Uşaqlarla oynaya biləcəyimiz hərəkətli (fiziki ) oyunlar

Əsas hərəkəti-hoppanma

“Lenti kim tez götürər?”

Uşaqlar bir neçə manqaya bölünüb (hər manqada 4-5 nəfər olmalıdır). meydançada çəkilmiş xəttin kənarında sırada dayanırlar. Manqalardan 10-15 metr aralı məsafədə 10-15 sm hündürlükdə ip bağlanır. Hər manqanın qarşısında bu ipin üstündən lent asılır.

Tərbiyəçinin “Qaçın” işarəsi ilə manqalarda dayanmış birinci uşaqlar öz lentinin yanına qaçır və hoppanaraq ipdən çəkirlər. Lenti birinci götürmüş uşaq qeyd olunur. Tərbiyəçi lenti yenidən ipdən asır. Birinci dayanmış uşaqlar  lenti götürdükdən sonra sıranın axırına gedir və lenti tərbiyəçiyə verirlər. Qalanlar xəttə tərəf irəliləyirlər. Tərbiyəçinin yeni işarəsi ilə  digər uşaqlar qaçıb lenti götürürlər.

Bütün uşaqlar lenti götürdükdən sonra  oyun qurtarır. Bundan sonra hansı manqa çox lent götürübsə nəzərə alınır.

 

“Qurbağalar və leylək”

Meydançanın mərkəzində hər tərəfi 4 və ya 5  metr olan bir kvadrat çəkilir.

Kvadratın künclərində 10-15 sm hündürlükdə payacıqlar basdırılır. Kvadratın ətrafına-payacıqlara ip bağlanır. Bura “qurbağaların” yaşadıqları “bataqlıqlardır”.

Meydançanın bir tərəfində də “leyləyin yuvası” cızılır. Tərbiyəçi uşaqlardan birini “leylək” seçir, qalan uşaqlar hamısı “qurbağaları” təmsil edirlər. Oynayanların hamısı qabaqcadan müəyyən edilmiş yerlərdə dayanır. Tərbiyəçinin: ”Leylək gəldi” işarəsi ilə “leylək” ayaqlarını hündürə qaldıraraq  bataqlığa tərəf gəlir və ipdən keçir, ”qurbağaları” tutmağa çalışır.

Bu zaman “qurbağalar” bataqlıqdan-ipin üstündən ikiayaqlı hoppanıb kənara qaçır və özlərini “leyləkdən” qoruyurlar. Bataqlıqdan sıçrayıb qaça bilməyən  “qurbağaları” “leylək” tutur və öz yuvasına aparır. Onlar müvəqqəti olaraq oyundan kənar olunurlar.

2-3 “qurbağa” tutulduqdan sonra yeni “leylək” seçilir.

 

“Qurd dərədə”

Meydançanın ortasında bir-birinə paralel 80-100 sm məsafədə iki düz xətt çəkilir. Bura-“dairədir”. Meydançanın kənarında bir-iki addım aralı başqa bir xətt çəkilir. Bura-“keçilərin” evidir. Uşaqların biri “qurdu”, qalanları isə “keçiləri” təmsil edirlər. ”Keçilər” meydançanın bir tərəfində (evdə), ”qurd” isə “dairədə” dayanır.

Tərbiyəçinin “Qurd dairədədir” işarəsi ilə  “keçilər” evlərindən çıxıb dairədən hoppanaraq meydançanın o biri tərəfinə qaçırlar. Bu zaman  “qurd” onları tutmağa çalışır. ”Qurd” tutduğu “keçiləri” dairənin bir kənarına aparır. Tərbiyəçinin yenidən “Qurd dairədədir” işarəsi ilə “keçilər” dairədən hoppanıb geri evlərinə tərəf qaçırlar.

3-4 dəfə qaçdıqdan sonra tutulan ”keçilər” evlərinə qayıdır və yeni “qurd” seçilməsi ilə oyun təkrar olunur. Tutulan uşaqlardan “qurd” təyin edilməlidir.

Oyunu 4-5 dəfə təkrar etmək olar.

 

Əsas hərəkət-dırmanma

“Halqadan keç”

Meydançanın mərkəzində bir-birindən bir-iki addım aralı məsafədə 5-6 halqa qoyulur.

