Uşaqlarda təsadüfi boğulmalar

Boğulma  evdə baş verən təsadüfi xəsarətlərin digər növlərinə nisbətən daha az baş versə də, çox ağır nəticələrə səbəb ola bilər.

Evdə uşaqlar aşağıdakı səbəblərdən boğula bilər: suda boğulma, yad cisimlərin , maye və ya qida parçalarının tənəffüs yollarına düşməsi və tənəffüs yollarının sıxılması nəticəsində boğulma.

Suda boğulma

Suda boğulan uşaqların 70%-dən çoxu oğlanlardır və bir yaşdan dörd yaşa qədər uşaqlar daha yüksək risk altındadır. Kiçik yaşlı uşaqların suda boğulması ən çox tanış olan bir mühitdə, məsələn, hamamda, bağ hovuzlarında, bəzən çayda və dənizdə baş verir. Kiçik uşaqlar üzü üstə düşdükdə hətta 5 sm suda belə boğula bilərlər. Bu, ani baş verə və hər kəsi qəfil yaxalaya bilər. 

 Suda boğulmanın qarşısı almaq üçün : 

  • Yuyunduqdan sonra hamamda vannanın suyunu boşaldın;

  • Hamamda olan bütün su qablarını boşaldın və çevirin;

  • Suda və ya hamamda olan kiçik uşaqlara nəzarət etməyi böyük qardaş və bacılara həvalə etməyin;

  • Hamam oturacaqlarından istifadə etməyin və ya istifadə edildiyi təqdirdə uşağı hamam oturacaqlarında baxımsız qoymayın;

  • Uşaqlara kiçik yaşlarından üzməyi öyrədin. Dəniz və digər su hövzələrində olarkən, uşağa xilasedici jilet geyindirin;

  • Suda və ya su yaxınlığında olan uşaqları daim şəkildə izləyin.

               

Yad cisimlərin tənəffüs yollarına düşməsi nəticəsində boğulma 

Kiçik yaşlı uşaqlara ətrafda olan hər şey maraqlıdır. Yeni bir obyekti araşdırmaq  üçün daim əşyaları ağızlarına qoyurlar. Qida qırıqları, şirniyyat, qoz-fındıq,  müxtəlif drajelər, kiçik oyuncaq və ya lateks topu kimi əşyalarla hava yolunun tıxanması boğulma verir. Uşaqlar həmçinin suyun və digər mayelərin tənəffüs yollarına düşməsi nəticəsində də boğula bilərlər.

 

Yad cisimlərin tənəffüs yollarına düşməsi nəticəsində boğulmanın qarşısını         almaq üçün:

 

  • Dörd yaşdan kiçik uşaqlara boğulmaya səbəb ola bilən qida məhsulları –  fındıq, popkorn və şirniyyat kimi kiçik, sərt qidalar verməyin;

  • Uşaq oyuncaqları alarkən yaş tövsiyələrinə əməl edin; kiçik yaşlı uşaqlar üçün oyuncaqların ölçüsü qolf topundan daha böyük olmalıdır; 

  • Üzüm və kolbasa kimi hamar, dəyirmi qidaları uşaqlara verməzdən əvvəl uzunluğu boyunca kəsin;

  • İçərisində kiçik oyuncaqlar olan şirniyyatları kiçik yaşlı uşaqlara nəzarət olmadan verməyin;

  • Döşəmədə və aşağı siyirmələrdə düymə, muncuq, kürəcik, sikkə, sancaq və daş kimi xırda əşyalar saxlamayın;

  • Qırılan oyuncaqları atın;

  • Otağı tez-tez tozsoranla təmizləyin;

  • Bütün plastik paketləri və ya torbaları uşaqların ala bilmədiyi yerlərdə, xüsusən də yataq otağından uzaqda saxlayın;

  • Yemək yeyərkən uşağın fikrini yayındırmayın və uşağı güldürməyin;

  • Körpələri nəzarətsiz buraxmayın.

             

Sıxılma nəticəsində boğulma 

Bu, uşaqların geyim, krujeva, yataq toru, pərdələr və ya jalüzlər kimi əşyalara dolaşması nəticəsində ola bilər. Böyüklərin çarpayılarında yatan uşaqların yuxuya  gedən valideynlər tərəfindən əzilmə və boğulma riski də yüksəkdir. 

Sıxılma nəticəsində boğulmanın qarşısını almaq üçün: 

  • Uşaq ayaqqabılarında, geyimlərinin başlığında və yaxalarında olan bağları çıxarın və ya bağsız variantlarını alın; 

  • Uşaq çarpayısını pərdələrdən uzaqda quraşdırın;

  • Uşaq çarpayısını, beşik və ya uşaq yatağını yumşaq əşyalardan, krujevalardan və oyuncaqlardan, xüsusən də kiçik hissələri olan oyuncaqlardan, yumşaq oyuncaqlardan və tüklü yataqlardan azad edin; 

  • Beşiyi yoxlayın, çarpayının hissələri arasında çox böyük boşluqlar varsa, onu yumşaq bir yastıqla deyil, sərt materialla doldurun;

  • Jalüzlərdəki və pərdələrdəki ipləri kəsin yaxud onları uşaqların əli çatmayan yerdə saxlayın.

  • Uşağın çarpayısının üstündə örtüklər  və asma oyuncaqlar istifadə etməyin;

  • Körpə uşağı yatmaq üçün kürəyi üstə qoyun; 

  • Heyvanları, xüsusən də pişikləri körpələrin və kiçik yaşlı uşaqların yataq otağından uzaq tutun.