Fərqli inkişaf (0-8)

İnkişaf çətinliyi olan uşaqların daha çox anlaşılmağa, xüsusi qayğıya ehtiyacı var. “Fərqli inkişaf” bölməmiz məhz inkişaf çətinliyi olan uşaqların valideynlərinə yol göstərəcək məlumatlarla təmin edilib.

Məqalələr

Erkən autizm: əlamətləri və təsnifatı

Erkən uşaqlıqda autizm yaranma səbəbi hələ bilinməyən, çox yayılmış bir xəstəlik hesab olunur. Son illər hər 1000 uşağın 18-də autizm sindromu müşahidə edilir və bu sindrom əsasən oğlanlarda rast gəlir.

Autizm sosial uyğunlaşma, ünsiyyət və psixi pozuntularla xarakterizə olunur. 

Erkən autizmin əlamətləri 

Erkən autizm həyatın ilk illərində görünür və əlamətləri aşağıdakılardır:

  1. Uşaq çox nadir hallarda gülümsəyir;

  2. Kiçik stimullara qeyri-adekvat reaksiya verir (məsələn, işıq və ya az səs-küy onu çox qorxuda bilər);

  3. Uşağın nitqində ləngimə olur;

  4. Uşaq heç vaxt başqalarının gözünə baxmır, baxışını üzə yönəltmir;

  5. Uşaq anasına tamamilə bağlı olmur (ayrılanda ağlamır və görüşəndə gülmür);

  6. Uşaq digər uşaqlara qarşı aqressiv olur, onlarla oynamaq və ünsiyyət qurmaq istəmir;

  7. Uşaq yeni oyuncaqlara maraq göstərmir, yalnız biri ilə oynamağa üstünlük verir.

Erkən autizmin təsnifatı

Birinci qrup

Ətrafda baş verənlərdən tam kənarda qalma ilə xarakterizə olunur. Ünsiyyət qurarkən uşaq həddindən artıq narahatlıq keçirir. Hətta valideynlər də uşağından təbəssüm və ya baxış ala bilmirlər. Uşaq hətta aclıq və ya yaş bezlərinə məhəl qoymaya bilər. Göz və bədən təmasından çəkinir.

İkinci qrup

Ətraf mühitin aktiv şəkildə rədd edilməsi ilə xarakterizə olunur. Uşaq xarici dünya ilə əlaqələrində çox seçicidir, yalnız valideynlər və yaxınları ilə ünsiyyətdədir. Bir paltara, müəyyən bir mühitə və yeməyə alışqan olur. Adi mühitdən hər hansı bir kanarlaşma sinir sisteminin pozulmasına səbəb olur. Çox vaxt qorxu hissi keçirir və ətrafdakına aqressiya ilə reaksiya verir.

Üçüncü qrup

Uşaq öz maraqlarından kənara çıxmayaraq, ətraf mühitdən gizlənməyə çalışır. Bu maraqlar məlumatverici deyil, kədərli, qəmgin, qorxuducu, aqressivdir. Uşaq illərlə eyni mövzuda danışır, eyni süjet çəkir.

Dördüncü qrup

Uşağın ətraf mühitlə qarşılıqlı əlaqəsi olduqca çətin olması ilə xarakterizə olunur. Bu, autizmin ən yüngül formasıdı. Bu qrupdakı uşaqlar çox həssas olur, hər hansı bir nöqsan və ya maneə hiss edərsə, əlaqələri kəsirlər, başqalarının fikirlərindən asılı olur.

Erkən uşaqlıq autizmi sindromu yalnız uşaqlığın problemi deyil, həm də yetkinlik dövrün problemidir, çünki autizm müalicə olunmur və illərlə heç yerə getmir. Ancaq bu xəstəliyin erkən diaqnozu və korreksiyası autizmli uşaqların ətraf mühitə və cəmiyyətə uyğunlaşmasına kömək edir.

 

İnkişaf çətinliyi olan bir uşağa valideynlik etmək

Əlilliyi olan uşaq – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki zədələr nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

Sağlamlıq imkanları məhdud olan uşaq – öz həmyaşıdları ilə müqayisədə inkişaflarında geriqalma və ya hərəki, qavrama (koqnitiv), kommunikativ, sensor və başqa funksiyaların pozulması aşkar olunan şəxsdir.

Əlilliyi olan uşaqları böyüdən valideynlər digər uşaqların valideynlərinə nisbətən daha çətin şərtlərlə üzləşirlər. Bundan başqa, valideynlərin məlumata və maariflənməyə daha çox ehtiyacı var. Onlar davamlı olaraq uşağın fərqli olmasından yaranan stereotiplərlə mübarizə aparır və uşağın gələcəyinin çətin olmasından narahatlıq keçirirlər. 

Ümumiyyətlə, altı uşaqdan biri inkişaf çətinliyi ilə qarşılaşır. Ailə vaxtını daha çox inkişaf çətinliyi olan uşağa sərf edir. Uşaq böyüdükcə valideynlik öhdəlikləri də artır. Yeni öhdəliklər valideynlərin yaranmış vəziyyətə uyğunlaşmasını tələb edir. Bu uyğunlaşma prosesin dörd mərhələdə baş verə bilər. Bu mərhələlər bir-birini izləyə, yaxud üst-üstə düşə bilər, hətta valideynlər daha əvvəlki mərhələlərə qayıda bilərlər. Bu, dinamik bir prosesdir. Valideynlərə göstərilən dəstək ailə həyatının psixososial sabitliyinə əhəmiyyətli dərəcədə töhfə verə bilər, cəmiyyətdə daha fəal iştirak etmələrinə kömək edə bilər və uşaq üçün daha çox stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər.

