Hərəkət xəstəliyi (kinetoz)

Hərəkət xəstəliyi (kinetoz) nədir?

Bəzi uşaqlar nəqliyyatda, karusellərdə və ya attraksionlarda olarkən özlərini pis hiss edirlər. Buna kinetoz, yəni hərəkət xəstəliyi və ya “dəniz xəstəliyi” deyilir. Daha dəqiq desək, kinetoz bədənin qeyri-adi bir hərəkətə patoloji reaksiyasıdır.

 

Kinetozun səbəbləri nədir?

Kinetoz və ya hərəkət xəstəliyi vestibulyar aparatın funksiyasının pozulması ilə əlaqəlidir. Vestibulyar aparat başın və bədənin vəziyyətinin dəyişməsindən asılı olaraq müvazinəti bərpa edən orqan olub, məkanda düzgün oriyentasiyanı təmin edir. Avtomobildə, təyyarədə, gəmidə, attraksionlarda hərəkət vestibulyar aparatın həddindən artıq qıcıqlanmasına gətirib çıxarır və beyin ətrafdakı məkanla bağlı fərqli, ziddiyyətli məlumatlar alır. Bu, bəzi uşaqlarda vestibulyar aparatın işini ciddi şəkildə pozur.

Hərəkət xəstəliyinin meydana cıxmasında vestibulyar sistemin genetik xüsusiyyətləri, uşağın ümumi sağlamlığı və yaşı  rol oynayır. Qulaq, göz, burun, boğaz, boyun, baş və mədə-bağırsaq traktının iltihabi xəstəlikləri olan uşaqlarda daha çox rast gəlinir. Bəzi qoxular (hərəkət edən nəqliyyat vasitələrində olan qoxu, siqaret, alkoqol və digər maddələrin, məsələn, sərnişin bölmələrində asılmış hava təravətləndiricilərinin qoxusu), səslər, nəqliyyatda zəif ventilyasiya və havasızlıq, isti hava, mənfi duyğular (uçarkən qorxu, əsəb, həyəcan hissi və ya narahatlıq, depressiya) hərəkət xəstəliyinin təzahürlərini əhəmiyyətli dərəcədə artıra bilər. 

 

Hərəkət xəstəliyi hansı yaşda daha çox rast gəlinir?

Vestibulyar aparatın yalnız 12-16 yaşlarında funksional cəhətcə tam yetişməsi səbəbindən uşaqlar hərəkət xəstəliyinə xüsusən meyillidir. 12 yaşa qədər uşaqların 60%-dən çoxu hərəkət xəstəliyindən əziyyət çəkir.

 

Hərəkət xəstəliyinin əlamətləri hansılardır ? 

Hərəkət xəstəliyinin simptomları: 

  • soyuq tər, solğunluq, tərləmə, diskomfort, halsızlıq, yuxululuq

  • başgicəllənmə, baş ağrısı, koordinasiyanın pozulması

  • ürəkbulanma, hətta qusma, qarında ağrı, ishal, iştahasızlıq, dadbilmə hissinin pozulması, ağızda sabun və ya metalın xoşagəlməz dadı, qoxulara həssaslığın artması

  • arterial təzyiqin kəskin dəyişmələri, ürəkdöyünmə, ürək bölgəsində sıxıntı

 

Səyahətdən əvvəl nə etmək olar?

Hərəkət xəstəliyinin qarşısını bəzi sadə profilaktik tədbirlərlə almaq və ya azaltmaq olar. Uşaq yaxşı dincələrsə və əhval-ruhiyyəsi yaxşı olarsa, səyahət zamanı özünü daha yaxşı hiss edər. Həm boş mədə, həm də çox dolu mədə səyahət zamanı hərəkət xəstəliyinin təzahürlərini əhəmiyyətli dərəcədə artıra bilər. Uşağı səfərdən 2-3 saat əvvəl yedizdirmək yaxşıdır. Yağlı, qoxusu olan və yüksək kalorili qidalardan çəkinin. Kəsmik, bişmiş yumurta, pendir sendvici və s. kimi "yüngül" qidalar məsləhətdir. Köp əmələ gətirən qidalardan və qazlı içkilərdən istifadə etməyin.

 

Nəqliyyat vasitələrində hərəkət xəstəliyinin qarşısını necə almaq olar?

Nəqliyyat vasitələrində səyahət zamanı düzgün yer seçin:

  • Avtobusda uşaqla birlikdə sürücüyə yaxın, ön oturacaqlarda oturun;

  • Avtomobildə hərəkət zamanı uşağı irəli baxa biləcəyi şəkildə, kresloda yarım uzanmış və ya uzanmış vəziyyətdə yerləşdirin və ya oturacaqda rahat şəkildə, başını bir az geri atmaqla əyləşdirin;

  • Hərəkət xəstəliyindən qorunmaq üçün təyyarədə ən yaxşı yerlər qanadlara yaxın yerlərdir. "Sarsıntı" orada daha az hiss olunur;

  • Gəmidə uşaqla birlikdə açıq göyərtədə qalmağa çalışın.  

Uşaq yolda yata bilsə, çox yaxşıdır. Pəncərədən müxtəlif mənzərələrin tez- tez dəyişməsindən narahatdırsa, gözlərini yummasını təklif edin. Bəziləri üçün baxışlarını bir nöqtəyə yönəltmək kömək edir. Pəncərədən baxmaq və başını müxtəlif istiqamətlərə çevirmək hərəkət xəstəlikləyi əlamətlərini artırır. Təmiz hava axınını təmin etməyə çalışın, mümkünsə, qatarda və ya maşında pəncərəni açın. Gəzinti zamanı kitab oxumaq və ya yazmaq, telefonla və ya planşetdə oyun oynamaq, başı kəskin hərəkət etdirmək lazım deyil.  

Urəkbulanmaya qarşı turş içkilər, məsələn, zoğal, nanə suyu və ya sadəcə bir dilim limonlu su, turş sormalar, saqqız və ya bir dilim duzlu balıq, duzlu qoz-fındıq və ya sərt pendir verə bilərsiniz. 

Başın və boyunun arxasına soyuq kompres və ya buz qoymaq baş ağrısı, başgicəllənmə və ürəkbulanmaya kömək edə bilər. Hər ehtimala qarşı, özünüzlə su keçirməyən torbalar və salfetlər götürməlisiniz. 

 

Uşaqda hərəkət xəstəliyinin qarşısını hası üsullarla  almaq olar?

Hərəkət xəstəliyi vestibulyar aparatın zəifliyi ilə əlaqəli olduğundan, qarşısının alınması üçün ən yaxşı yol onu gücləndirməkdir. Fiqurlu konkisürmə, üzgüçülük kimi hərəkətlərin koordinasiyası ilə əlaqəli idman növləri ilə məşğul olmaq, hətta yelləncəkdə yellənmək vestibulyar aparatın işinə müsbət təsir göstərir.

 

Hərəkət xəstəliyinin qarşısını alınmaq üçün xüsusi dərmanlardan istifadə etmək olar? 

Hərəkət xəstəliyinin qarşısının alınmasında səfərdən bir müddət əvvəl xüsusi dərmanların qəbulu çox təsirlidir. Lakin bu dərmanlar, xüsusən də uşaqlarda mənfi təsirlərə də malikdir: süstlük, yuxululuq, ağız quruluğu, görmə qabiliyyətinin və koordinasiyanın pozulması müşahidə edilə bilər. Buna görə də bu cür dərmanlardan yalnız həddindən artıq ağır hallarda və həkimin təyinatı ilə istifadə etmək lazımdır.