“Fərqli” uşaqların dünyası

Aramızda fərqli olan uşaqlar var; həm digər uşaqlara oxşayan, həm də onlardan fərqlənən. Bunlar inkişaf ləngiməsi olan uşaqlardır. Hamımız kimi onlar da fərqlidirlər və sözsüz ki, cəmiyyətin tam bərabərhüququlü üzvüdürlər. 

Övladınız "fərqli" olduqda nə etməli? 

  1. Ailədə daimi çətinlik hökm sürürsə, gec-tez ailə üzvlərinin psixikası dözə bilmir və arzuolunmaz hadisələr baş verir (alkoqol və ya narkotik aludəliyi və s.). Ona görə reallığı qəbul edin. Yaranmış vəziyyətin necə və niyə baş verdiyini deyil, gələcəyinizi düşünün. Unutmayın ki, uşaq sizin bütün qorxu və həyacanınızı intuitiv səviyyədə hiss edir.

  2. Uşağınıza münasibətinizi dəyişdirin, ona ümid bəsləyin, onu perspektivsiz hesab etməyin. Ümidsizlik uşağın əldə edə biləcəyi nailiyyətləri də puça çıxarır.

  3. Uşağınızın problemlərini şişirtməyin. Övladınıza inamsızlıq və gözləntilərin aşağı olması onun özünəinamını və qətiyyətini zəiflədə bilər.

  4. Övladınızı evdə hər şeydən məhrum olunmuş saxlamayın. Onu ictimaiyyət arasında çıxarın, dost tapması üçün dəstək olun. 

  5. Digər övladlarınızı da diqqətdən kənarda saxlamayın. Onlarında qayğısına qalmaqla yanaşı, sizə yardımçı olmağa həvəsləndirin, birgə əyləncəli tədbirlərdə iştirak edin.

  6. Unutmayın ki, uşağınızın gələcəyi onun sosiallaşmasından aslıdır. Ona daha müstəqil olmağa kömək edin, digər uşaqlar və insanlarla ünsiyyət qurmasına yardım göstərin. 

  7. Övladınızın vəziyyəti yaxşılaşdıqda, qadağaların sayını azaldın və öhdəliklərini artırın; ona bacarıqlarına uyğun kiçik ev işləri həvalə etmək olar. 

  8. Cəmiyyət içində əlilliyi olan bir uşaqla sakit və inamlı olmağa çalışın. Kənar şəxslərin suallarını mehribalıqla cavablandırmağa çalışın. Şikayət, qıcıqlanma və ya əsəb ilə onları özünüzdən uzaqlaşdırmayın. Verilən suallara sakit cavab verdikdən sonra, söhbəti neytral mövzulara keçirməyə çalışın. Uşaq sizdən bənzər ünsiyyət tərzini öyrənərsə, onun özünə dost tapmaq şansı artacaqdır.

  9. Uşağınıza insanlar arasında da özü kimi olmağı öyrədin. Öz həmyaşıdları ilə ünsiyyətə nə qədər tez başlasa, cəmiyyətə inteqrasiya şansı bir o qədər yüksək olar. Buna görə imkan daxilində övladınızın adi ümumtəhsil məktəbində təhsil almasına çalışın.