Hər bir qadının həyatında hamiləlik dövr&u...
Tualet təliminin məqsədi, uşağın oyaq və ya yatan vəziyyətdə sidik və nəcis ifrazını nəzarətdə saxlaya bilməsidir. Uşaqlara tualet təliminin başlanğıc dövrü 1-3 yaş arasındadır. Bu dövr uşağın özünü tanımağa başladığı dövrdür. Hər uşaq üçün tualet təlimi yaşı fərqli ola bilər. Bu zaman nəzərə alınmalıdır ki, uşaqlarda yaşla bərabər sidik kisəsinin həcmidə böyüyür. Uşaq tualet vərdişi qazandıqdan sonra gündə 4-7 dəfə sidik ifrazı normal hesab edilir. Tualet təlimi uşağın inkişafında çox vacib yer tutur və buna bir neçə faktor, o cümlədən psixoloji, fizioloji, sosial və sair amillər təsirini göstərir.
Uşaqda tualet vərdişi yaratmağa başladıqda daha çox zamana və əməyə ehtiyac yarana bilər. Eyni zamanda bu uşaqda psixoloji olaraq mənfi istiqamətdə də problem yarada bilər. Ona görə də bu məsələyə bir qədər daha diqqətli yanaşılmalıdır.
Uşaqlarda tualet vərdişi yaratmaq üçün ideal dövr 18-24 ayları aralığında hesab edilir.
1. Çünki uşağın sidik yolu əzələləri bu aylarda inkişaf edir və bədənini daha yaxşı kontrol etmək imkanına malik olur.
2. Həmçinin, uşaq bu yaş dövründə zehni olaraq deyilən və istənilən hər şeyi daha yaxşı anlaya bilir.
Təbii ki, bu dövr hər uşaq üçün eyni olmaya da bilir. Uşaqların fərqli xüsusiyyətlərə malik olduğunu unutmamalıyıq. Əgər, uşağın fiziki və ya zehni qüsuru varsa fərqli metodlardan istifadə edilməlidir. Bu kateqoriya uşaqlara ola bilər ki, daha uzun müddət və daha çox əmək sərf edilsin.
Uşağın tualet təliminə hazır olduğunu göstərən əlamətlər:
• Sadə əmrləri yerinə yetirə bilməsi; • Etiraz edib "yox" deməyi bacarması; • Təxmin edilə bilinən və nizamlı bağırsaq hərəkətlərinin olması; • Ana-atanın hərəkətlərini imitasiya edə bilməsi; • Özü paltarları geyinib çıxara bilməsi; • Tualetdən istifadə etməyə maraq göstərməsi; • Gün ərzində uşağın bir neçə saat alt paltarını islatmaması; • Gecə ərzində nəcis ifrazı olmaması; • Ana-atanı razı salmaq istəyinin olması; • Əşyaları aid olduğu yerlərə qoymağa bacarması; • Ailəni hamamda izləyərək, tualet təlimini öyrənməyə maraq göstərməsi; • Gəzə bilmək, oturmaq və çöməlmə kimi hərəkətləri yerinə yetirə bilməsi; • Çirkli alt paltarından narahat qalması və tez dəyişdirmək istəməsi; • Tualet ehtiyacını söz deyərək və ya işarələrlə bildirməsi.
Uşaq üçün oturacaq istifadəsi maraqlı edilməlidir. Uşaq oturacağa öyrəşdirmək üçün ilkin vaxtları paltarını soyundurulmadan belə otuzdurula bilinər. Sonra isə rahat olan paltarlar istifadə etmək məsləhət görülür. Tualet təlimi zaman uşağı hədələmək, qorxutmaq, cəzalandırmaq kimi hallara yol vermək qətiyyən olmaz.
Tualet təlimi verilirkən aşağıdakılara diqqət yetirmək lazımdır:
• Uşağın vəziyyətindən aslı olaraq 18 ay -2.5 yaş arasında, təzyiq edilmədən tualet təliminə başlamaq;
• Uşaq sidiyini və ya nəcisini saxlaya bilməsi ətrafdakı insanlar tərəfindən böyük marağa səbəb olsa da, amma saxlaya bilməməsi isə müəyyən qədər narahatçılığa səbəb ola bilər. Beləliklə uşaq düzgün və ya səhv, ayıb kimi əxlaqi anlayışlai başa düşməyə başlayır.
