Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Leyla bağdakı kəpənəklərə baxırdı. Kəpənəklər gül çiçəyə qonur, bağdakı gözəlliyə öz rəngli qanadları ilə rəng qatırdı. Leyla bağdakı gözəlliyə baxmaqdan doymurdu. Kəpənəklər sanki qanadlı çiçəklər idi.
Qəflətən Leylanın ağlına bir fikir gəldi. Kəpənəklərdən birini tutub evə qaçdı. Ovcunda titrəyən, əllərindən qurtulmağa çalışan kəpənəyi dodaqlarına yaxınlaşdırıb pıçıldadı:
-Bundan sonra mənim otağımda yaşayacaqsan. Qorxma, darıxmayacaqsan. Pəncərəmdə elə qəşəng güllərim var ki.
Leyla kəpənəyi öz otağına apardı. Əvvəl pəncərəni bağladı. Sonra kəpənəyi dibçək güllərinin üzərinə atdı. Kəpənək çırpınır, özünü şüşələrə vurur, uçub getmək istəyirdi.
Anası Leylanın qaça-qaça, həyəcanla içəri girdiyini görmüşdü. Odur ki otağına gəlib nə baş verdiyini görmək istəyirdi. Ana pəncərədə çırpınan kəpənəyi görüb heyrətlə soruşdu:
-Leyla, kəpənəyi sən tutmusan?
-Bəli, ana, mən tutdum, istəyirəm bundan sonra mənim otağımda yaşasın, bu gözəl çiçəklərin üstündə.
-Leyla, axı o evdə yaşaya bilməz, görmürsən necə çırpınır? Onun yeri bağdı.
-Ee... ay ana, axı mən istəyirəm o mənim otağımda qalsın. Əgər pəncərədəki güllər olmasaydı, onun üçün çətin olardı. Bax buradakı güllər necə gözəl açıb.
-Leyla, o içəridə yaşaya bilməz, ona təmiz hava və çöldəki təbiət lazımdı, tez pəncərəni aç uçub getsin!
Leyla özünü şüşələrə çırpan kəpənəyə çox məyusluqla baxır, “kaş mənim otağımda qalardı” - deyə düşünürdü. Amma anasının sözündə həqiqət olduğunu başa düşüb pəncərəni açdı. Kəpənək qanadlarını yellədə-yellədə çölə uçdu. Leyla onu gözləri ilə müşaiyət edirdi. Kəpənək bağdakı çobanyastığının üzərinə qondu. Leyla başa düşdü ki, doğrudan da kəpənək evdə yaşaya bilməz. Bayaqdan çırpınan, özünü pəncərəyə vuran kəpənəkdən əsər-əlamət qalmamışdı. O, gah bu gülə, gah o biri gülə qonub sevincini öz hərəkətləri ilə elə bildirdi ki. Leyla da hər şeyi başa düşüb kəpənəyə baxıb gülümsəyirdi.
Fikriniz
0
0