Meydançanın (otağın) bir tərəfində bir xətt üzərində halqalarla qarşı-qarşıya onların sayı qədər bayraqlar düzülür. Meydançanın o biri tərəfində yenə bir xətt çəkilir. Xəttin o biri tərəfində uşaqlar 5-6 manqaya bölünüb düzülürlər. Hər manqa öz halqasının qarşısında sıraya düzülür.

Tərbiyəçinin: ”Başlayın!”-işarəsi ilə hər manqada dayanmış birinci uşaq öz halqasının yanına qaçıb çöməlir və halqanı götürüb onu yerə qoyaraq şaquli vəziyyətdə saxlayır. Tərbiyəçinin: ”Bir, iki, üç, qaç!”-deməsi ilə manqalarda  ikinci dayanmış uşaqlar qaçırlar. Onlar halqanın içindən keçir, bayraqların yanına qaçıb onları yuxarı qaldırırlar.

Sonra həmin uşaqlar bayraqları yerlərinə qoyaraq halqaları tutan yoldaşlarını əvəz edirlər. Onlar isə qaçıb öz manqasının axırında dayanırlar. Yenə də birinci dayanmış uşaqlar tərbiyəçinin: ”Bir. iki, üç, qaç!”-işarəsi ilə bayraqlara tərəf qaçırlar. Hər dəfə manqadakı birinci uşaq bayrağı götürməyə qaçdıqda o biriləri manqa xəttinə doğru irəli gəlirlər. Bayrağı yuxarı birinci qaldıran uşaqların sayı çox olan manqa oyunu udmuş olur.

 

“Meymunların tutulması”

“Meymunları” təmsil edən uşaqlar meydançanın bir tərəfində dırmanmaq üçün qoyulmuş hasarların, skamyaların yanında dayanırlar.

Oynayanlardan 4-5 nəfər ayrılıb meydançanın o biri tərəfində dayanır. Bunlar - “ovçulardır”. ”Meymunlar” gördüklərini təqlid edirlər. Bunlardan istifadə edərək ”ovçular” “meymunları” tutmaq üçün onları aldatmaq istəyirlər.

“Ovçular” edəcəkləri hərəkətləri qabaqcadan öz aralarında şərtləşirlər. Onlar meydançanın mərkəzinə çıxıb şərtləşdikləri hərəkətləri icra edirlər. Bu zaman “Meymunlar” hasarlara –skamyalara çıxıb onların hərəkətlərini müşahidə edirlər.

“Ovçular” müxtəlif hərəkətlər edəndən sonra gizlənirlər, ”meymunlar” isə ağaclardan, hasarlardan–skamyalardan düşüb həmin yerə yaxınlaşıb və “ovçuların” hərəkətlərini təqlid edirlər. Tərbiyəçinin: ”Ovçular!”-sözündən sonra “meymunlar” ağaclara dırmanırlar. Ağaca dırmana bilməyən “meymunları” “ovçular” tutub aparırlar.

Oyun 2-3 dəfə təkrar olunduqdan sonra yeni “ovçular” seçilir.

 

Əsas hərəkət-tullanma

“Ovçu və vəhşi heyvanlar”

Uşaqlar dovşanı, ceyranı, ayını, tülkünü, qurdu təmsil edərək otağın (meydançanın) bir tərəfinə “ovçu” isə bunlardan bir qədər aralı durur.

“Ovçu” torbasında iki balaca top  meşəni gəzib, ”vəhşi heyvanları” axtarır. Sonra  dincəlmək üçün oturur. Bu zaman tərbiyəçinin işarəsi ilə uşaqlar vəhşi heyvanların hərəkətini təmsil edərək ,məsələn,(”dovşanlar”əllərini qulaqlarının yanında tutaraq ayaqları üstündə hoppanırlar. ”Ceyranlar”cəld qaçırlar,”ayılar” yavaş-yavaş yeriyirlər və s. ) meydançada qaçışırlar.

Tərbiyəçinin: ”Ovçu gəlir!”-deməsi ilə ”Ovçu” torbasından topu çıxarıb ”heyvanlara” atır.Top kimə dəyirsə “ovçu” onu öz evinə aparır. 3-4 uşaq tutulana qədər oyun davam edir. Oyun təkrar olunduqda yeni “ovçu” seçilir.