Birinci  mərhələ. valideynlər bir uşağın inkişafının risk  altında olduğunu, yəni uşağın əlilliyi və ya inkişaf çətinliyi olduğunu başa düşdükdə başlayır. Bu an çox vaxt valideynlərin yaddaşına daimi həkk olunur. Uyğunlaşmanın bütün ilk mərhələsi güclü çarəsizlik və öz həyatlarına nəzarət itkisi ilə xarakterizə olunur. Valideynlər  bilməlidirlər  ki, onlar da özlərinə qayğı göstərməlidirlər. Ancaq bir çox hallarda valideynlər özlərinin və digər ailə üzvlərinin ehtiyaclarını arxa plana atırlar.

İkinci mərhələ - həyatın planlaşdırıldığından fərqli olacağını dərk edib qəbul etdikdə başlayır. Bu mərhələdə valideynlər iki məsələnin axtarışında olurlar: diaqnoz və müalicə. Bu mərhələdə valideynlər kömək istəməkdə çox aktiv olurlar. Onlar tək qalsalar, bu dövr həm maddi, həm də zehni olaraq onlar üçün çox yorucu ola bilər.  Bu, çətin bir dövrdür, çünki valideynlər cavabını tapa bilmədikləri bir sıra suallarla qarşılaşırlar. Onlar depressiya və narahatlıq keçirə bilər, həmçinin valideynlik rollarında özlərini səriştəsiz hiss edə bilərlər. Cavab tapmaq üçün böyük bir fərdi inkişaf yolu keçirlər. Onlar sosial xidmətlərin inkişafını stimullaşdıran təsirə çevrilə bilirlər. Uşaqların gələcəyi üçün elm və texnikanın da imkanlarını aşkar edirlər. Axtarış heç vaxt tamamilə dayanmır və davamlı olaraq valideynlərə yeni enerji və ümid verir.

Bu uyğunlaşma prosesində əldə olunan üçüncü mərhələ  “yerləşmə” adlanır. Bu mərhələdə valideynlər yeni bacarıq və yeni anlayışlar qazandıqlarını və çox şeyləri yeni bir şəkildə başa düşdüklərini öyrənirlər. Özlərini daha inamlı və qətiyyətli hiss edir və problemlərin həlli yollarını bilirlər. 

Dördüncü mərhələ ayrılma prosesi, yəni sərbəstlik qazanmadır. Ayrılma bir anda baş verməyən normal bir prosesdir. Bu, doğuşdan başlayır və hər gün kiçik addımlarla davam edir. Valideynlər övladlarının müstəqil olmalarına kömək etmək üçün xüsusi səy göstərirlər. .

Depressiya və ümidsizlik səbəbindən ana və atanın bir-birilərini, yaxud özlərini qınaması diqqəti uşağın problemlərindən yayındıra bilər. Ancaq reallığı qəbul edərək birgə səy göstərməklə bir çox çətinliyin öhdəsindən gəlmək mümkündür.

Uşağa mümkün qədər erkən diaqnoz qoyulmalı və lazımi erkən müdaxilə tədbirləri görülməlidir. Bu tədbirlərə tibbi və sosial xidmətlərlə yanaşı, ailənin və cəmiyyətin dəstəyi də daxildir. Bunun üçün valideynlər geniş axtarışda olmalı, aidiyyəti qurumlara çıxış əldə etməli və çevrəni problem barədə məlumatlandıraraq onlardan dəstək almalıdır. Bu unudulmamalıdır ki, əlilliyi olan uşaqlar da digər bütün uşaqlar kimi lazımi şərait və xidmətlər təmin edildiyi halda öz potensiallarını inkişaf etdirə bilərlər. Buna nail olmaq üçün isə əsas diqqəti əlilliyi olan uşaqların güclü tərəflərinə yönəltməli və onun inkişafı üçün lazımi mühit və imkanlar yaradılmalıdır.

 

Mənbələr

  1. Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait

  2. UNICEF, “Fərqli inkişaf edən uşaqlar. Əlil və ya inkişaf çətinlikləri olan uşaqlar”



 

Hərəkət xəstəliyi (kinetoz)

Hərəkət xəstəliyi (kinetoz) nədir?

Bəzi uşaqlar nəqliyyatda, karusellərdə və ya attraksionlarda olarkən özlərini pis hiss edirlər. Buna kinetoz, yəni hərəkət xəstəliyi və ya “dəniz xəstəliyi” deyilir. Daha dəqiq desək, kinetoz bədənin qeyri-adi bir hərəkətə patoloji reaksiyasıdır.

 

Kinetozun səbəbləri nədir?

Kinetoz və ya hərəkət xəstəliyi vestibulyar aparatın funksiyasının pozulması ilə əlaqəlidir. Vestibulyar aparat başın və bədənin vəziyyətinin dəyişməsindən asılı olaraq müvazinəti bərpa edən orqan olub, məkanda düzgün oriyentasiyanı təmin edir. Avtomobildə, təyyarədə, gəmidə, attraksionlarda hərəkət vestibulyar aparatın həddindən artıq qıcıqlanmasına gətirib çıxarır və beyin ətrafdakı məkanla bağlı fərqli, ziddiyyətli məlumatlar alır. Bu, bəzi uşaqlarda vestibulyar aparatın işini ciddi şəkildə pozur.

