1 yaş böhranı

Birinci ilin sonunda artıq uşaq ayaqları üstündə dəstəksiz dayanmağa və gəzməyə başlayır. Nəticə olaraq onun gündəlik həyatında sərbəstlik kəskin şəkildə yeksəlir. O, evdə bir otaqdan o birinə qaçır, mənzilin bütün küncünə girir, dolabları açıb oradakı əşyaları qarışdırır, divar kağızlarını cızır, oturacaqlara qalxır və ümumiyyətlə, baxış sahəsinə daxil olan bütün əşyalara yaxınlaşıb toxunur. 

Digər tərəfdən bu fiziki müstəqillik uşağın mənfi reaksiyaları ilə müşayiət olunur. Belə ki, körpə onun hərəkətlərinin yetkin insan tərəfindən idarə edilməsinə qarşı etiraz edir, hətta böyüklərin davranışlarını idarə etmək istəyini irəli sürür, hara və nə vaxt gedəcəyinə, nə geyinəcəyinə və nə oynayacağına özü qərar vermək iddiasında olur. Bir zamanlar çox sakit körpə birdən kaprizli, davranışları isterika ilə dolu uşağa çevrilir. İnkişafın bu mərhələsi inkişaf psixologiyasında “bir yaş böhranı” adlandırılır. Bununla psixi inkişafda  körpəlik dövrü bitir və erkən yaş dövrü başlayır. Uşaq hər şeyi müstəqil eləmək istəyir, lakin həyatın əksər məqamlarında hələ bunu edə bilmir və dəstəyə ehtiyacı olur. Böhranın yaranmasının səbəblərindən biri də bundan ibarətdir: istəyir, lakin alınmır və yetkin insanın müdaxiləsinə etiraz bildirir.

Tədqiqatlar göstərir ki 1 yaş böhranı 10-15-ci ayları əhatə edir. Bu zaman uşağın davranışı növbəti əlamətlərlə müşahidə olunur:

  • Tərbiyə çətinləşir. İnadkarlıq, valideyn tərəfindən diqqətin tələb edilməsi, böyüklərin tələblərinə uymamaq kimi davranışlar özünü göstərir;

  • Müsbət və mənfi yeniliklər yaranır. Sərbəstlik cəhdləri yaranır (qida qəbulunda, paltar geyindirəndə), gigeyinik və rejim prosedurlarından imtina edir;
    Yetkin tərəfindən olan qiymətləndirməyə (pisləmə, tənqid) qarşı xüsusi həssaslıq – küsəyənlik, narazılıq, böyüyə və əşyalara yönəlmiş aqressiya yaranır;

  • Qeyri-adi və ziddiyyətli davranış özünü göstərir, yəni kömək istəyib sonra ondan imtina edir;

  • Kaprizlər kəskin çoxalır.

Böhran uşaq həyatının bütün sahələrini ehtiva edir. Bacarmasa belə əşyalarla hərəkətləri daha müstəqil etməyə cəhd edir. Məsələn, uşaq qaşığı tuta bilmir, lakin ananın onu yedizdirməyinə etiraz bildirib özü qaşığı götürərək qida qəbul etmək istəyir. 

Yetkin insanlarla davranışlarında seçici olurlar. Yad insanlara şübhə və ehtiyatla, ancaq yaxın yetkinlərə tələbkar və aqressiv yanaşa bilərlər. Körpənin özünə qarşı münasibətdə də dəyişiklik görmək olur. Öz müstəqilliyini daha qəti şəkildə qoruyur və sərbəst seçim haqqını tələb edir.

Artmış bacarıqlarla yanaşı birinci ilin sonunda uşaqda xüsusi psixi keyfiyyət formalaşır. Bir yaşlı uşağın davranışları təkcə qarşısında olan əşyaların təsiri ilə yox, həm də yadına düşın obraz və təsəvvür əsasında idarə olunur. Bu obrazlar “motivləşdirən təsəvvürlər” adlandırılır. Bununla uşaqda böyükdən aslı olmayan istək yaranır. Əgər öncəki dövrlərdə körpənin diqqətini bir oyuncaqdan o birisinə asanlıqla yönləndirmək olurdusa, bir yaşdan sonra bunu etmək alınmayacaq, çünki artıq uşaq həmin əşyanın obrazını yadında saxlayır. 

Beləliklə, 1 yaş böhranı iki əsas səbəbdən baş verir. Birinci səbəb – körpənin fiziki müstəqilliyi artır, lakin hələ də dəstəyə ehtiyacı olur. Bununla belə hərəkətləri heç kəsdən dəstək almadan icra etməyə cəhd göstərir. İkinci səbəb – uşağın davranışları yalnız yetkin insan tərəfindən yox, eyni zamanda onun istəkləri ilə də idarə olunur.  

 

Mənbələr

  1. Смирнова Е.О. Детская психология: Учебник для вузов. 3-е изд., перераб.-СПб.: Питер, 2009.-304 с.

  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.