Uşaqlarda ağız gigiyenası

Uşaqların nə zaman dişlərini fırçalamalıyıq?

Bəzən bizə böyük yaşlı uşaqların valideynləri - pasientlər yaxınlaşır və valideynlərdən əksər hallarda bu sözləri eşidirik: “Doktor biz dişlərimizi yeni fırçalamağa başlamışıq”. Bu doğru deyilvə təəssüf ki, bizim ölkəmizdə uşaqların ilk stomatoloqa getmə yaşı təxmini olaraq 4-5 olduğu üçün bu period gecikilmiş sayılır.

Ümumiyyətlə, körpələrin hələ süd dişləri çıxmadan hər qidalanma sonrası təmiz tənziflə ağız boşluğu, damağı silinməlidir. İlk dişlər çıxdıqdan sonra isə dişlər barmaq fırça ilə fırçalanmalı, 0-3 yaş üçün uyğun məcunlardan istifadə edilməlidir. 1 yaş sonrası üçün fırça tükcükləri sıx olan və 0-3 yaşa uyğun soft fırçalar seçilə bilər.

6 ay və 1 yaş periodunda, əgər gecə qidalanması hələ də davam edirsə sonraki yaş periodlarında da hər qidalanma sonrası dişlər təmizlənməlidir. Xüsusilə südəmər körpələrdə qarşılaşdığımız “əmzik kariyesi” deyilən bir kariyes növü vardır və çox valideynlərin ən çox şikayət etdiyi kariyes növüdür: “Doktor bizim uşağın dişləri çıxar çıxmaz çürüdü ya da elə qara çıxdı”. Əslində isə bu dişlər “qara” çıxmır. Sadəcə kifayət qədər yaxşı gigiyena olmadıqda çürümə prosesi sürətlənir. Səbəbi isə gecə qidalanması və ana südü ya da ana südü əvəzedici süd tərkibli qidalardır. Gecə qidalanmasından sonra körpə yuxuya getdiyi üçün ana kifayət qədər təmizliyə nəzarət edə bilmir.Ana südünün və ya əvəzedici qidanın tərkibindəki süd şəkəri yəni laktoza dişin emalına yəni mina qatına yapışaraq deminerilizasiyaya səbəb olur. Bu səbəblə ilk çıxan mərkəzi dişlərdə adətən ovulma,qırılma kimi hallarla qarşılaşırıq.

Bəs körpəmizi necə bu kariyes növündən qoruya bilərik?

Gecə qidalanmasını minimuma endirərək, qidalanma sonrası mümkünsə fırçalama, tənziflə ağız boşluğunun silinməsi, qidalanma sonrası su qəbulu və s.

Bəs 3 yaşdan böyük uşaqlarda fırçalama necə olmalıdır?Təxminən 7-8 yaşına qədər valideyn nəzarətində fırçalama olmalıdır.Uşaqları sərbəst böyütsək də, təəssüf ki tək başına fırçalamaları kifayət etməyə bilər. Gündə ən az iki dəfə 2 dəqiqədən az olmayacaq şəkildə fırçalanma olmalıdır. Fırça bütün səthlərə təmas etməli,dişətindən dişin kənarlarına doğru süpürmə hərəkəti şəklində olmalıdır. Fırçanın tükcükləri bərabər ölçülərdə və medium yəni orta sərtlikdə olmalıdır.

Xüsusi ilə gecə fırçalaması bizim üçün çox önəmlidir. Gecə ağız boşluğunda qidalanma olmadığı üçün bakteriyalar üçün münbit şərait yaranır. Bu səbəblə gecə yatmadan öncə daha detallı firçalama şərtdir.

 

Nəzrin Rəsulzadə 

Həkim-stomatoloq