Hərəkət xəstəliyinin meydana cıxmasında vestibulyar sistemin genetik xüsusiyyətləri, uşağın ümumi sağlamlığı və yaşı  rol oynayır. Qulaq, göz, burun, boğaz, boyun, baş və mədə-bağırsaq traktının iltihabi xəstəlikləri olan uşaqlarda daha çox rast gəlinir. Bəzi qoxular (hərəkət edən nəqliyyat vasitələrində olan qoxu, siqaret, alkoqol və digər maddələrin, məsələn, sərnişin bölmələrində asılmış hava təravətləndiricilərinin qoxusu), səslər, nəqliyyatda zəif ventilyasiya və havasızlıq, isti hava, mənfi duyğular (uçarkən qorxu, əsəb, həyəcan hissi və ya narahatlıq, depressiya) hərəkət xəstəliyinin təzahürlərini əhəmiyyətli dərəcədə artıra bilər. 

 

Hərəkət xəstəliyi hansı yaşda daha çox rast gəlinir?

Vestibulyar aparatın yalnız 12-16 yaşlarında funksional cəhətcə tam yetişməsi səbəbindən uşaqlar hərəkət xəstəliyinə xüsusən meyillidir. 12 yaşa qədər uşaqların 60%-dən çoxu hərəkət xəstəliyindən əziyyət çəkir.

 

Hərəkət xəstəliyinin əlamətləri hansılardır ? 

Hərəkət xəstəliyinin simptomları: 

  • soyuq tər, solğunluq, tərləmə, diskomfort, halsızlıq, yuxululuq

  • başgicəllənmə, baş ağrısı, koordinasiyanın pozulması

  • ürəkbulanma, hətta qusma, qarında ağrı, ishal, iştahasızlıq, dadbilmə hissinin pozulması, ağızda sabun və ya metalın xoşagəlməz dadı, qoxulara həssaslığın artması

  • arterial təzyiqin kəskin dəyişmələri, ürəkdöyünmə, ürək bölgəsində sıxıntı

 

Səyahətdən əvvəl nə etmək olar?

Hərəkət xəstəliyinin qarşısını bəzi sadə profilaktik tədbirlərlə almaq və ya azaltmaq olar. Uşaq yaxşı dincələrsə və əhval-ruhiyyəsi yaxşı olarsa, səyahət zamanı özünü daha yaxşı hiss edər. Həm boş mədə, həm də çox dolu mədə səyahət zamanı hərəkət xəstəliyinin təzahürlərini əhəmiyyətli dərəcədə artıra bilər. Uşağı səfərdən 2-3 saat əvvəl yedizdirmək yaxşıdır. Yağlı, qoxusu olan və yüksək kalorili qidalardan çəkinin. Kəsmik, bişmiş yumurta, pendir sendvici və s. kimi "yüngül" qidalar məsləhətdir. Köp əmələ gətirən qidalardan və qazlı içkilərdən istifadə etməyin.

 

Nəqliyyat vasitələrində hərəkət xəstəliyinin qarşısını necə almaq olar?

Nəqliyyat vasitələrində səyahət zamanı düzgün yer seçin:

  • Avtobusda uşaqla birlikdə sürücüyə yaxın, ön oturacaqlarda oturun;

  • Avtomobildə hərəkət zamanı uşağı irəli baxa biləcəyi şəkildə, kresloda yarım uzanmış və ya uzanmış vəziyyətdə yerləşdirin və ya oturacaqda rahat şəkildə, başını bir az geri atmaqla əyləşdirin;

  • Hərəkət xəstəliyindən qorunmaq üçün təyyarədə ən yaxşı yerlər qanadlara yaxın yerlərdir. "Sarsıntı" orada daha az hiss olunur;

  • Gəmidə uşaqla birlikdə açıq göyərtədə qalmağa çalışın.  

Uşaq yolda yata bilsə, çox yaxşıdır. Pəncərədən müxtəlif mənzərələrin tez- tez dəyişməsindən narahatdırsa, gözlərini yummasını təklif edin. Bəziləri üçün baxışlarını bir nöqtəyə yönəltmək kömək edir. Pəncərədən baxmaq və başını müxtəlif istiqamətlərə çevirmək hərəkət xəstəlikləyi əlamətlərini artırır. Təmiz hava axınını təmin etməyə çalışın, mümkünsə, qatarda və ya maşında pəncərəni açın. Gəzinti zamanı kitab oxumaq və ya yazmaq, telefonla və ya planşetdə oyun oynamaq, başı kəskin hərəkət etdirmək lazım deyil.  

Urəkbulanmaya qarşı turş içkilər, məsələn, zoğal, nanə suyu və ya sadəcə bir dilim limonlu su, turş sormalar, saqqız və ya bir dilim duzlu balıq, duzlu qoz-fındıq və ya sərt pendir verə bilərsiniz. 

Başın və boyunun arxasına soyuq kompres və ya buz qoymaq baş ağrısı, başgicəllənmə və ürəkbulanmaya kömək edə bilər. Hər ehtimala qarşı, özünüzlə su keçirməyən torbalar və salfetlər götürməlisiniz. 

