Uşaqları yanıqlardan necə qorumalı?

Uşağın dərisi böyüklərin dərisindən daha incə olduğu üçün yanıqlara daha çox məruz qalır və yanıqların gedişi daha ağır olur. Yanıq xəsarətləri olduqca ağrılıdır və uzun müddətli müalicə tələb edə bilər.

Uşaqlar ən çox mətbəxdə isti çay, qəhvə kimi mayelərin və ya krandan isti suyun onların üstünə tökülməsi nəticəsində yana bilərlər. Bundan başqa, yanıqlar uşaq isti vannaya salındıqda, buxardan və ya isti əşyalara toxunma nəticəsində baş verə bilər. Uşaqlar kibrit, şam, atəşfəşanlıq ilə oynayarkən, yanğın zamanı, elektrik rozetkasına əşyalar salarkən, bəzən günəşdə qalmaqdan da yana bilərlər. Süzüldükdən15 dəqiqədən sonra belə, bir stəkan çay körpəni ciddi şəkildə yandıra bilər. Ən çox yanma mətbəxdə baş verir.

Uşaqların yanıq zədələrinə qarşı təhlükəsizliyini təmin etmək üçün:

  • İsti çay, yemək və ya digər maye ilə dolu stəkanları, boşqabları və çaydanları masanın kənarından uzaq saxlayın;

  • İsti əşyaları, elektrik qızdırıcıları, qaz plitələri, ütünü uşaq üçün əlçatmaz yerə qoyun;  

  • Uşağın əli çata bilməsin deyə, qazan tutacaqlarını sobanın ortasına çevirin;

  • Elektrik çaydanlarının tellərinin masanın kənarından asılı qalmağına imkan verməyi;

  • Evdə azyaşlı uşaqlar varsa, mətbəx masasından çəkilə biləcək süfrələrdən istifadə etməyin; 

  • Uşaqları və isti qidaları, mayeləri eyni vaxtda daşımayın;

  • Qazanda qaynar suyun və ya başqa bir isti əşyanın yerini dəyişdirməzdən əvvəl heç bir maneənin olmadığından əmin olun;

  • Yemək  bişirərkən, sobanın arxa ocağından istifadə edin;

  • Yanan siqaretləri və ya şamları baxımsız qoymayın; 

  • Uşaqları soba və manqaldan uzaq tutun;

  • Açıq kamin üçün qoruyucudan istifadə edin;

  • Su qızdırıcısını 50°C-dən çox olmayan bir temperatur rejimində qoyun və ya termostatik klapan quraşdırın;

  • Uşağı çimizdirərkən suyun istiliyini vanna termometri ilə, olmadıqda isə biləyin üstündən suyu axıdaraq yoxlayın. Uşağı yuyundurmaq üçün suyun ən ideal temperaturu bədən istiliyinə yaxın olan 37-38 °C-dir;

  • Uşağı hamamda, xüsusilə də su kranı açıq olduqda, nəzatətsiz buraxmayın;

  • Təhlükəsizlik standartlarına cavab verməyən lampalar və ya gecə işıqları kimi elektrik avadanlıqlarından istifadə etməyin;

  • Uşaqların atəşfəşanlıqla oynamasına icazə verməyin;

  • Uşaqlara yanğın zamanı davranış qaydalarını öyrədin;

  • Benqal çilçırağından istifadə edən uşaqlara diqqət yetirin. Beş yaşına çatmayan uşaqlara benqal çilçırağı verməyin və böyük uşaqlara isə istifadə zamanı qol uzunluğu məsafəsində saxlamağı öyrədin;

  • Uşaqları, xüsusən günün ən isti vaxtlarında, uzun müddət günəşdə buraxmayın. Uşaqlar günəşə çıxdıqda günəş şapkası geyindirin və günəşdən qorunma faktorlu (SPF)  kremlərindən və ya dərisini örtən geyimdən istifadə edin.

Bəzən kimyəvi  maddələrin təsirindən kimyəvi yanıqlar baş verə bilər. Bunlar daha az rast gəlinsə də, çox təhlükəlidir. Uşaqları kimyəvi yanıqlardan qorumaq üçün məişət kimyası vasitələrini, boyaları, lakları, aseton və digər kimyəvi maddələri uşaqların əli çatmayan yerlərdə saxlayın.

Özümüz də təhlükəsizlik qaydalarına riayət etməliyik. Yadda saxlayaq ki, böyüklərin təhlükəsiz həyat tərzini nümayiş etdirməsi  və  özlərini necə aparması çox önəmlidir. Çünki uşaqlar çox vaxt bizim etdiklərimizi təkrarlayır!


 

Həqiqət

Oxudum co

Həqiqət

Oxudum co