Hamiləlik zamanı stresin uşağa təsiri

Hamiləlik dövründəki stres uşaqlarda bir sıra mənfi nəticələrə səbəb olur. Hamiləlik dövründə stresin gələcəkdə uşağın qavrama və davranışına təsiri məlumdur. Heyvanlar üzərində aparılan tədqiqatlar da göstərir ki, hamiləlikdə stres gələcək nəslin sinir sisteminə uzun müddətli mənfi təsir göstərir.

Stres dedikdə həyəcan və depressiya başa düşülür. Bəs doğuşa qədərki stresin dölə və uşağa təsiri necədir?

Tədqiqatlar göstərir ki, əgər ana hamilə vaxtı stres, həyəcan, depressiya vəziyyətindədirsə, onun uşağı emosional problemlər, davranış pozğuntusu, koqnitiv inkişaf pozğuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi böyük risklərə məruz qalır. Stres zamanı kortizol hormonunun inkişafda olan dölə mənfi təsiri öyrənilmişdir. Stres hamiləliyin ilk trimestrində baş verərsə, uşaq inkişaf ləngiməsi ilə doğula bilər.

Hamilənin həyəcan və depressiv vəziyyətinin aşkarlanması və müalicəsi əksər hallarda aparılmır. Bütün hamiləlik boyu qadının həkim nəzarətində olması mütləqdir. Həkim hamilə qadınla normal ünsiyyət qurmaq və məsləhət vermək bacarığına malik olmalıdır. Ünsiyyət davranışın pozitiv dəyişmə prosesinin vacib komponentidir. Hamilə qadının fiziki, laborator müayinələri ilə yanaşı, psixoloji durumu da qiymətləndirilməlidir.

Hamilə qadının düzgün yuxu rejimi də olmalıdır (minimum 9 saat). Hamilə qadın özündə stresin hansı dərəcədə olduğunu bilərsə, özünə kömək edə bilər və ya mürəxəssisə müraciət edər. Əsas şərt özünə qapılmamaq, neqativ faktorları aradan qaldırmaq, hamiləliyi normal davam etdirməkdir.