Aşağı ətrafların deformasiyası

Böyüməkdə olan uşaqlarda aşağı ətraflarda olan deformasiyalar valideynlər üçün ümumi narahatlıq göstəricisidir, eyni zamanda bud, diz və ayaq ağrılarının potensial səbəblərindəndir. Pediatrlara edilən içə basma, bayıra basma, yastı pəncəlik, O/X şəklində ayaqlar, W şəklində oturma kimi şikayətlərlə müraciətlər hər zaman üstünlük təşkil edir. Bu əlamətlər, bəzən altda yatan xəstəliyin olmamasına baxmayaraq, çox ciddi xəstəliklərin ilk simptomu, xəbərçisi olaraq da qarşımıza çıxa bilir.

İçə basma bir neçə səbəbdən ola bilər və əsasən yaş artdıqca düzəlir. Düzəlmə olmadıqda isə müalicə seçimləri düşünülməlidir. Ən çox görülən deformasiya metatarsus adduktus adı verilən və ayağın sadəcə daraq və barmaq hissəsinin içə dönük olmasıdır. Uşaqların ana bətnində olan pozisiyası buna səbəb ola bilər. Bu problem yüngül və orta dərəcələrdə 3-4 yaşlarına qədər düzəlir, prosesdə masaj və ya sadəcə izləmə yetərli olur. Ağır dərəcələrdə isə konservativ və ya cərrahi müalicə ehtiyacı olur.

İçə və bayıra dönmənin səbəblərindən biri isə tibia sümüyünün (qamış sümüyü) dönməsidir və əsasən 1,5-2 yaşlarında heç bir müdaxiləyə ehtiyac olmadan düzəlir. Müalicəsində xüsusi ayaqqabı, şin (atel), korset və s. ehtiyacı yoxdur. Digər bir səbəb bud sümüyünün içə və ya bayıra dönüklük dərəcəsinin yüksək olmasıdır. Bu vəziyyətdə isə əsasən 7-8 yaşlarına qədər düzəlmə görülür. Uşaqların çox az qismində müalicəyə ehtiyac duyulur.

Yastı pəncəlik (pes planus) ailələri narahat edən digər şikayətlərdən biridir. Yenidoğulmuş uşağın ayağının altında yağ yastıqcığı olması səbəbi ilə ayaq altı düz görünümdə olur. 3 yaşına qədər bu ayaq altı yağ yastıqcığının azalması və ayaq qövsünün əmələ gəlməsi gözlənilir. Pes planus sərt və elastik (yumşaq) olabilir. Əgər ayağı havaya qaldırdığında ayaq qövsü görünür, yerə basarkən düzləşirsə bu elastik (yumşaq) pes planusdur. Ümumilikdə əzələlərin gücləndikcə düzəlməsi gözlənilir. Həkim təyinatı ilə xüsusi ayaqqabı və ya ayaqqabı içliyi verilə bilər. Əgər ayaq altı həm havada, həm də basarkən yastıdırsa bu sərt yastı pəncəlikdir və yaxın izləmə tələb edir, ehtiyac halında müdaxilə olunur. Pes planusa bağlı ağrı olduqda uşaq pediatr və ortoped tərəfindən tam müayinə edilməli, ehtiyac olarsa cərrahi müalicə üsullarına müraciət edilməlidir.

X və ya O şəklində ayaqların (genu varum və genu valgum) çox zaman səbəbi bilinmir və 5-7 yaşa qədər fizioloji olaraq görülə bilir. Bilinən səbəblər arasında raxitizm, sümük displaziyaları, genetik xəstəliklər (məsələn osteogenezis imperfekta kimi), travma və ya infeksiya sonrası epifiz zədələnməsi, ailədə bənzər şikayəti olan birinin olması və s. sayıla bilər. Həmçinin artıq çəki də genu varum/genu valguma səbəb ola bilər və ya var olan siptomları şiddətləndirə bilər. Əgər bu deformasiya 10 yaşından sonra da davam edərsə cərrahi müdaxilə ehtiyacı ola bilər.

Bir digər ailələri narahat edən şikayət isə uşaqların W şəklində oturmasıdır. Çoxları bu şəkildə oturan uşaqlarda ayaqlarda əyrilik, yerimədə pozulma kimi nəticələrin ola biləcəyini düşünsə də, tam tərsi ayaqlarda içəri əyrilik olan uşaqlar bu pozisiyanı rahat otura bildikləri üçün seçirlər. Qısa müddət bu şəkildə oturmağın göstərilmiş hər hansı bir zərəri yoxdur. Bəzi müəlliflər W şəklində oturan uşağın diqqətini dağıdaraq oturma şəklinin dəyişdirilməsini məsləhət görürlər.

 

Şəbnəm Bağırlı

Pediatr