 

Uşaqda hərəkət xəstəliyinin qarşısını hası üsullarla  almaq olar?

Hərəkət xəstəliyi vestibulyar aparatın zəifliyi ilə əlaqəli olduğundan, qarşısının alınması üçün ən yaxşı yol onu gücləndirməkdir. Fiqurlu konkisürmə, üzgüçülük kimi hərəkətlərin koordinasiyası ilə əlaqəli idman növləri ilə məşğul olmaq, hətta yelləncəkdə yellənmək vestibulyar aparatın işinə müsbət təsir göstərir.

 

Hərəkət xəstəliyinin qarşısını alınmaq üçün xüsusi dərmanlardan istifadə etmək olar? 

Hərəkət xəstəliyinin qarşısının alınmasında səfərdən bir müddət əvvəl xüsusi dərmanların qəbulu çox təsirlidir. Lakin bu dərmanlar, xüsusən də uşaqlarda mənfi təsirlərə də malikdir: süstlük, yuxululuq, ağız quruluğu, görmə qabiliyyətinin və koordinasiyanın pozulması müşahidə edilə bilər. Buna görə də bu cür dərmanlardan yalnız həddindən artıq ağır hallarda və həkimin təyinatı ilə istifadə etmək lazımdır.


 




 

 

Uşaq nevroloqu baxışı nə zaman zəruridir?

Uşaq nevroloqu, sinir sistemində problemi olan uşaqları müalicə edən bir həkimdir. Sinir sistemindəki problemlər baş beyində, onurğa beynində, sinirlərdə və ya əzələlərdə başlaya bilər. Bunlar qıcolma, baş ağrısı və ya inkişafın geriləməsi kimi problemlərə səbəb ola bilər.

Uşaq nevroloqları uşaqları doğuşdan 18 yaşına qədər müalicə edirlər. Uşaqlara qayğı göstərmələrini tibbi praktikanın özəyi halına gətirməyi seçirlər və qabaqcıl təhsili və təcrübəsi onları övladınızın  ehtiyaclarını ödəmək üçün təchiz edir.

Bir çox hallarda uşaq nevroloqları pediatrlar və ya digər ilkin tibbi yardım həkimləri ilə bir komanda şəklində işləyirlər. Uşaq nevroloqları tez-tez fiziki terapevtlər, peşə terapevtləri və danışıq terapevtləri ilə yaxından əməkdaşlıq edərək övladınızın inkişafına kömək edir. Bundan əlavə, uşaq nevroloqları epilepsiya, doğuş qüsurları və ya genetik xəstəliklər kimi daha mürəkkəb və ya ciddi tibbi problemləri olan uşaqlara qulluq etmək üçün digər pediatrik mütəxəssislərlə işləyə bilər. Bunlar uşaqlıq və gənclik dövründə davamlı qayğı və yaxından izlənmə tələb edən xroniki xəstəliklərdir. Uşaq nevrologiyası sahəsi böyüdükcə, bəzi nevroloqlar daha da dərindən ixtisaslaşır və daha spesifik təcrübəyə malik olurlar. 

Uşaq nevroloqları aşağıdakı hallarda diaqnoz qoyur, müalicə edirlər və müşahidədə  saxlayırlar:

  • Qıcolma və epilepsiya

  • Zəifliyə səbəb ola biləcək əzələ problemləri (əzələ distrofiyası və ya nevropatiya)

  • Miqren və beyin silkələnməsi daxil olmaqla baş ağrıları

  • Serebral iflic, nitq inkişafının ləngiməsi, gecikmiş motor mərhələləri və koordinasiya problemləri daxil olmaqla inkişaf pozuntuları

  • Beynin formalaşması və ya inkişaf etməsi problemi olan anadangəlmə malformasiyalar

  • Sinir sisteminə təsir edən genetik xəstəliklər

  • Beyinə və onurğa beyninə təsir göstərən autoimmun problemlər (çoxsaylı skleroz kimi)

  • Beynin infeksiyaları və ya iltihabı (meningit və ya ensefalit kimi)

  • Beyin şişləri

Uşaq nevroloqları uşağı hansı test növlərinə göndərə bilər ?

Uşaq nevroloqları tez-tez uşağınızın simptomlarını, xəstəlik tarixçəsini və fiziki müayinəsini eşidərək diaqnoz qoyurlar, lakin diaqnoz qoymaq üçün bəzən daha çox müayinə lazım olur. Uşaq nevroloqlarının sifariş etdiyi ümumi testlər bunlardır:

  • EEQ (elektroensefaloqram) beyindəki elektrik aktivliyində problemlər axtaran bir testdir. Bu testdən qıcolma tutmalarını aşkarlamaq və övladınızın beyninin yaşları üçün gözlənilən elektrik fəaliyyət növlərini yaratdığından əmin olmaq üçün istifadə edilə bilər.

  • MRT (maqnit rezonans görüntüləmə) və ya KT (kompüter tomoqrafiya) tarama beyin və/və ya onurğa beyin şəkillərini çəkmək üçün istifadə edilən görüntüləmə test növləridir. Bunlar beyin şişi, insult,qansızma, infeksiya, dağınıq skleroz, müəyyən genetik şərtlər və s. aşkarlamaq üçün lazım olur.

