Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Biri var idi, biri yox idi. İki qarğa var idi. Bu qarğalardan biri tənbəl, digəri isə çox zəhmətkeş, qoçaq idi. Onlar bir-biri ilə qonşu idilər. Tənbəl qarğa bütün gün yeyib-içib, əylənirdi. Qoçaq isə bütün günü zəhmət çəkib qış fəslinə azuqələr toplayırdı. Odun, çör-çöp daşıyır, zəmilərə baş vurur, buğdaları toplayıb yuvasına gətirirdi. Bunu seyr edən tənbəl qarğa tənə ilə deyirdi:
– Bu qədər işləmək olar? Sənə yazığım gəlir.
Qoçaq qarğa gülümsəyərək:
– Neyləyim, ay qonşu...birazdan qış qapının ağzını kəsəcək. Hər yeri qar-boran bürüyəcək.
– Eh, hələ çox var, – deyən tənbəl qarğa mahnı zümzümə edə-edə kefindən qalmırdı.
Bir neçə gün keçmişdi ki, fəsli-qış durdu qapıda. Tənbəl qarğa şən yuxuda... Hər yeri qar, şaxta bürüdü. Külək qarı sovurub tənbəl qarğanın qapısına çırpırdı. O da qapının döyüldüyünü sanaraq üz-gözünü turşuda-turşuda yuxudan ayılıb dedi:
– Kimdir gələn?!
Gələn qış idi. Kim olacaq? Külək yenidən qarı sovurub qapıya çırpdı. Tənbəl qarğa ərinə-ərinə yerindən durdu və qapını açdı. Gördüyü mənzərə qarşısında dəhşətə gəldi.
– Ay aman, bu nədi, qış nə tez gəldi?!
Soyuqdan tir-tir əsməyə başladı. Sobanı qalamaq istədi. Amma nə fayda, odun nə gəzirdi.
Gördü, bərk acıb. Ora-bura baxdı, bir şey tapmadı.
– Vay, vay... Halım necə olacaq? Uçaraq yaxınlıqdakı gölə gəldi. Əvvəllər burdan xırda cücülər tapıb yeyərdi. “Nə dadlıdır”, – deyərdi... Ay aman! Göl nə gəzir? Dönüb olmuşdu şüşə. Tənbəl qarğa qaldı üşüyə-üşüyə, qaldı ac. Ağlaya-ağlaya evinə döndü. Yeganə ümidi qonşu qarğa idi. Yayda qoçaq qarğaya dediyi tənəli sözlər yadına düşdü. Öz-özünə dedi:
– Onunla bu cür rəftar etməkdənsə, qoçaq qonşuma qoşulsaydım, çoxlu azuqələr toplasaydım, indi isti yuvamda dincələrdim.
İndi sizə kimdən deyim – qoçaq qarğadan. O, balalarını başına yığıb yuvasında oturmuşdu. Sobanı qalayıb, isti şorba bişirmişdi. Şən mahnılar oxuya-oxuya, gözəl yeməklərdən yeyə-yeyə yuvasında dincəlirdi. Birdən qapı döyüldü. Qoçaq qarğa qapını gülərək açdı. Mehriban baxışları ətrafa sanki nur saçdı:
– Xoş gəlmisən, ay qonşu, buyur içəri, səndən nə əcəb?
Tənbəl qarğa qəhərlənə-qəhərlənə dedi:
– Qış qəfildən qapını kəsdi. Acından, soyuqdan ölürəm. Qoçaq qarğa qonşusuna gözəl süfrə açdı. Gülümsəyə-gülümsəyə dedi:
– Ye, iç, ay qonşu, halal xoşun olsun.
Tənbəl qarğa utana-utana əyləşdi. Doyunca yeyib-içdikdən sonra dedi:
– Qoy yay gəlsin, sənin kimi edəcəyəm. Əməksevər olacağam. Doğrudan da, tənbəl qarğa elə o gündən tənbəlliyin daşını birdəfəlik atdı. Yay fəsli gələr-gəlməz qollarını çırmalayıb işə başladı. O, tez-tez qoçaq qarğaya da buğda, arpa və qoz gətirirdi. Qoçaq qarğa deyirdi:
– Ay qonşu, özüm azuqə toplayacam, sən bizimçün əziyyət çəkmə.
– Nə əziyyət... Mən nə qədər çalışsam da, sənin yaxşılıqlarının əvəzini ödəyə bilmərəm. Sənin yaxşılığını heç vaxt unutmayacağam.
Yaxşılıq heç vaxt itmir.
Fikriniz
0
0