 

“Adı çəkilən tutulmalıdır”

Uşaqlar meydançada və ya otaqda yeriyir, yaxud qaçırlar. Tərbiyəçi əlində bir top tutaraq uşaqlardan birinin adını deyir, və bu zaman topu yuxarı atır. Adı çəkilən uşaq topu tutub, başqa bir uşağın adını çəkərək yenidən topu yuxarı atmalıdır, yenə də adı çəkilən uşaq topu tutur. Beləliklə, oyun davam edir.

Topu adı çəkilən uşağa atmaq lazımdır.

 

“Topu tut”

Uşaqlar dairə üzrə dayanaraq topu dairənin içərisində dayanaraq bir-birlərinə atırlar. İki –üç uşaq dairənin mərkəzində dayanıb topu havada tutmağa çalışır. Kim topu tutarsa o ümumi dairədə dayanır və topu atıb tutmaqda iştirak edir, dairədə dayanan uşaqlardan biri onun yerinə keçir.

 

“Halqanı tut”

İki uşaq kiçik məsafədə iki-üç metrlikdə (qarşı-qarşıya) dayanırlar. Onlardan biri əlindəki kiçik halqaları atır, o birisi isə tutur. (Əvvəllər əl ilə, sonralar ağacla tutur). Bu bacarıqlara yiyələndikdən sonra uşaqlar oyun variantının öhdəsindən asanlıqla gəlib və onu həvəslə oynayırlar.

Uşaqlar cüt-cüt ayrılaraq 3-4 metr məsafədə qarşı-qarşıya dayanırlar. Onlardan birində (şərtə görə) əlində ağac, digərində isə ağac və bir neçə halqa olur. (Əvvəllər 2, sonra 3-4). Axırıncı halqanı ağacın ucuna keçirib onlar bir-bir öz yoldaşına tərəf atır, o da öz ağacı ilə halqaları tutur. Halqaların hamısı atıldıqda tutulan halqalar sayılır, bundan sonra uşaqlar rollarını dəyişdirirlər.

Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur.

 

“Bayrağın yanına kim tez qaçar?”

Uşaqlar otağın bir tərəfində düzülmüş stullarda otururlar. Bunlardan 5-6 addım aralı xətt çəkilir ki, bununda üzərində 4-5 uşaq dayanır.

Otağın (meydançanın) o biri tərəfində çəkilmiş xəttdən 18-20 addım məsafədə hər bir uşağın qarşısına stul düzülür və üzərinə bayraq qoyulur. Stullar bir cərgədə qoyulmalıdır.

Tərbiyəçinin: ”Bir, iki, üç, qaç!” -deməsi ilə xətt üzərində dayanmış uşaqlar bayrağa tərəf qaçıb onları götürür və yuxarı qaldıraraq yenə yerinə qoyurlar.

Tərbiyəçi bayrağı birinci qaldıran uşağı qeyd edir, sonra onlar gedib öz yerlərində otururlar. Yenidən 4-5 uşaq gəlib həmin xəttin üzərində dayanır.

Hər uşağın bir dəfə bayrağa tərəf qaçması ilə oyun qurtarır.

Oyunu 2-3 dəfə təkrar etmək olar.

 

“Lenti al”

Uşaqlar dairədə dayanırlar. Hər uşağın kəmərinin dal tərəfindən lent və ya rəngli parça keçirirlər. Tərbiyəçinin təyin etdiyi “tutan” uşaq dairənin mərkəzində dayanır. Onun: ”Qaçın!”-işarəsi ilə  uşaqlar otaqda –meydançada qaçırlar. Dairənin mərkəzində dayanan uşaq isə onların dalınca qaçıb lentləri götürməyə çalışır. Lenti alınan uşaq müvəqqəti olaraq kənarda dayanır.

Tərbiyəçinin:”Bir, iki, üç, tez dairəyə düzülün!”- işarəsi ilə uşaqlar otaqda meydançada qaçırlar. Dairənin mərkəzində dayanan uşaq isə onların dalınca qaçıb lentləri götürməyə çalışır.

Tərbiyəçinin: ”Bir, iki, üç, tez dairəyə düzülün!”- işarəsi ilə uşaqlar dairəyə düzülürlər. Dairənin mərkəzində dayanan uşaq topladığı lentləri sayır və onları yenidən uşaqlara qaytarır.Yeni “tutanın” seçilməsi ilə oyun təkrar olunur.