Uşaqlarımızla oynaya biləcəyimiz milli oyunlar.

Oyunun keçirilmə metodikasına daxil olan xüsusiyyətlərdən biri də uşaqların yerləşdirilməsi məsələsidir. Tərbiyəçi uşaqları elə yerləşdirməlidir ki, onlar bir-birlərini və yoldaşlarını görə bilsinlər. Dairə şəklində durmaq lazım gəldikdə tərbiyəçi elə dayanmalıdır ki, uşaqların hamısı izahatla və göstərilən hərəkətləri görüb başa düşsünlər.

Oyunu məzmununu uşaqlara çatdırmaq çox əhəmiyyətlidir. Tərbiyəçinin oyun və oyunun qaydaları haqqında izahı məntiqi, ardıcıl və aydın olmalıdır. O öz izahını da müəyyən plan əsasında aparmalıdır. Tərbiyəçi izahı sakit və aramla keçməlidir. O izah edə-edə hərəkətləri də göstərməlidir. Əgər oyun yenidirsə tərbiyəçi izahata və hərəkətlərin göstərilməsinə geniş yer verməlidir.

Tərbiyəçi qrupları yarımqruplara bölməyə, rolları bölüşdürməyə, uşaqlardan  başçı və aparıcı seçməyə diqqətlə yanaşmalıdır. Oyunun keçirilmısi üçün aşağıdakılar planlı surətdə nəzərə alınmalıdır:

1. Tərbiyəçinin oyunun keçirilməsinə hazırlığı.

2. Oyunun keçirilməsi.

3. Oyunun yekunlaşdırılması.

I. Oyunu düzgün keçmək üçün aşağıdakılar nəzərə alınmalıdır:

a) tərbiyəçinin qarşıya məqsəd qoyması;

b) oyunda iştirak edəcək uşaqların miqdarı;

c) oyunun keçirilmə vaxtı;

d) oyunun keçirilmə yeri;

e) havanın vəziyyəti və temperaturu;

q) vəsait və avadanlığın əldə edilməsi;

Oyunun keçirilməsində tərbiyəçi uşaqların bir-birinə münasibəti, öz rollarını düzgün başa düşmələrini, və buna uyğun hərəkət etmələrinə, oyun zamanı uşaqların yaşına uyğun əmək işinin tətbiqinə xüsusu əhəmiyyət verilməlidir. Tərbiyəçi çalışmalıdır ki, oyun prosesində uşaqlar hamısı fəal olsunlar. Oyunda uşaqlara sərbəstlik vermək və lazım gələndə onları istiqamətləndirmək lazımdır. Yeri gəldikcə tərbiyəçi oyun prosesində uşaqlar qarşısında  vəzifələr qoymalıdır.

Aşağıda bir neçə Azərbaycan  xalq oyunun keçirilmə metodikasını verilir:

 

“Çırtma-çırtma”

Oyun qrup otağında və ya açıq havada keçirilə bilər. Uşaqlar stullarda otururlar. Tərbiyəçinin işarəsi ilə bir-bir gəlib tərbiyəçinin verdiyi dörd daşı xalçanın üstünə ataraq, barmağı ilə daşları bir-birinə vurmalıdır. Əgər uşaq çırtma ilə daşların ikisini bir-birinə toxundurursa iki xal qazanır. Oyun 10-a qədər davam etdirilir. Kim tez 10-a çıxsa, o qalib sayılır. (daşlar bir-birindən aralı düşməlidir, çeçələ barmaq iki daş arasından keçmirsə, daşları başqa oynayan uşaq atır.)

Tərbiyəçi oyunu göstərə-göstərə izah etməlidir.

Bu oyunu stol üstündə və xalça üzərində də aparmaq olar.

Uşaqlar növbə ilə oyunda iştirak etməlidirlər.

Qalib gələn uşağı qrup uşaqları əl çalmaqla qarşılamalıdırlar.

 

“Çaydan keçdi”

Oyun otaqda yaxud açıq havada keçirmək olar. Tərbiyəçi uşaqlara stullarda oturmağı təklif edir. Tərbiyəçinin göstərişi ilə iki uşaq üzbəüz oturur. Onlar ayaqlarını bir-birlərinə birləşdirirlər. Stullarda oturan uşaqlardan iki nəfəri xalça üstündə oturan uşaqların ayaqlarının üstündən hoppanmalıdırlar. Uşaqlar hoppanan zaman ayaqları yerdə oturan uşaqların ayağına dəysə həmin uşaq öz yoldaşı ilə onları əvəz etməlidirlər.

Tərbiyəçi fikir verməlidir ki, uşaqlar cüt-cüt  ayaq üstə hoppansınlar.

Çayı təmsil edən uşaqlar ayaqlarını tərpətməməlidirlər.

Bütün uşaqlar cüt-cüt, tələsmədən oyunda iştirak etməlidirlər.

