Uşaqlarda burun qanaxması

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, solğun olur, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur. Uşağın nə qədər qan itirdiyini təyin etmək mümkün deyil, qanın bir hissəsini uşaq sadəcə udur.

Uşaqlarda burun qanamasının səbəbləri nədir?

  • Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir. Uşaqların burnunda çox sayda damar olduğundan və səthə yaxın yerləşdiyindən, həmçinin selikli qişa incə olduğundan, buruna dəyən hər hansı bir zərbə qanaxmaya səbəb ola bilər.

  • Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.

  • Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən  çatlayaraq, qanaxmaya səbəb olur.

  • Damar keçiriciliyinin artması zamanı  iltihab, soyuqdəymə, qrip  zamanı burun qanaxması müşahidə oluna bilər. Bir qayda olaraq, damar divarının keçiriciliyinin artmasına irsi meyillilik olur.

  • Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda, xüsusən yeniyetməlik dövründə qan təzyiqində tez-tez kəskin dəyişiklik nəticəsində burun qanaması meydana gələ bilər. 

  • Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər. 

  • Yeniyetmə qızlarda hormonal dəyişikliklər zamanı burun qanamaları ola bilər. Bu qanamalar yaşla əlaqədar yox olur. 

  • Burun çəpərinin əyriliyi burun qanamasına və burun tənəffüsünün pozulmasına səbəb ola bilir.  

  • Bəzən burun qanamaları burundakı xoş və ya bədxassəli bir şişin, qan xəstəliklərinin əlaməti ola bilər.

Uşağın burnundan qan gəlirsə nə etməli?

  • Uşağı sakitləşdirin (və özünüz sakitləşin). 

  • Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun. Körpəni qucağınıza götürün və dik vəziyyətdə saxlayın, başını bir az irəli əyin. Burun qanaması zamanı başı geri atmaq olmaz! Bu, qanın nəfəs borusuna və ya burun-udlağa axmasına, qanlı qusmaya və ya sonradan pnevmoniyaya səbəb ola bilər. Həmçinin belə vəziyyətdə uşağın nə qədər qan itirməsini bilməyəcəksiniz.

  • Pəncərəni açaraq təmiz hava axınını təmin edin. Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.

  • Burun kökünə soyuq bir şey – dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun. Ayaqlar, əksinə, isti olmalıdır.

  • Burun qanadını barmaqlarınızla sıxın. Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu, xüsusi hemostatik (qankəsici) süngəri burun dəliyinə qoyun.

  • Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin. Bu, damarların genişlənməsinə səbəb olacaq və qanaxma yenidən başlayacaq.

  • Qanaxma şiddətlidirsə və dayandırıla bilmirsə, dərhal təcili yardım çağırın.
     

Hüseyn Hüseynov

Təşəkkürlər. Çox maraqlı məlumatdır.

Ruhiyyə Atakişiyeva

Saq olun. düzgün ve mariflendirici infarmasiyaniz üçün teşekkür edirem

Esgerova Feride

Cox faydali melumatdir

Nailə Şahbazova

Butun bunlarla yanasi qanin laxtalanmasini da yoxlatdirmaq lazimdir.