Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Nadirin anadangəlmə əlləri yox idi. Həmişə yaşıdlarına həsədlə baxardı. O qədər həsəd aparardı ki, yuxuda tez-tez əlləri olduğunu görür və çox sevinirdi. Gördüyü yuxular çox vaxt bir-birinə bənzəyərdi. Hər dəfə yuxusunda göz oxşayan şəkillər çəkərdi. İstəyirdi bu yuxular heç bitməsin. İstəyirdi bu yuxular gerçək olsun.
Nadir meylini rənglərə salmışdı. Pəncərədən elə hey günəşə, buludlara, bağlarındakı ağaclara baxardı. Həmişə təbiətin əsrarəngiz gözəlliklərinə ilk dəfə görürmüş kimi vurulardı. Nadirin öz dünyası vardı. Rəngli dünyası. Atasından xahiş etmişdi ona rəngli boyalar və fırçalar alsın.Atası onun arzusunu elə həmin gün yerinə yetirmişdi.
Atası boya və fırçaları, ağappaq kağızlarını sakitcə stolun üstünə qoydu və Nadirə heç bir söz demədən otaqdan çıxdı. Nadir isə cəld qalxıb rəsm ləvazimatlarına çox sevinclə baxdı və otağın qapısını çiyni ilə itələyib örtdü. Həmin an Nadir bəlkə də dünyanın ən xoşbəxt uşağı idi.
O, rəsm çəkmək istəyirdi. Nə olsun ki, əlləri yoxdu. Ayaq barmaqları ki, var. O ağzı ilə fırçanı götürdü. Kağızı yerə sərdi. Boya qutusunu açdı. Bu işləri çiyni və ayaqları ilə edirdi. Boya şüşəsinin ağzını açmaq asan olmayacaqdı. Anasını köməyə çağırdı:
-Ana, bir dəqiq bura gəl.
Anası həmin an qapıda göründü. O, təəccüblə Nadirə, bir də yerə sərilmiş kağıza baxırdı.
-Ana, zəhmət olmasa boya şüşələrini aç və bura qoy.
Ana çox təəccüblənsə də, özünü o yerə qoymadı. Cəld boyaların qapaqlarını açıb Nadirin göstərdiyi yerə qoydu və otaqdan çıxdı.
Həmin gün Nadir gözəl bir günəş şəkli çəkmişdi. Günəşin elə gözəl şəfəqləri vardı ki. Səmadakı buludlar da günəşin ətrafında yan-yana düzülmüşdü. O, fırçanı ayaq barmaqlarının arasında sıxaraq tutmuş və şəkli çox məharətlə çəkmişdi.
Əslində Nadir fırçanı ayaq barmaqları ilə tutmağı çoxdan öyrənmişdi. Həmin günü belə xatırlayır. Onda Novxanıdakı bağlarında istirahət edirdilər. Nadirgilin evləri dəniz sahilinə çox yaxın idi. O, hamıdan tez qalxar, dənizin sahilinə qaçardı. Nazik çöpü ayaq barmaqlarına keçirib sıxar və həmin an günəşin doğmasını qumlu sahilə çəkərdi. İndi isə arzusu reallaşıb. Atası ona elə gözəl rəngli boyalar, fırçalar alıb ki. Bundan sonra gördüyü gözəllikləri ağ kağıza köçürəcək və dunyanın ən xoşbəxt uşağı olacaqdı.
Günlər keçir Nadir böyüyürdü. O, indi ən məhşur rəssamdı. Fiziki məhdudiyyətli rəssamlar arasında birinci yeri qazanan Nadirin sevincinin həddi-hududu yoxdu. Onun şəhərin mərkəzində rəsm qalereyası var. Bu qalereyanın tamaşaçıları axın- axın onun əsərlərinə tamaşa etməyə gəlirlər. Nadirin rəngli dünyası insanları heyran edir. İndi o dünyanın ən xoşbəxt insanlarından biridir.
Fikriniz
0
0