Lovğa tülkü

 

Biri var idi, biri yox idi, bir lovğa tülkü var idi. Bu tülkü bütün heyvanlara yuxarıdan aşağı baxar, onları bəyənməzdi. Bir gün o, meşə ilə gedirdi. Qabağına bir ayı çıxdı. Ayıya baxıb ucadan gülməyə başladı:

– Kobud, yekə, qarasan,

 Səni görüm yanasan!

Ayı çox kədərləndi:

– Mənə niyə belə deyirsən?

– Ha ha ha... Niyə belə deyirəm? Güzgüyə baxsan, görəcəksən.

– Nəyi görəcəyəm?

– Eybəcər olduğunu...

Ayı çox üzüldü. Tülkünün sözləri ona şillə kimi dəydi. Üzüntülü halda getdi...

Tülkü bir az getmişdi ki, qabağına bir dovşan çıxdı.

Elə o dəqiqə başladı acı sözlər deməyə:

– Ay çəpgöz, yekəqulaq!

– Mənimləsən?

– Burada səndən başqa kimsə var?

Dovşan məəttəl qaldı. Hələ ona heç kim belə kobud sözlər deməmişdi.

Tülkü isə heç ardına baxmadan quyruğun sığallaya-sığallaya, mahnı oxuya-oxuya yoluna davam etdi:

– Mən necə də gözələm,

Mən necə də qəşəngəm.

Tülkü az getdi, çox getdi, elə bu dəm bir kirpiyə rast gəldi.

Ucadan gülməyə başladı. Kirpi təəccübləndi:

– Nəyə gülürsən? De, mən də gülüm.

Tülkü qəhqəhə çəkdi:

–Nəyə güləcəyəm? Əlbəttə ki, sənə gülürəm.

– Mənim nəyimə gülürsən?

– Uzun burnuna... Ha ha ha... tikanlı paltarına... Ha ha ha...

Kirpi bu sözlərdən çox üzüldü. Tez otların arasına girib görünməz oldu.

Tülkü yaxınlıqdakı çaya getdi. Əl-üzünü yuyanda bir balıq başını sudan çıxarıb tülküyə salam verdi:

– Salam, tülkü lələ, necəsən?

– Necə olacağam? Məndə xoş ovqat qoyursunuz ki?

– De görüm, kim xətrinə dəyib?

– Elə biri sən!

– Aaa, mən?

Balıq elə təəccübləndi ki, az qaldı gözləri hədəqəsindən çıxa:

– Axı mən sənə pis bir söz demədim. Sadəcə, salam verib, hal-əhval tutmaq istədim.

– Sən nə cürətlə mənə salam verirsən? Axı sən çox eybəcərsən.

– Mən? Mən? – balıq çox kədərləndi. – Xeyir, anam deyir ki, mən çox gözələm.

– Ona elə gəlir. Sən çox çirkinsən...

Balıq ağlaya-ağlaya üzüb getdi...

Çayın kənarında güclü külək əsirdi. Tülkü burada iri bir qoz ağacının altında oturub dincəlmək istədi. Elə yerini təzəcə rahatlamışdı ki, külək daha da bərk əsdi.

Sən demə, qoz ağacının nəhəng budağı çürüyübmüş. Küləyin təsirindən budaq qırıldı və tülkünün düz başına düşdü. O, qaçmağa fürsət tapmadı. Şələ quyruğu lap

dibindən qopdu. Lovğa tülkü çox sarsıldı. Üz-gözü qanadı. Elə nalə çəkdi ki, meşədəki bütün heyvanlar oraya axışdı. Ayı cibindən dəsmalını çıxarıb tülkünün üz-gözünü sildi. Amma yaralar dərin olduğundan qan dayanmırdı. Dovşan həkim dalınca getdi. Balıq bir qab su gətirdi ki, tülkü içib, bəlkə, bir az rahatlıq tapa. Kirpi tülkünün qopmuş quyruğunu yerinə yapışdırmaq istəyirdi. Amma nə qədər çalışırdı, heç cür alınmırdı ki, alınmırdı.

Tülkü dostlarının canfəşanlığından utandı. Elə bir az əvvəl onlara dediyi sözləri xatırladı. Özün ələ alıb dedi:

– Dostlar, bu gün sizə çox lağ edib gülmüşəm. Acı-acı sözlər demişəm. Məni əfv edin, bağışlayın. Baxın, diqqətlə baxın. Ən gülməli günə elə mən qaldım. Sizi incitdiyim üçün cəza aldım. İndi çox peşmanam. Lovğalıq etməsəydim, bu günə qalmazdım, – deyib qopmuş quyruğunu ağlaya-ağlaya sığalladı.