Uşaqlar əsasən 2 yaşın axrınadək nəcisə, 3 yaşın sonunadək isə sidiyə getməyi öyrənir. Ancaq 4-5 yaşına kimi bəzən gündüz və gecə vaxtlarında yerini islada bilər. Ana və atalar bu uşaqları anlayışla qəbul etməli və danlamaq, cəzalandırmaq kimi tədbirlərdən çəkinməlidirlər. Əks halda uşaqlarda müəyyən problemlərin yaranması baş verə bilər.
Bunlara misal olaraq sidiyini saxlamaq, yalnızca bezdən istifadə etmək istəməsi, sidik saxlaya bilməmək, panik tutmalar kimi hallar yarana bilər. Bu da uşaqla ailə arasında münasibətlərin korlanmasına səbəb ola bilər.
Tualet təlimi başladıqdan sonra uşağa bezlərdən istifadə məhdudlaşdırılmalıdır. Əgər bezlər uşaqdan gündüz çıxarılıb gecə bağlanılacaqsa bu uşaqda qərarsızlığa səbəb ola bilər. Uşaq hansı vaxt və necə etməli olduğundan əmin olmayacaqdır.
Tualet vərdişi yaratmaq mövzusunda bir çox valideynlər bilmədən və ya fikir vermədən səhvlərə yol verir. Bunlara aşağıdakıları aid edə bilərik:
• Bəzi böyüklər uşaqların tualet vərdişini tez qazanmasını istəyir. Bunu öz uğuru kimi qiymətləndirir;
• Bəzi valideynlər çox sərtdir. Uşaq tez öyrənməlidir. Əks halda onlar uşaqlarını danlayır və ya əzizləmirlər;
• Bəzi valideynlər isə əsassız həssaslıq göstərirlər. Uşağın nəcisinin və ya sidiyinin mikrob və xəstəlik qaynağı kimi baxır;
• Bəzi valideynlər bu vəziyyətə əksinə çox sevinirlər və çox möcüzəvi bir hadisə kimi yaxınlarına şişirdərək danışırlar.
Tualet uşağa emosioal olaraq necə təsir edər?
Bir uşağa tualet təlimi qazandırmaq aylar çəkə bilər. Bu hal uşağın əqli və emosional inkişafına bu təsir göstər bilər. Valideynlər uşağın tualeti olduğunu deməsi üçün tələsməməlidir. Uşağın bu vərdişi tez qazanmasını gözləmək düzgün deyildir. Bu dövrdə uşağın stress keçirməməsi üçün böyüklərin danışığına, səs tonuna, ifadələrinə çox diqqət etməsi vacibdir. Münasibət zamanı edilə biləcək hər hansi səhv ifadə uşağın mənəvi inciməsinə səbəb ola bilər. “Əgər tualetini alt paltarına etsən səni sevmərəm", "Əgər alt paltarını çirkləndirsən səni gəzməyə aparmaram” kimi şərt ifadələrdən istifadə etmək düzgün deyildir. "Ən sevdiyin oyuncağı sənə vermərəm", "Səni heç birimiz sevmərik", "Alt paltarını çirkləndirsən, səndən pis qoxu gələr, sənlə heç kim oynamaq istəməz" kimi təhdid olan ifadələr istifadə edilməməlidir. Hətta uşağı həvəsləndirmək məqsədilə deyilən "Səni parka apararam", "Sənə yeni oyuncaq alaram" kimi ifadələrdən istifadə edilməsin. Yad insanların yanında "Artıq böyük uşaqsan amma, hələ də alt paltarını isladırsan" və ya "Yemək istəməyi bilirsən, amma heç tualetini düzgün eləməyi bacarmırsan" kimi uşağın qəlbini incidən və utandıran sözlərdən də istifadə edilməməlidir. Tualetə gedib nəyi necə etməli olduğunu sadə şəkillər çəkərək ordan asa bilərsiz. Beləliklə uşaq get gedə necə davranmali olduğunu başa düşər və yavaş-yavaş əməllərə riayət etməyə başlayar. Tualet təlimini düzgün yerinə yetirdiyi zaman tam rahatlamaq olmaz ki, uşaq buna artıq tam öyrəndi. Çünki, ailəyə yeni bir uşağın əlavə olunması, ana-atanın ayrılması, yeni bir yerə köçmə kimi hallarda tualet təliminin təkrar başlanmasına ehtiyac yarana bilər. Belə vəziyyətlərdə də uşaqlarla qurulacaq münasibət çox vacibdir. Məsələn "Qardaşın dünyaya gələndən sonra sən də balaca uşaq kimi alt paltarını islatmağa başlamısan" kimi ittihamedici ifadələr istifadə etmək olmaz. Onun əvəzinə "Tualetdə köməyə ehtiyacın olsa məni çağıra bilərsən” kimi dəstəkləyici ifadələr istifadə etsəniz daha uyğun olar. Tualet vərdişini tam qazanmış uşaqlara isə "Nə yaxşı ki, artıq böyümüsən, tualetini özün edə bilirsən" kimi özü ilə qürur hiss edə biləcək ifadələr deyərək onu mükafatlandıra bilərsiz.
