Süd dişləri niyə tez çürüyür?

Süd dişlərinin mina qatı daha incə olduğu üçün xırda bir kariyes belə sürətli irəliləyə bilir. Bu səbəblə periodik müayinələr şərtdir.Kiçik yaşlarda fırçalamaya nəzarət çətin olur, ana südü ilə qidalanma,paketli və şəkərli qidanın çox istifadəsi və s. faktorlar dişlərə təsir edir. Bu səbəblə  “nöqtə” ölçüsündə olsa belə kariyesi vaxtında müalicə etməyi tövsiyə edirik. Belə hallarda sadəcə plomb müalicəsi etsək də, kariyes dərinləşdikcə müalicə kompleksləşir.

Süd dişi ağrıyırsa nə edilməlidir?

Süd dişi ağrı verməyə başlayıbsa artıq müalicə üçün bir qədər gecikildiyini göstərir. Öncəliklə ağrıkəsici verilməli, həkimdən mütləq şəkildə randevu alınmalı və randevuya gedənə qədər tez-tez dişlər fırçalanmalı, həmin nahiyədə qida qalığı qalmamasına diqqət göstərilməlidir.

Bu dişə hansı müalicə metodunun tətbiq ediləcəyinə isə stomatoloq qərar verir. Diş ağrı verirsə əksər hallarda süd dişi kanal müalicəsi məsləhət görülür. Bir çox analar fikirləşir ki, süd dişlərinin siniri yoxdur. Lakin bu belə deyil. Süd dişlərinin də siniri var və bu sinirin daimi dişin siniri ilə heç bir əlaqəsi yoxdur.

Uşaq stomatoloqları süd dişlərinin vaxtından öncə çəkilməsini çox tövsiyə etmirlər. Lakin bu o demək deyil ki, heç bir süd dişi çəkilməməlidir. Əgər diş iltihablanıbsa, təkrarlayan infeksiya mənbəyivarsa, dişin tacı restovrasiyaya uyğun deyilsə (yəni plomb və ya süd dişləri üçün hazırlanan xüsusi qapaqlar qoyula bilmirsə) bu hallarda dişin çəkimi daha uyğundur.

Hal-hazırda uşaq stomatologiyasının ayrılmaz bir parçası da paslanmaz qapaqlar, bioflex və zirkon qapaqlardır. Artıq süd dişləri üçün də kifayət qədər keyfiyyətli materiallardan hazır qapaqlar istehsal olunur və ən böyük avantajları ölçü almağa ehtiyacın olmamasıdır. Prefabrik olduqları üçün birbaşa tətbiq edilə bilirlər. Bu qapaqlar fiziki qüvvətlərə qarşı kompozit plomblardan daha davamlıdırlar və heç bir toksiklikləri yoxdur. Böyük kariyesli dişlərdə xüsusilə kanal müalicəsi zamanı dişlərdə bu qapaqların istifadəsi əvəzolunmazdır.

Bəzən valideynlərdə belə bir sual yaranır, onsuzda süd dişləridüşəcəksə niyə qapaqdan istifadə edirik? Çünki süd azı dişləri 8-10yaşında dəyişir və o yaşa qədər ağız içində sağlam şəkildə qalması daimi dişlərin düzgün çıxması üçün olduqca vacibdir.

 

Nəzrin Rəsulzadə

Həkim-stomatoloq