  • Lumbal punksiya həkimlərin beyni və onurğa beyninizi əhatə edən onurğa mayesi nümunəsi götürmək üçün bel hissəsinə kiçik bir iynə vurduğu bir testdir. Bu infeksiya və ya iltihab əlamətlərini axtarmağa kömək edə bilər.

  • Uşağınız üçün qan testləri təyin oluna bilər. Bunlara elektrolit dəyişikliklərini və ya infeksiya əlamətlərini yoxlayan əsas laboratoriyalar və ya spesifik xəstəliklər üçün genetik testlər kimi daha mürəkkəb testlər daxil ola bilər.

Beləliklə, valideynlər bu məlumatlara yiyələndikdə uşağı nə zaman nevroloqa göstərmək lazım olduğundan məlumatlı olacaqlar.

Uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması

Erkən uşaqlıq dövrü çox vacib mərhələdir. Beyin erkən dövrdə çox plastik olur və sürətlə inkişaf edir. Bu dövrdə hərəkətlər, qavrama, danışma və s. kimi funksiyalar inkişaf etməyə başlayır. Müasir elmi tədqiqatlar göstərir ki, uşaq həyatının ilk illəri kritik dövrlərin zənginliyi ilə fərqlənir. Kritik dövr sinir sistemi və beyin neyronlarının və sinapslarının inkişafı olan dövrdür. Bu dövrdə uşağa xüsusi stimullar və ya hissi qıcıqlar tələb olunur. Bu stimulyasiya nə qədər çox olarsa, neyronlararası əlaqə bir o qədər çox inkişaf edər. Əgər stimulyasiya baş vermirsə, bu neyronlarda əlaqə əlamətlərinin və bacarıqların inkişafı baş vermir və ya əhəmiyyətli dərəcədə ləngimiş olur. Ləngimə, adətən, daimi xarakter daşıyır və sonrakı müdaxilə ilə bərpa olunmur. Buna görə də, müdaxilə nə qədər tez edilərsə, bir o qədər də uşaq üçün effektli olar. Belə ki, uşağın yaşı artdıqca onun orqanizminin “plastiklik” imkanları məhdudlaşır. Uşağın yaşına uyğun bacarıqlarının formalaşması ləngiyir.  Aşağıdakıları nəzərə alaraq erkən müdaxilə uşaq həyatının ilk günlərindən və həftələrindən başlanmalıdır və nəticədə, uşağın psixomotor inkişafındakı pozulmalar daha effektiv bərpa olunur. İkincili pozulmalar yüngülləşir və ya onların tamamilə qarşısı alınır. Ailənin keçirdiyi stresi və cəmiyyətdən təcrid olunmasını aradan qaldırır. Beləliklə, erkən müdaxilə sistemi uşaqların psixofiziki inkişafındakı problemlərin erkən aşkarlanmasının həllinə yönəlib. Əgər müalicə gecikdirilərsə, onun effektivliyi azalar.

Skrininq – profilaktik (qabaqlayıcı) tibbin əsas sahələrindən biridir. Klinik əlamətlər meydana çıxanadək xəstəliyin skrininq yolu ilə aşkarlanması erkən uşaq əlilliyinin qarşısını almağa və ölkə büdcəsindən ayrılmış böyük vəsaitlərin qənaətinə gətirir. Neonatal skrininqin nümunəsi kimi fenilketonuriya, anadangəlmə hipotireoz  və audioloji skrininq proqramlarını göstərmək olar. Skrininqlə yanaşı inkişafın izlənməsi üçün monitorinq, müşahidə lazımdır. Bu isə davamlı prosesdir.

Diaqnostikanın məqsədi əlilliyi ola biləcək uşaqları mümkün qədər tez aşkarlamaq,  sonrakı müşahidə və optimal inkişafı təmin etmək üçün müvafiq mərkəzlərə (uşaq bərpa mərkəzləri) yönəltmək.

Tibb müəssisələrində inkişaf problemlərinin aşkarlanması aşağıdakı mütəxəssislərlə aparılır: 

Həkim-neonatoloq yenidoğulmuşa ilkin baxışı aparır. Uşağın kütləsini, boyunu, baş və döş qəfəsinin çevrəsini müəyyənləşdirir, Apqar şkalası üzrə körpə orqanizminin əsas funksiyalarını iki dəfə qiymətləndirir (həyatının 1-ci və 5-ci dəqiqəsində), nevroloji refleksləri yoxlayır. Ehtiyac olduqda lazımi müayinələr aparır, müalicəni təyin edir və ya digər mütəxəssislərə göndərir. Doğum evindən sonra həkim-pediatr erkən yaşlı uşağın inkişafının izlənməsində əsas rol oynayır. Risk faktorlarına görə skrininq aparır və vaxtında digər mütəxəssislərə (nevroloq, cərrah, ortoped, oftalmoloq) yönəldir.

6 uşaqdan birinin  inkişaf çətinliyi olduğu məlumdur. Bəzən həkimlər və ya valideynlər erkən müdaxilə etmək yerinə gözləməyi seçirlər və onun həmyaşıdlarına gəlib çatacağına ümid edirlər. Bu da gecikməyə səbəb olur. Serebral iflici olan, lakin dəstəklənən bir mühitdə daha az bacarıqlı uşaq, istedadlarını ifadə edə, özünəinamı inkişaf etdirə bilər. Müdaxilə proqramları uşağın ümumi inkişaf sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Ailənin və gündəlik qaydaların daxilində uşağa müraciət edən və ailə üzvlərini (valideynlər, bacı-qardaş, nənə-baba) erkən müdaxilədə tərəfdaş kimi cəlb edən proqramlar inkişaf baxımından daha uğurlu olur. Əlilliyin və sağlamlıq imkanları məhdudluğun qarşısının alınması qanunlarımızda  da öz əksini tapır. 