 

“Əl üstə kimin əli”

Uşaqlar stullarda və ya xalçada dairəvi şəkildə otururlar. Həmin uşaqlardan 4-5 nəfər dairənin mərkəzində dayanırlar. Tərbiyəçinin göstərişi ilə uşaqlardan biri tapıçı təyin edilir. Həmin uşaq belini bir qədər də qabağa əyərək əlləri ilə dizinə söykənir. Qalan o biri dörd nəfər uşaq isə əllərini bir-birinin üstünə, tapıcının kürəyinə qoyurlar. Tərbiyəçi həmin dörd uşaqla birlikdə “əl üstə kimin əli” deyə tapıcıya sual verir.

Tapıcı əl üstə kimin əli olduğunu düz müəyyən etsə, qalib hesab edilir. Adı deyilən uşaq isə tapıcını əvəz edir. Tapıcı suala düzgün cavab verməsə, uşaqların arzusu ilə ya rəqs etməli, ya da mahnı oxumalıdır.

 

“Ağ top və  qara top”

Top keçədən və (yundan)olur.

Oyun açıq havada və ya qrup otağında keçirilir. Qrupdakı uşaqlar 2 dəstəyə ayrılırlar. Hər dəstəyə bir başçı seçilir. Tərbiyəçi başçının birinə ağ top, o birinə isə qara top verir.

Tərbiyəçinin işarəsi ilə topları uşağa atırlar.

Tərbiyəçi ikinci dəfə işarə verən kimi hər dəstədən bir uşaq topu gətirməyə qaçır. Hansı dəstə çox top gətirsə o qalib hesab olunur.

İkinci işarə verilən kimi uşaqlar qaça bilərlər.

Uşaqlar bir-birlərinə mane olmalıdırlar.

Oyunda bütün uşaqlar iştirak etməlidirlər.

Oyunu bir neçə dəfə təkrar etmək olar.

                        “Körpüdən keçdi”

Oyun otaqda ya açıq havada keçirilə bilər. Bütün uşaqlar stullarda və yaxud xalça üstündə otururlar. Tərbiyəçi oyunu aparmaq üçün iki uşaq seçir. Həmin uşaqlar xalça üzərində ayaq üstə, baş-başa dururlar.

Uşaqlar bir-bir baş-başa duran iki uşağın arasından sürünüb keçməlidirlər. Əgər uşaqlar sürünüb keçirlərsə bütün qrup uşaqları əl çalırlar.

Sürünüb keçən hər hansı bir uşaq baş-başa duran uşaqlara toxunsa, o yanındakı yoldaşı ilə baş-başa duran uşaqları əvəz edir. Oyun bütün uşaqların iştirakı ilə davam edir.

Oyunu bir neçə dəfə təkrar etmək olar.

 

“Üzük gizlətmə”

Xalça üstündə uşaqlar dairə vurub otururlar. Ortaya böyük bir süfrə salınır. Bütün uşaqlar bu süfrənin ətrafında oturaraq əllərini süfrənin altında gizlədirlər. Tərbiyəçi bir uşağı kənarda saxlayır ki, uşaq oyunu idarə etsin. Tərbiyəçi xalça üstündə oturan uşaqların birinə üzük verir. Uşaqlar süfrənin altında üzüyü bir-birlərinə ötürürlər. Tərbiyəçinin işarəsi ilə üzük bir uşaqda qalır. Sonra tərbiyəçi kənarda duran uşaqan üzüyün kimdə olduğunu soruşur. Həmin uşaq üzüyü tapsa, üzük olan uşağın yerinə, üzük olan uşaq isə kənarda olan uşağın yerinə keçir. Lakin uşaq uduzsa cərimə olunur. Uşaqların arzusu ilə müxtəlif hərəkətlər göstərir, oynayır və oxuyur.

Üzüyü kimdə olduğunu tapıcıya deməyə icazə verilmir.

Oyun yeni “tapıcının” seçilməsi ilə təkrar edilə bilər.

“Gözbağlıca”

Oyunu açıq havada və ya qrup otağında keçirmək olar. Tərbiyəçi uşaqların sayını nəzərə alaraq təbaşirlə dairə çəkir. Həmin dairədə uşaqlar  dayanırlar. Uşaqların üzləri dairəyə doğru olmalıdır. Tərbiyəçi uşaqların birini dairənin mərkəzinə gətirib gözünü təmiz yaylıqla bağlayır, bir neçə dəfə uşağı yerində fırlandırır.

Tərbiyəçinin işarəsi ilə uşaq gedib yoldaşlarının birinə əlini toxundurub tanımalı və adını deməlidir.

