Hər bir qadının həyatında hamiləlik dövr&u...
Erkən uşaqlıq dövrü çox vacib mərhələdir. Beyin erkən dövrdə çox plastik olur və sürətlə inkişaf edir. Bu dövrdə hərəkətlər, qavrama, danışma və s. kimi funksiyalar inkişaf etməyə başlayır. Müasir elmi tədqiqatlar göstərir ki, uşaq həyatının ilk illəri kritik dövrlərin zənginliyi ilə fərqlənir. Kritik dövr sinir sistemi və beyin neyronlarının və sinapslarının inkişafı olan dövrdür. Bu dövrdə uşağa xüsusi stimullar və ya hissi qıcıqlar tələb olunur. Bu stimulyasiya nə qədər çox olarsa, neyronlararası əlaqə bir o qədər çox inkişaf edər. Əgər stimulyasiya baş vermirsə, bu neyronlarda əlaqə əlamətlərinin və bacarıqların inkişafı baş vermir və ya əhəmiyyətli dərəcədə ləngimiş olur. Ləngimə, adətən, daimi xarakter daşıyır və sonrakı müdaxilə ilə bərpa olunmur. Buna görə də, müdaxilə nə qədər tez edilərsə, bir o qədər də uşaq üçün effektli olar. Belə ki, uşağın yaşı artdıqca onun orqanizminin “plastiklik” imkanları məhdudlaşır. Uşağın yaşına uyğun bacarıqlarının formalaşması ləngiyir. Aşağıdakıları nəzərə alaraq erkən müdaxilə uşaq həyatının ilk günlərindən və həftələrindən başlanmalıdır və nəticədə, uşağın psixomotor inkişafındakı pozulmalar daha effektiv bərpa olunur. İkincili pozulmalar yüngülləşir və ya onların tamamilə qarşısı alınır. Ailənin keçirdiyi stresi və cəmiyyətdən təcrid olunmasını aradan qaldırır. Beləliklə, erkən müdaxilə sistemi uşaqların psixofiziki inkişafındakı problemlərin erkən aşkarlanmasının həllinə yönəlib. Əgər müalicə gecikdirilərsə, onun effektivliyi azalar.
Skrininq – profilaktik (qabaqlayıcı) tibbin əsas sahələrindən biridir. Klinik əlamətlər meydana çıxanadək xəstəliyin skrininq yolu ilə aşkarlanması erkən uşaq əlilliyinin qarşısını almağa və ölkə büdcəsindən ayrılmış böyük vəsaitlərin qənaətinə gətirir. Neonatal skrininqin nümunəsi kimi fenilketonuriya, anadangəlmə hipotireoz və audioloji skrininq proqramlarını göstərmək olar. Skrininqlə yanaşı inkişafın izlənməsi üçün monitorinq, müşahidə lazımdır. Bu isə davamlı prosesdir.
Diaqnostikanın məqsədi əlilliyi ola biləcək uşaqları mümkün qədər tez aşkarlamaq, sonrakı müşahidə və optimal inkişafı təmin etmək üçün müvafiq mərkəzlərə (uşaq bərpa mərkəzləri) yönəltmək.
Tibb müəssisələrində inkişaf problemlərinin aşkarlanması aşağıdakı mütəxəssislərlə aparılır:
Həkim-neonatoloq yenidoğulmuşa ilkin baxışı aparır. Uşağın kütləsini, boyunu, baş və döş qəfəsinin çevrəsini müəyyənləşdirir, Apqar şkalası üzrə körpə orqanizminin əsas funksiyalarını iki dəfə qiymətləndirir (həyatının 1-ci və 5-ci dəqiqəsində), nevroloji refleksləri yoxlayır. Ehtiyac olduqda lazımi müayinələr aparır, müalicəni təyin edir və ya digər mütəxəssislərə göndərir. Doğum evindən sonra həkim-pediatr erkən yaşlı uşağın inkişafının izlənməsində əsas rol oynayır. Risk faktorlarına görə skrininq aparır və vaxtında digər mütəxəssislərə (nevroloq, cərrah, ortoped, oftalmoloq) yönəldir.
6 uşaqdan birinin inkişaf çətinliyi olduğu məlumdur. Bəzən həkimlər və ya valideynlər erkən müdaxilə etmək yerinə gözləməyi seçirlər və onun həmyaşıdlarına gəlib çatacağına ümid edirlər. Bu da gecikməyə səbəb olur. Serebral iflici olan, lakin dəstəklənən bir mühitdə daha az bacarıqlı uşaq, istedadlarını ifadə edə, özünəinamı inkişaf etdirə bilər. Müdaxilə proqramları uşağın ümumi inkişaf sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Ailənin və gündəlik qaydaların daxilində uşağa müraciət edən və ailə üzvlərini (valideynlər, bacı-qardaş, nənə-baba) erkən müdaxilədə tərəfdaş kimi cəlb edən proqramlar inkişaf baxımından daha uğurlu olur. Əlilliyin və sağlamlıq imkanları məhdudluğun qarşısının alınması qanunlarımızda da öz əksini tapır.
Mənbə
Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait
Fikriniz
0
0