 

Mənbə

Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait

Uşaqlarda nitq və psixi inkişaf ləngiməsi

Müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə  valideynlərin üzərinə düşür; onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı həkimləri seçməlidirlər. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmaq onun üçün son dərəcə çətin olacaq.

Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on qat artmışdır. Nitqin inkişafında gecikmə  təfəkkürün inkişafına mane olur (psixi-nitq inkişafın ləngiməsi yaranır) və əksinə anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb olur.                                                                                                                Psixi-nitq inkişafın ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox  qoyulur, lakin orta hesabla onların 20%-də bu xəstəlik olur. Bu vəziyyət başa düşüləndir, çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmadığa başlayırlar. 

Ancaq 5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Əgər 6 yaşından əvvəl uşaq ümumiyyətlə danışmırdısa, deməli onun sağalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir.                                                                Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müalicəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideynlər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sağalma ümidi var.

Gecikmiş psixo-nitq inkişaf ləngiməsinin əlamətləri 

Gecikmiş psixo-nitq inkişaf ləngiməsinin (PNİL) anadangəlmə amillərdən qaynaqlanırsa, uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. PNİL-in əlamətləri:

4 ay: uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermir, gülümsəmir (bunlar həm də autizm əlamətidir);

8-9 ay: uşaq qığıldamır (eyni hecaların təkrarlanması);

1 yaş: uşaq çox sakitdir, demək olar ki, səs çıxarmır;

1.5 yaş: sadə sözlər demir ("ana", "ver") və onları anlamır, onu adı ilə çağırdıqda başa düşmür. Uşağın çeynəməsi də olmaya bilər;

2 yaş: çox məhdud sözlər toplusunu bilir və istifadə edir, başqalarının ardınca yeni sözləri təkrarlamır;

2.5 yaş: 20-dən çox söz tətbiq etmir, iki və ya üç sözdən ibarət cümlə qura bilmir, bədən hissələrinin, əşyaların adlarını başa düşmür;

3 yaş: özü sərbəst cümlə qura  bilmir, böyüklərin danışdığı sadə hekayələri başa düşmür; 

Çox sürətli danışır, sözün sonunu "yeyir" və ya çox yavaş danışır, sözləri uzadır. Valideyinin ona müraciətinə cavab olaraq, deyilənləri sanki təkrarlayır.

PNİL olan bir uşaqda hər yaşda tüpürcək ifrazatının artması müşahidə olunur, həmişə ağzı açıq qalır. Belə uşaqlar hiperaktivlik, artan aqressivlik, diqqətsizlik, yorğunluq, zəif yaddaş ilə xarakterizə olunur. Uşaq çox ləng düşünür, inkişaf etməmiş bir təsəvvürə və dar bir emosional təzahürə malikdir, həmyaşıdları ilə ünsiyyətdə böyük çətinliklər yaşayır və buna görə də onlardan çəkinir. Fiziki olaraq, belə uşaqlar da zəif inkişaf etmiş olurlar, hətta serebral iflicə də ola bilərlər.

Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafı bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu, PNİL müalicəsini mümkün qədər erkən başlamaq üçün başqa bir səbəbdir.

Psixi inkişaf ləngiməsinin əsas səbəbləri

Psixi-nitq inkişafının ləngiməsi müstəqil xəstəliklər deyil, bu beynin və mərkəzi sinir sisteminin inkişafındakı dəyişikliklərin nəticəsidir.

PNİL-in səbəbləri

  • Hamiləlik dövründə ananın xəstəlikləri, dölün inkişafının pozulmasına kömək edən infeksiya, zəhərlənmə və travmalar

  • Bətndəki dölün oksigen çatışmazlığı (hipoksiya)

  • Çətin doğuş (sürətli yaxud vaxtından əvvəl doğuş, göbək ciyəsinin boyuna dolanması), doğuş zamanı uşaq travması 

  • Erkən yaşda beyin xəstəliyinə səbəb olan ağır infeksiya və travmalar

  • Beyin strukturasını pozan genetik və xromosom xəstəlikləri

  • Erkən yaşda ağır psixotravma

  •  
  • Qeyri-düzgün tərbiyə; uşağın çox güclü valideyn qayğısı altında olması yaxud qayğıdan məhrum olması. Bu səbəbdən PNİL olan uşaqlar əsasən asosial ailələrdən çıxır.

PNİL-ə səbəb ola biləcək xəstəliklər

  • Mərkəzi sinir sisteminin (MSS) anadangəlmə anomaliyaları və metabolik pozuntuları

  • Epilepsiya və digər ruhi xəstəliklər

  • Serebral işemiya

  • Hidrosefaliya

  • Kəllədaxili təzyiqin artması

  • Uşaq serebral iflici

  • Baş beyin şişi

  • Beyin damarlarının patologiyası

  • Leykodistrofiya

  • Likvor dinamikasının pozulması

Bir daha vurğulayaq ki, nitq və zehni inkişafın ləngiməsi beyin funksiyasının pozulmasına (doğuş travması, infeksiyaların təsiri), bəzi irsi xəstəliklərin mövcudluğuna (PNİL hər sonrakı nəsildə ağırlaşır) və uşağın böyüdüyü əlverişsiz psixoloji iqlimə görə baş verir. Buna görə yalnız PNİL-i deyil, ilk növbədə  səbəblərini də müalicə etmək lazımdır.