Gözü bağlı uşaq yoldaşını tapsa, açıb həmin tanıdığı yoldaşının yerində durur. Yoldaşı isə onu əvəz edib oyunu davam etdirməlidir, gözü bağlı yoldaşını tanımasa, uşaqların hamısı bir ağızdan deməlidir: ”tanımadın”. Uşaq keçib dairədə yoldaşlarının yanında durmalıdır. Tərbiyəçi yenidən bir uşağı dairənin mərkəzinə gətirib gözünü bağlayır və oyun yenidən davam edir.

Oyun zamanı uşaqlar gözü bağlı yoldaşına özlərini tanıtmamalıdırlar.

Oyunun aparılması üçün hər bir uşağın təmiz yaylığı olmalıdır.

“Boğça-boğça”

Oyunu otaqda və ya açıq havada aparmaq olar. Tərbiyəçinin işarəsi ilə uşaqlar əl-ələ tutb dairə təşkil edərək çöməlirlər.

Tərbiyəçi bir uşağı aparıcı təyin edir. Həmin aparıcıya tərbiyəçi bir yaylıq verir. Oyunu aparan uşaq yəni “aparıcı” bu sözləri üç dəfə ahənglə təkrar edərək deyir:

A boğça-boğça-boğça!

Yerdə qalan uşaqlar isə cavab olaraq deyirlər:

Gəlin oxuyaq hamılıqca!

Oyunu aparan uşaq yaylığı uşaqlardan birinin çiyninə salmalıdır. Çiyninə yaylıq qoyulan uşaq yaylığı əlinə alıb ayağa qalxmalı, aparıcının dalınca qaçıb onu tutmalıdır. Aparıcı bir qədər qaçdıqdan sonra yaylığı verdiyi uşağın yerini tutmalıdır. Yoldaşının yerini tuta bilməyən (aparıcı) uşaq oyundan kənar edilir və uduzmuş olur.

Hər dəfə oyun yenidən təkar edildikdə oyunu uduzan uşaqlar oyuna dəvət edilməlidirlər.

“Top dəydi”

Tərbiyəçi uşaqlara stullarda və yaxud xalçanın üzərində oturmağı təklif edir. Həmin uşaqlardan 8 nəfərini meydançanın və yaxud  otağın ortasına gətirir.

5 metrlik 2 paralel xətt çəkilir. Bu xəttlərin arası 3 metr olmalıdır. Xəttin içərisində ortada 4 nəfər uşaq durur. Həmin o 4 nəfər 2 qrupa ayrılır. 2 uşaq sağ xətt, 2 uşaq isə sol xəttin arxasında durur. Parçadan tikilən kiçik topu tərbiyəçi sağ və yaxud sol xəttin üzərində duran uşaqların birinə verir. Xəttin kənarında duran uşaqlar ortada duran 4 nəfər uşağı nişan almalıdır. Top kimə dəysə o uşaq oyundan kənar olunur. Əgər topu uşaq tutsa, o uşaq oyunda yenə iştirak edə bilər.

Tərbiyəçi oyunun qaydasını izah etməlidir.

Tərbiyəçinin işarəsi ilə birinci top atılmalıdır.

Topu uşaqlar ancaq bədən nahiyyəsinə vura bilərlər.

Göstərilən xəttdən kənara çıxmaq olmaz.

 

“Özünüzə evcik tapın”

Uşaqlar meydança və yaxud otağın kənarında bir-birindən 10 sm aralı stullarda (evciklərdə) otururlar. Tərbiyəçinin “gəzməyə gedək” sözündən sonra uşaqlar (hərə bir tərəfə) bağa gəzməyə gedirlər. Bu zaman tərbiyəçi stulun (evciyin) birini gizlədir, və yaxud özü stulun (evciyin) birində oturur. O uşaqlara “özünüzə evcik tapın” dedikdə uşaqlar qaçıb bir ev tutmalıdırlar. Uşaqlardan biri evsiz qalır. ”Evsiz” qalan uşaq mahnı oxumalı və yaxud rəqs etməlidir.

Tərbiyəçinin ”gəzməyə gedək” sözündən sonra gəzməyə getmək olar.

Tərbiyəçinin “uşaqlar, özünüzə ev tapın” deməsilə uşaqlar qaçıb stullarda (evcikdə) otura bilərlər.

Uduzan uşaq mahnı oxuyur və rəqs edir.

Oyunu bir neçə dəfə təkrar etmək olar.

 

“Qıy-qıy”

Tərbiyəçi oyunu zalda yaxud meydançada apara bilər. Tərbiyəçi uşaqları iki bərabər hissəyə bölür.

Uşaqlar sıra ilə bir-birinin ardınca dayanırlar. Tərbiyəçinin işarəsi ilə hər sıradan bir uşaq qabağa çıxıb təyin olunmuş yerdən təxminən 5 metr məsafəni bir ayaq üstə hoppana-hoppana təyin olunmuş yerə gəlir.

