Uşaq tərbiyəsində atanın rolu

Uşaq tərbiyə edilən zaman elə şeylər var ki, onları ancaq atalar edə bilər. Atanın etməli olduğu işləri ana nə qədər yaxşı etsə də, həmin işin öhdəsindən tam gələ bilməz. 

Atanın körpəsinin yanında olması, övladına toxunması, onunla danışması, onunla oynaması, övladı ilə bağlı müxtəlif qərarlarda fəal iştirak etməsi yaxın münasibətə gətirib çıxarır. Ata-övlad arasında olan isti münasibət çox vacibdir. Atanın olmadığı vaxtlarda nənə və baba kimi ailə üzvlərinin uşaqla vaxt keçirməsi, modellər yaratması faydalı olacaqdır.

Atalarından diqqət alan uşaqlar öz emosiyalarını daha yaxşı tənzimləyirlər. Bu cür uşaqlar həm də daha yaxşı sosial bacarıqlar nümayiş etdirir və ataları həyatlarında aktiv olmayan uşaqlara nisbətən məktəbdə daha uğurlu olurlar.

Ümumiyyətlə, analardan daha çox atalar uşağı müstəqil hərəkət etməyə və ətraf mühiti kəşf etməyə təşviq edən bir münasibətə sahibdirlər. Bu, uşağın intellektinə müsbət təsir göstərir. Atalar uşaqları ilə oynayarkən və onlarla ünsiyyət qurarkən özünəməxsus üsullardan istifadə edirlər. Onlar məyusluqların öhdəsindən gəlməyi təşviq edir və bacarıqlarını inkişaf etdirməyə imkan verir.

Ataları ilə yaxın və keyfiyyətli münasibətin uşaqların məktəbdəki müvəffəqiyyətinə və zehni inkişafına müsbət təsir etdiyi müəyyən edilmişdir.

Atanın ən mühüm rollarından biri onun uşağın psixoseksual inkişafına təsiridir. Atanın ailə daxilindəki münasibəti və övladı ilə qurduğu yaxın, açıq, təhlükəsiz münasibət xüsusilə oğlanın ata ilə eyniləşməsini asanlaşdırır və onun öz gender rolunu inkişaf etdirməsinə kömək edir.

Eyni şəkildə qızlar üçün də uşağın qarşı cinsi anlaması və özünə inamının formalaşması üçün atanın rolu vacibdir. Qeyri-adekvat ata modeli xüsusilə yeniyetməlik dövründə qızlara təsir edir və bu dövrün çətinliklərinin ciddi şəkildə yaşanmasına səbəb olur.

 

Rövşən Nəcəfov

Psixoloq

Ələkbərova Şəhla

??