Autizm elementləri və PNİL

Mərkəzi sinir sistemin pozulması və ya ağır infeksiyaların uşağın bədəninə təsiri nəticəsində nəinki danışma və zehni inkişafda geriləmə yarana bilir, hətta bəzi hallarda xəstəlik autizm əlamətləri ilə də müşayiət olunur.

PNİL-in müalicəsi

PNİL-in müalicəsi mümkün qədər erkən yaşdan, eyni zamanda kompleks şəkildə başlamalıdır. Terapiyaya valideynlər, nevroloq, loqoped, psixoloq, refleksoloq daxildir. İnkişaf ləngiməsinin dərəcəsi azdırsa erkən müalicə yaxşı nəticə verə bilər. Müalicə nə qədər gec başlasa, uşağın normal ünsiyyət qura bilməsi və həmyaşıdları ilə birgə ümumtəhsil məktəbində təhsil ala bilməsi ehtimalı azalır.

Mütəxəssislərlə iş

Xüsusi pedaqoq iki və ya daha çox yaşı olan uşaqlar ilə məşğul olur, onun işi yaddaş, incə motor bacarıqları, düşüncə inkişafına yönəlir. Loqoped isə nitq inkişafını dəstəkləmək üçün əlavə tədbirlər, məsələn, səs və səs birləşmələrinin tələffüzünü asanlaşdıran loqopedik masaj edir.

Nitq inkişafında geriləmənin psixoloji travma ilə əlaqəli olduğu hallarda, eləc də ailədə qeyr-istabil vəziyyət olduqda, uşaq həmyaşıdları ilə ünsiyyətdən çəkindikdə uşaq psixoloqu ilə işləmək lazım gəlir.

 

“Fərqli” uşaqların dünyası

Aramızda fərqli olan uşaqlar var; həm digər uşaqlara oxşayan, həm də onlardan fərqlənən. Bunlar inkişaf ləngiməsi olan uşaqlardır. Hamımız kimi onlar da fərqlidirlər və sözsüz ki, cəmiyyətin tam bərabərhüququlü üzvüdürlər. 

Övladınız "fərqli" olduqda nə etməli? 

  1. Ailədə daimi çətinlik hökm sürürsə, gec-tez ailə üzvlərinin psixikası dözə bilmir və arzuolunmaz hadisələr baş verir (alkoqol və ya narkotik aludəliyi və s.). Ona görə reallığı qəbul edin. Yaranmış vəziyyətin necə və niyə baş verdiyini deyil, gələcəyinizi düşünün. Unutmayın ki, uşaq sizin bütün qorxu və həyacanınızı intuitiv səviyyədə hiss edir.

  2. Uşağınıza münasibətinizi dəyişdirin, ona ümid bəsləyin, onu perspektivsiz hesab etməyin. Ümidsizlik uşağın əldə edə biləcəyi nailiyyətləri də puça çıxarır.

  3. Uşağınızın problemlərini şişirtməyin. Övladınıza inamsızlıq və gözləntilərin aşağı olması onun özünəinamını və qətiyyətini zəiflədə bilər.

  4. Övladınızı evdə hər şeydən məhrum olunmuş saxlamayın. Onu ictimaiyyət arasında çıxarın, dost tapması üçün dəstək olun. 

  5. Digər övladlarınızı da diqqətdən kənarda saxlamayın. Onlarında qayğısına qalmaqla yanaşı, sizə yardımçı olmağa həvəsləndirin, birgə əyləncəli tədbirlərdə iştirak edin.

  6. Unutmayın ki, uşağınızın gələcəyi onun sosiallaşmasından aslıdır. Ona daha müstəqil olmağa kömək edin, digər uşaqlar və insanlarla ünsiyyət qurmasına yardım göstərin. 

  7. Övladınızın vəziyyəti yaxşılaşdıqda, qadağaların sayını azaldın və öhdəliklərini artırın; ona bacarıqlarına uyğun kiçik ev işləri həvalə etmək olar. 

  8. Cəmiyyət içində əlilliyi olan bir uşaqla sakit və inamlı olmağa çalışın. Kənar şəxslərin suallarını mehribalıqla cavablandırmağa çalışın. Şikayət, qıcıqlanma və ya əsəb ilə onları özünüzdən uzaqlaşdırmayın. Verilən suallara sakit cavab verdikdən sonra, söhbəti neytral mövzulara keçirməyə çalışın. Uşaq sizdən bənzər ünsiyyət tərzini öyrənərsə, onun özünə dost tapmaq şansı artacaqdır.

  9. Uşağınıza insanlar arasında da özü kimi olmağı öyrədin. Öz həmyaşıdları ilə ünsiyyətə nə qədər tez başlasa, cəmiyyətə inteqrasiya şansı bir o qədər yüksək olar. Buna görə imkan daxilində övladınızın adi ümumtəhsil məktəbində təhsil almasına çalışın.

