Hər bir qadının həyatında hamiləlik dövr&u...
Bəzi insanlar müasir texnologiyaların uşaqlar üçün tam zərərli olduğuna əmindirlər. Digərləri az qala doğulan kimi uşaq üçün planşet almağa tələsir. Təəssüf ki, valideynlərin bu məsələ ilə bağlı fikirlərində bəzən yanlışlıqlar olur. Bu səbəbdən ən uyğun həll yolunu tapmaq üçün qorxudan qaynaqlanan yalan məlumatlardan uzaq olmaq, sağlam düşüncəni rəhbər tutmaq lazımdır.
Hazırda uşaqların sosial, fiziki, emosional və zehni inkişafına təsir edən tamamilə yeni şərtlərdə yaşayırıq. Müasir dövrdə yeni texnologiyalar çox sürətlə yayılır və daim inkişaf edir. Uşaqlar planşetlərin, mobil telefonların, noutbukların ekranlarına gündə ən azı səkkiz saat və daha çox baxmaqla virtual aləmdə vaxt keçirirlər. Bu, uşaqların valideynlərlə və ya məktəbdə keçirdikləri vaxtdan daha çoxdur. Bilik əldə etmək, başqa mədəniyyətlərlə, yeni insanlarla tanış olmaq, öz yaradıcı imkanlarını və düşüncələrini ifadə etmək baxımından internet uşaqlar və gənclər üçün hədsiz imkanlar yaradır. Texnoloji inkişafda kəskin sıçrayış yeni tələblər irəli sürərək, müasir peşələr ortaya çıxarır. Müasir dünyada işəgötürənlər inamlı internet istifadəçilərinə üstünlük verirlər. Bir sözlə, internet həyatımızın bir parçasına çevrilir.
Dövrümüzün reallığına uyğunlaşmaqla yanaşı, uşaqları internetin zərərli təsirindən də qorumaq lazımdır. Məhdudiyyətlər yalnız uşaqlar kiçik olduqda işləyir. Uşaq böyüdükcə müstəqillik ehtiyacı da artır. Mübahisələr bu anda başlayır və bu zaman valideynlər nəyin doğru olduğunu anlamaya bilərlər. Uşağınızın internetdən düzgün istifadə etməsinə kömək etmək, yəni uşağa müəyyən məhdudiyyətlər çərçivəsində müstəqillik vermək lazımdır. Nə sərt qadağalar, nə də əksinə internetlə əlaqəli nəzarətsizlik yaxşı bir nəticə verməyəcək.
Uşağın ünsiyyət vasitələrinə düzgün münasibətini formalaşdırmaq və ona internetlə düzgün davranmağı öyrətmək üçün universal bir resept yoxdur. Burada əsas valideynlərin öz seçimidir. Lakin bəzi qaydalara riayət etmək faydalı olar:
Uşaq hələ doğulmamışdan əvvəl media mühitində davranış qaydaları barədə düşünə bilərsiniz. Televizor üçün ən düzgün yeri seçməyi, nə zaman söndürməyi, uşağın yanında nəyi seyr edə biləcəyinizi və nəyi seyr edə bilməyəcəyinizi razılaşdırın. Eyni şey kompüter və digər mobil cihazlara da aiddir.
Valideyn uşağa onlayn necə davranmağı öyrətmək istəyirsə, özünün internetdəki davranışını diqqətlə izləməlidir. Təbii ki, atalar və anaların şəxsi nümunələrindən çox şey asılıdır. Monitor qarşısında nə qədər vaxt keçirdiyinizi diqqətdə saxlayın. İnternetdən nə üçün (iş, məlumat və ya əyləncə) istifadə etdiyiniz də vacibdir. Uşaqlar daim sizi izləyir və sizdən nümunə götürürlər.
Mobil cihazlardan nə zaman istifadə edilmədiyi vaxtı təyin edin. Qadağanın müddətini ən yaxşısı ailə məclisində müzakirə edin. Əlbəttə ki, bu qərarı vermək asan deyil, çünki bir çoxumuzun, o cümlədən böyük uşaqların təhsil üçün bəzən smartfon və planşetə ehtiyacı olur. Ancaq elektron alətlərdən istifadəyə sərhəd qoyaraq ailə ilə keçirilən vaxtın böyük bir dəyər olduğunu göstərəcə bilərsiniz.
Övladlarınızın sizə məhəl qoymamağını istəmirsinizsə, heç bir səbəb olmadan internet mühitindəki seçimlərini tənqid etməməyə çalışın. "Yenə kimləsə söhbət edirsən! Bəlkə kifayətdir?", bu kimi ifadələr faydasızdır. Fərqli deməyə cəhd edin: “Facebook-dakı yazını görmüsən? Buna münasibətin necədir? ” Maraqlı və mübahisəli materialları müzakirə etməyə hazır olmağınız uşağınızın daha açıq olmasına kömək edəcəkdir. Uşaq üçün təhlükəsiz bir məkan təşkil edərkən ən vacib şey istifadə ilə bağlı bütün problemləri uşaqla açıq müzakirə etməkdir.
Övladlarınızın yaşadıqları ilə yaşamağa çalışın. Birlikdə bir şeylər izləsəniz, uşaqlarınızın seçimlərində daha diqqətli olmasına nail ola bilərsiniz.
Proqramın və ya saytın təhlükəsizliyinə 100% əmin deyilsinizsə, bütün "tələləri” aydınlaşdırın.
Uşaqla danışın, bütün "narahat" məqamları izah edin. Uşaqlar böyüdükdə, sosial şəbəkələrdə onlara qoşulun.
Real həyatda nə isə öyrənməyə kömək edə biləcək nümunələri axtarın.
Sosial şəbəkələrdə uşağınıza maraqlı ola bilən mövzular axtarın.
Fikriniz
0
0