Uşaqlarda qəbizlik

Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı çətinliklə baş verirsə və ya ağrılı olursa, bu zaman qəbizliyin olması barədə düşünmək lazımdır. Qəbizlik zamanı bəzən defekasiya tezliyi normal olsa da, defekasiya zamanı bərk nəcis xaric edilir. 

Uşaqlarda qəbizlik nədən yaranır?

• Qidalanma rejiminin pozulması, fiziki aktivliyin az olması funksional qəbizlik törədə bilər. Bu, uşaqlarda qəbizliyin ən çox rast gəlinən səbəbləridir. Kiçik uşaqlarda qəbizlik rasionda bərk məhsullar və sıyığın çoxluq təşkil etməsi, böyük  yaşlı uşaqlarda qida lifləri ilə bol olan meyvə və tərəvəzlərin az yeyilməsi səbəbindən meydana çıxır.Həmçinin qeyri-adekvat su rejimi də nəcis ifrazının ləngiməsinə yol açır. 

• Keçib gedən qəbizlik bədən temperaturunun yüksəlməsi, nəcis ifrazını zəiflədən qidaların qəbul edilməsi, su rejiminin pozulması, bir sıra dərman maddələrinin qəbuluzamanı meydana çıxır.

• Mədə-bağırsaq, mərkəzi və periferik sinir sistemlərinin müxtəlif mənşəli xəstəlikləri, qurd xəstəlikləri, anemiya, endokrin xəstəliklər, mübadilə pozulmaları zamanı mədə-bağırsaq traktının fəaliyyəti pozula bilər.

• Qəbizlik bağırsaq infeksiyalarından, antibiotik müalicəsindən sonra və digər səbəblərdən bağırsaq mikroflorasının pozulması ilə əlaqədar ola bilər.

• Psixogen amillər nəcis ifrazının ləngiməsinə səbəb ola bilər.Uşağı güvəcə (qorşoka) öyrəşdirmə mərhələsində valideynlərin səbrsiz davranması hər defekasiya aktınıstresli edə bilər. Uşaq qeyri-iradi olaraq nəcis ifrazını ləngidər. Uşaq bağçasında güvəcə oturmaqdan utanmaq, məktəbdə tualetə getməklə bağlı narahatlıqlar xüsusən kiçikyaşlı uşaqlarda zamanla defeksiya çağırışlarını azaldaraq qəbizlik törədir. Vaxtında tədbir görülmədikdə bu,gələcəkdə ciddi psixoloji problemlərə də səbəb ola bilər.   

• Qəbizlik bağırsaqların anadangəlmə inkişaf anomaliyaları(məsələn, Hirşprunq xəstəliyi), düz bağırsaq xəstəlikləri (proktit, paraproktit, düz bağırsağın çatları) ilə əlaqədar ola bilər.

• Qida allergiyası bağırsağın divarlarımı zədələyərək nəcis ifrazını zəiflədə blər. 

Uşaqlarda qəbizliyin əlamətləri hansılardır?

• Nəcis düz bağırsaqda çox qaldıqda təkibində olan suyu itirir, nəticədə defekasiya zamanı quru, kələ-kötür, silindr formalı nəcis xaric olur. Quru nəcis düz bağırsağı zədələdiyindən defekasiya zamanı uşaq ağlamağa başlayır. Lakin kiçik uşaqlar çox vaxt qarınlarının onları narahat etdiyini valideynlərinə izah edə bilmirlər. Bu səbəbdən analar uşağın nəcis ifrazının müntəzəm olmasına və nəcisin xarakterinə hər zaman diqqət yetirməlidirlər.

• Uşaqlarda nəcisin tezliyi dəyişkəndir. 2 yaşına kimi defekasiyaların sayı gündə 3 dəfədən bir neçə gündə 1 dəfəyə qədər dəyişə bilər. İki yaşdan sonra defekasiyaların sayı adətən gündə 1-2 dəfə olur. Hər bir valideyn körpəsinin  hansı tezliklə tualetə getdiyini bilir. 6 ayadək uşaqlarda nəcis çox yumşaq, daha sonra formalaşmış konsistensiyalı olur. Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə bir neçə dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir, lakin uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri xarici görünüşcə normaya uyğundursa, bunu normal hal hesab etmək olar. Nəcis kütlələri çox bərk konsistensiyaya malik olduqda nəcisdə qan izlərini görmək mümkündür. Bu, düz bağırsaqda çatların mövcudluğunu göstərir.

Qəbizlik zamanı nəcis ifrazının ləngiməsi ilə yanaşı uşaqda digər əlamətlər də ola bilər :

• ümumi narahatlıq, tez yorulma

• oyanıqlıq, əsəbilik, yuxu pozuntuları

• baş ağrıları, başgicəllənmə

• diqqətsizlik, qavramanın və yaddaşın pozulması

• ürəkbulanma

• iştahanın azalması

• ağızdan xoşagəlməz iyin gəlməsi, dilin üzərinin ərpli olması

• dərinin quru olması, saçın və dırnaqların qırılması

Qəbizlik təhlükəlidirmi?

Qəbizlik adətən kəskin gedişli olub, bir neçə gün davam edir. Bəzən isə bu, xroniki hal alıb, uzun illərlə davam edə bilər. Xüsusən uzun müddət davam etdikdə qəbizlik çox xoşagəlməz ağır nəticələr verə bilər:

• Uşaqda qəbizlik nəticəsində faydalı vitaminlər və mikroelementlər zəif şəkildə sorulur ki, bu da anemiyaya, immunitetin zəifləməsinə səbəb ola bilər.

• Bağırsaqda qalan nəcis kütləsi ilə bədəni zəhərləməsi ürəkbulanma və qusmaya gətirib çıxarır.

• Uzun müddət müalicə olunmadan davam edən qəbizlik uşaqlarda hemorroy, düz bağırsaq çatları, bağırsaq keçməzliyi, bağırsaq qanaxmaları, paraproktit, enkoprez, nadir hallarda yoğun bağırsağın şişi ilə ağırlaşa bilər. 

Qəbizlik zamanı nə etmək lazımdır? 

Qəbizliyin səbəbi və forması müxtəlif olduğuna görə özbaşına müalicə yolverilməzdir və mütləq həkimə müraciət edilməlidir. Müalicə zamanı və sonra qida rejimi və pəhrizə, fiziki aktivliyə diqqət yetirilməli, stres faktorları aradan qaldırılmalıdır. 

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq