərtlikdə olmalıdır.

Xüsusi ilə gecə fırçalaması bizim üçün çox önəmlidir. Gecə ağız boşluğunda qidalanma olmadığı üçün bakteriyalar üçün münbit şərait yaranır. Bu səbəblə gecə yatmadan öncə daha detallı firçalama şərtdir.

 

Nəzrin Rəsulzadə 

Həkim-stomatoloq

Uşaqlar ilk nə zaman stomatoloqa getməlidir?

Stomatoloqlar 1 yaşından etibarən bütün valideynlərə ildə iki dəfə övladlarını stomatoloq müayinəsinə aparmağı tövsiyə edirlər.Xüsusilə 2-3 yaş periodu süd dişlərinin sürməsinin tamamlandığı period, 5-6 yaş həm ilk daimi azıların çıxdığı, həm süd dişlərinin daimi dişlərlə əvəz olunması periodu, həm də çənə quruluşu üçün ilkin fikir formalaşması baxımından önəmlidir.

Uşaqları mümkünsə ilk müayinə üçün uşaq stomatoloqlara aparın. Həm fobiya yaranmaması, həm daha doğru yönləndirmə, həm daha dəqiq diaqnoz üçün bu şərtdir. Təəssüf ki, böyüklər üçün olan stomatoloqlara müraciət etdikdə rutin olaraq uşaq pasientlərləişləmədikləri üçün fərqli yanaşmalar olur. Eyni zamanda uşağa yanaşma uşaq stomatoloqlarındakı kimi ola bilmir, əksər hallardamüayinə kabineti də buna uyğun olmur.

Ölkəmizdə bu ixtisasda kifayət qədər mütəxəssisləşmiş uşaq müayinə qaydalarına uyğun şəkildə pasient qəbul edən həkimlərimiz var.

Müayinəyə getdikdə həkim uşağın yaşına uyğun məcun, fırça baxım məsləhətləri verir. Bəzən dişlərdə aşınma, kariyesə meyillilik çoxdursa lokal ftor tətbiq edir və ya preparat məsləhət görür.

Ftor zərərlidirmi?

Təəssüf ki, cəmiyyətdə ftora qarşı bir tərəddüd vardır. Lakin statistika və elmi araşdırmalar göstərir ki,1450ppm-i keçməyəcək dozda ftor istifadəsi kariyesin qarşısının alınmasında mühüm roloynayır. Əsasən 3 yaşdan böyük uşaqlarda ftor tərkibli məcunlarla diş fırçalamaq daha məqsədə uyğundur.

İlk müayinədə biz qidalanma ilə bağlı da məsləhətlər veririk.Məsələn paketli, şəkərli qidalar və ya qazlı içkilər tövsiyə etmirik.Qəbul ediləcəksə belə gündə bir dəfə tövsiyə edirik. Hər şəkərli qidalanma sonrası ağız içində ph dəyişdiyi üçün kariyes üçün əlverişli mühit yaranır. Mümkünsə bu qidalanmalardan sonra ya diş fırçalanmalı ya da su qəbulu olmalıdır.

Ara qidalanmalar sonrası pendir, kök, alma kimi ph neytrallaşdıran qida istifadəsi daha məqsədəuyğundur. Uşaqlarda ara qidalanmaları nə qədər minimumda tutsaq o qədər yaxşıdır. Xüsusi ilə karbonhidrat, şəkərli ara qidalanmalar sonrası təmizliyə riayət etmək çox çətindir.

Süd ilə qidalanan uşaqlarda isə ən çox qarşılaşdığımız problem əmziyin mürəbbə, bal kimi qidalara təmas etdirilərək istifadəsidir. Bu da yanlış addımlardan biridir, mümkün qədər əlavə şəkər təması olmamalıdır.

 

Nəzrin Rəsulzadə 

Həkim-stomatoloq