Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Meşədə lovğa bir dələ yaşayırdı. İşi-gücü kirpiyə lağ etmək idi. Bütün günü qəhqəhə çəkərək onu ələ salır, tikanlarına gülürdü. Kirpi buna görə çox kədərlənir, günlərlə özünə qapanır, çölə çıxmaq istəmirdi. Amma günlərin bir günü çox acdığı üçün yuvadan bayıra çıxmalı oldu. Dələ də çox yaxında imiş. Başladı nə başladı:
-Ha.. ha...ha... Tikanlı qardaş yenə bayıra çıxıb. Xoş gəldin, xoş gəldin, neçə vaxtdı hardaydın, ha...ha...ha...? Yəqin tikanlarından utanırdın hə?
-Xeyr, mən niyə tikanlarımdan utanıram? Tikanlarımı çox sevirəm. Heç bilirsən o məni necə təhlükələrdən qoruyur?
- Ha.. ha...ha... buna bax, hələ də boynuna almır ki, tikanları eybəcərdi.
-Axı eybəcər deyil. Bilirsən nə var, mən tikanlarımla çox xoşbəxtəm.
Dələnin qəhqəhəsi bütün meşəni bürüdü.
- Ha.. ha...ha... Xoşbəxtmiş, tikanlarla necə xoşbəxt olmaq olar?
Kirpi məyus halda yuvasına çəkildi. Səhəri gün gözünü səs-küyə açdı. Tez bayıra qaçdı. Nə görsə yaxşıdır? Yekə bir ilan dələnin qabağnı kəsib deyirdi:
-Fısss... səni sancmaq istəyirəm.
Dələ qorxudan ağlayır, ora-bura baxıb imdad diləyirdi. Ağaca tullanmaq istəyirdi. Lakin hər dəfə ilan quyruğu ilə onu vurub yerə salır və qarşısında fıs-fıs fısıldayırdı.
Kirpi bir andaca özünu onların arasına atıb dedi:
-Bu saat səni tikanlarımla sancacam.
İlan kirpini görüb çaşqin halda gözlərini oynatdı və anidən sürünüb aradan çıxdı.
Dələ kirpinin elədiyi yaxşığa görə təəccüb içində idi. Bilmirdi nə desin. Kirpini incitdiyi, lağ etdiyi günləri düşünüb xəcalət çəkirdi. Kirpi isə sevinc içərisində idi. O, dələni yırtıcı ilandan qoruduğu üçün çox xoşbəxt görünürdü.
-Gördün tikanlarım səni necə xilas elədi?
-Gördüm, kirpi qardaş, gördüm. Hətta sənə qibtə etdim tikanlı oduğun üçün. Kaş mənim də tikanlarım olardı. Bilirəm, səni çox incitmişəm. Nə olar bağışla məni.
Kirpi dedi:
-Əlbəttə, səni bağışlayıram. Əsas odur ki, sən səhvini başa düşdün.
O vaxtdan kirpi ilə dələ çox mehriban dost oldular, meşədə firavan bir ömür sürdülər.
Fikriniz
0
0