Tualet təlimi zamanı uşaqla necə davranmaq lazımdır?
• İlk əvvəl böyüklər uşağa tualeti düzgün istifadə etməyi öyrətməyə qərarlı olmalıdırlar;
• Böyüklər tualet təlimini uşaq üçün bir oyun kimi qəbul etdirməli və onda buna vərdiş yaratmalıdırlar. Davamlı olaraq tualet təlimini xatırlatmaq həm uşağı, həm də valideynləri bezdirə bilər;
• Alt paltarını islatmadığı dövrlərdə uşağa az miqdarda təriflər bildirmək lazımdır.
Ən çox rastlanan problemlərdən biri də gündüz tualetlə bağlı problemin olmaması, amma gecələr isə alt paltarını islatmasıdır. Gecə islatmaların səbəbləri araşdırılmalıdır. Bu səbəblər:
• Fizioloji ola bilər. Doğuşdan bir anomaliya ola bilər. Bu zaman həkimə müraciət edilməlidir;
• Psixoloji ola bilər. Uşaq xoşbəxt olmadığı dövrlə bağlı ola bilər: ana atanın düzgün davranışın olmaması, ailəyə yeni uşağın gəlməsi, qısqanclıq, narahatçılıq və sair;
• Uşağın yuxusu ağır ola bilər. Bu zaman müxtəlif metodlardan istifadə edilir. Əlavə köməyə ehtiyac ola bilər.
Gecə islatmaların qarşısını almaq üçün nələr edilə bilər?
Əsl həll uşaqla danışmaq və düzgün yol tapmaqdır. Amma digər vacib məqamlar aşağıdakılardır:
1. Yatmadan bir saat əvvəldən sulu qida kəsilməlidir;
2. Yatmaq saatı nizamlı - eyni vaxtda olmalıdır. Məsələn: saat 10-da yatırsan 1,5 və ya 2 saat sonra uşaq yuxudan tam durğuzulub tualetə aparılmalıdır. Çünki, uşaq oyandırılmasa sidiyini elədiyini başa düşməz. Bu həmçinin gecə uşağın yerini islatmasının da qarşısını alır;
3. Uşağın özünün islatdığı mələfini və əşyaları da özünün dəyişdirməsi lazım olduğu da başa salınmalıdır;
Tualet təlimi verərkən diqqət edilməsi lazım olan məqamlar
Tualet vərdişi yaranadək ilk vaxtlar uşaq yeni vəziyyətə öyrəşənədək vaxtaşırı alt paltarını islada bilər və bu normal haldır. Belə vəziyyətdə uşağa heç vaxt incitmək, danlamaq və ya cəzalandırmaq olmaz. Zamanla hər şeyin düzələcəyini unutmayın. Tualet təlimi ilə bərabər gigiyena qaydalarını da uşağa öyrətmək vacibdir. Tualet təliminə başlandıqdan sonra ilk bir neçə həftə tualettə tək qalmaq uşaq üçün qorxulu ola bilər. Ona görə çalışmaq lazımdır ki, valideyn onunla birgə olsun. Bu zaman böyüklər tualetdə uşaqla olduqda səbirsiz olmamalıdır. "qurtardın?", "Nə çox çəkdi?" kimi ifadələr işlətmək olmaz. Uşaq nizamlı olaraq tualetə aparılmalıdır. Hər uşaq üçün bu müddət fərqlidir. Başlanğıcda bu 30-45 dəqiqədə bir, sonra isə daha seyrək olmalıdır. (Yeməkdən sonra, yatmazdan əvvəl kimidir) Tualet təlimi verilməyə başlayarkən uşaq deyilənləri başa düşməlidir, özü rahat otura bilməli və tarazlığını saxlaya bilməlidir. Uşaq ilk vaxtlar sidiyinə və nəcisinə toxunmaq istəyə bilər. Uşağın bu istəyinin qarşısını almaq üçün bir neçə metoddan istifadə edilə bilinər. Tualetdə uşaq ən çox 10-15 dəq oturmalıdır. Bu müddət ərzində onun darıxmaması üçün əlinə sevdiyi oyuncaq verilə bilər.
Fikriniz
0
0