 

Autizm: əlamətləri, səbəbləri və müalicəsi

Bir çox valideyn uşağının üç yaşında danışmağa başlamamasını, heç kəslə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xassiyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət buna inanmaq istəmirlər. Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında narahatlıq hiss edir, çünki onların başa düşə bilmir. 

Autizmin əlamətləri

Autizm hər bir autizmli şəxsin özünəxas əlamətləri ilə xarakterizə olunan sirli bir pozuntudur. Ancaq onların ümumi xüsusiyyətləri də var.                                                    Erkən uşaqlıq autizminin əlamətləri və simptomları yaşdan asılıdır. Buna görə əlamət və simptomların dörd əsas qrupu qeyd olunur:

  • Erkən uşaq autizm (2 yaşına çatmamış uşaqlar)

  • Uşaq autizmi (2-11 yaş qrupundan olan uşaqlar)

  • Yeniyetmə autizmi (11-–18 yaş qrupundan olan yeniyetmələr)

  • Böyüklərdə autizm

Uşaq autizmi (2-11 yaş)

2 yaşdan yuxarı uşaqlarda erkən autizm üçün xarakterik olan bütün simptomlar qalmaqla yanaşı (çağıranda reaksiya vermir, həmsöhbətin gözünə baxmır, tək oynayır və s.),  digər əlamətlər də onlara qoşulur:         

  • Uşaq heç vaxt ünsiyyətə başlamır, ümumiyyətlə ünsiyyət axtarmır;

  • Uşaq yalnız bir fəaliyyət növünə (musiqi, rəsm, riyaziyyat və s.) maraq göstərir;

  • Eyni sözləri və ya səsini daim təkrarlayır;

  • Vərdiş etdiyi mühitdə dəyişiklik olarsa, narahatlıq keçirir;

  • Uşaq bacarıq əldə etməkdə çətinlik çəkir, oxumağı və yazmağı öyrənə bilmir.

Yeniyetmə autizmi (11-–18 yaş)

Bu yaşda autizm sindromlu yeniyetmələr adətən sadə ünsiyyət bacarıqlarına yiyələnirlər, lakin yenə də təkliyə üstünlük verirlər. Autizmli şəxslərdə yetkinlik dövrü digər insanlara nisbətən daha mürəkkəb kecir. Təcavüzkar olurlar, depressiyaya düşə bilərlər.

Autizmin səbəbləri

Tədqiqatçılar hələ də uşaqlarda autizmin səbəblərini müəyyən edə bilmirlər. Bu barədə bir çox nəzəriyyə var, lakin onlardan heç biri klinik olaraq təsdiqlənməyib. Əksər tədqiqatçılar uşaq autizminin irsi xəstəlik olduğuna inanırlar.                                                    Bu pozuntunun səbəblərindən biri kimi hamiləlik dövründə ananın virus infeksiyası (məxmərək, qızılca, suçiçəyi) olması istisna olunmur. İnfeksiya uşağın beyin strukturundakı üzvi dəyişikliklərə səbəb olur və bu da sonradan uşaq autizminə gətirib çıxara bilər.

Autizmin müalicəsi

Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir. Valideynlər bu uzun prosesə hazırlıqlı olmalı və müalicənin mütləq şəkildə nəticə verməyəcəyini bilməlidirlər. Uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır. Lakin xəstəliyi müşayiət edən simptomları dayandıra bilərlər. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir.

Müalicə üçün əməl edilməli olan qaydalar:

  • Uşağın müalicəsi yalnız ancaq tibb müəssisəsində deyil, evdə, uşaq bağçasında, küçədə aparılmalıdır. Valideynlərin özlərinin də psixoloq konsultasiyasına müraciət etməsi zəruridir. Çünki autizmli uşağın müalicəsi çətin işdir, bu proses valideyblərin psixikasına mənfi təsir göstərir;

  • Uşaqla uzun müddət məşğul ola bilən təcrübəli və yüksək ixtisaslı bir psixiatr seçməlisiniz, çünki həkimləri tez-tez dəyişmək uşağın vəziyyətinin pisləşməsinə səbəb ola bilər;                                                                             

  • Müalicədə təkrarlamalar əsas şərtlərdəndir. Hər gün eyni bacarıqları təkrarlamaq lazımdır ki, uşaq onları öyrənə bilsin;

  • Müalicə işinin çətinliklərinə davam gətirə bilmək üçün valideynlərin ildə ən azı bir dəfə tətilə getməlidirlər;

  • Uşağın dəqiq gündəlik qayda vərejimi olmalıdır; 

  • Digər autizmli uşaqların valideynləri ilə əlaqlər qurmaq da faydalıdır. Bu, müalicə işində yeni yanaşma və bacarıqları öyrənməyə imkan verir.

  • Uşağın diqqətinə sahib olmağı öyrənmək lazımdır. Buna üçün müntəzəm olaraq ona adı ilə müraciət etməli və heç vaxt ona səs ucaltmamalısınız;                                                                                              

  • Uşağın alışdığı mühiti dəyişdirməməlisiniz..

Nəzərə almaq lazımdır ki, müalicə işi bütün autizmli uşaqlarda eyni nəticəni vermir; onlardan bəziləri bir neçə aydan sonra ünsiyyətə girdiyi halda, digərlərində bu, illər sonra mümkün ola bilər.