Kim təyin olunmuş yerə tez çatsa o oyunda qalib hesab olunur.

Hoppana-hoppana gedərkən bir ayaqda o biri ayağa keçmək olmaz.

Oyun zamanı hər iki ayağını yerə qoymuş oyunçu oyunu uduzmuş hesab olunur.

Oyunçuların bir-birini itələməsinə yol verilmir.

 

“Səsindən tanı”

Bu oyunu otaqda və yaxud açıq havada aparmaq olar. Tərbiyəçi uşaqlara meydançanın bir tərəfində dayanmağı təklif edir. Uşaqlardan birini meydançanın mərkəzinə dəvət edir. Uşağın gözünü dəsmalla bağlayır. Meydançada duran uşağın  birinə bir heyvanın səsini təmsil etməyi təklif edir. Gözü bağlı uşaq yoldaşını tanımalı və adını deməlidir. Əgər yoldaşını tanısa, o uşaq onu əvəz edir. Tanımasa yenə gözünü bağlayıb oyunu davam etdirir.

Oyun zamanı bütün uşaqlar sakit durmalıdırlar.

Heyvanı təqlid edən uşaq yoldaşlarından iki addım aralı durub səs çıxartmalıdır.

Oyun zamanı qaydalara düzgün əməl edilməlidir və hər uşağın yaylığı olmalıdır.


 

“Kimin cərgəsi qalib gələr”

Bu oyunu açıq havada yaxud zalda aparmaq olar. Tərbiyəçi uşaqları iki bərabər hissəyə bölür. Tərbiyəçı oyun yerinin mərkəzində bir xətt çəkir. Hər cərgədən bir uşağı mərkəzə dəvət edir. Uşaqlar çəkilən cızığın kənarında üzbə-üz dayanaraq bir-birinin belindən tutaraq çəkişirlər. Hər komanda çalışmalıdır ki, öz dəstəsini artırsın. Uduzan uşaq qalib gələn uşağın dəstəsinə keçir. Sırada bir uşaq qalib gələnə qədər çəkişmək olar. Oyunun yekununda qalib gələn komandanı tərbiyəçi qeyd etməli və alqışlamalıdır.

Mərkəzdə çəkilən xətti uşaq taptalasa oyunu uduzmuş hesab olunur.

Oyun zamanı sakitlik gözlənilməlidir.

Tərbiyəçı gözləməlidir ki, oyunun qaydası pozulmasın.

 

“At beli”

Tərbiyçi bu oyunu xalça üzərində, otaqda və yaxud açıq havada apara bilər.

Tərbiyəçi püşk atır, püşkü düz tapmayan uşaq dairənin mərkəzində xalça üzərində uzanır. Uşaq uzandığı vaxt öz papağını belinə qoyur. Bütün uşaqların əlində öz papaqları olmalıdır. Hər uşaq papağını uzanan uşağın belindəki papağın üstünə qoyub hoppanmalıdır. Əgər hoppanan zaman uşağın papağı yerə düşərsə, uzanan uşağı əvəz etməlidir. Əgər uşağın papağı düşməzsə, uşaqların hamısı əl çalırlar.

Hər uşaq hoppandıqdan sonra öz papağını götürüb əlində saxlamalıdır.

Tərbiyəçı fikir verməlidir ki, oyunun qaydası pozulmasın.

Oyun zamanı sakitlik gözənlməlidir.

 

“Motal-motal” oyunu

Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadırdılar. Onlardan biri aşağıdakı şeiri deyir:

İynə-iynə,
Ucu düymə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi,
Qoz-ağacı
Qotur keçi,
Vur nağara,
Çıx qırağa.

    *  * *

Motal-motal tərsə motal
Yağ atar, qaymaq tutar.
Ağ quşum, ağarcığım,
Göy quşum göyərçinim.
Əlin tikan əmirqulu,
Vur nağara, çıx qırağa.

Bu şerin hər kəlməsini deyən uşaq əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstünə qoyur.  Şerin sonundakı “çıx qırağa” sözləri hər kəsin ayağının üstə deyilsə, o, ayağını çəkir.  Sonra yenə şeir başdan ayağa deyilir, və beləliklə,  uşaqlar bir-bir ayaqlarını çəkir. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə uzadıb, əllərini yumruq formasında onun kürəyinə qoyub soruşurlar:- Əl üstə kimin əli? Əgər uşaq əlini onun kürəyinə qoyanı tapsa onu durğuzurlar, yox əgər tapmasa, “Götürün vurun, yalandır” – deyib onu bir-neçə dəfə astaca vurur və yenə soruşurlar:- Əl üstə kimin əli? Beləcə, uşaq əl sahibini tapanadək onu astaca yumruqlayırlar.
Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cəldlik, çeviklik, diribaşlıq,  hazırcavablıq  və s. bu kimi müsbət keyfiyyətlər aşılayır.