Hər bir qadının həyatında hamiləlik dövr&u...
Yeni doğulmuş körpəsi olan valideynlər üçün körpələrinin əmzik istifadəsi önəmli qərarlardan biridir. Valideynlərə qərar verməyi asanlaşdırmaq üçün əmzik barədə bütün məlumatları bu yazıda topladıq.
Körpələrin əmzikdən istifadəsi sadəcə valideynlər arasında deyil, pediatrlar arasında da hər zaman müzakirələrə səbəb olmuşdur. Bütün bu fikirlər gözdən keçirildiyində bəzi avantajlar və dezavantajlar ortaya çıxır.
Amerika Pediatriya Akademiyası “Südəmər uşağın qəfləti ölümü” sindromu riskini 50-90% azaltdığı üçün əmzik istifadəsini məsləhət görür. Eyni zamanda üz üstə və ya yan yatan, yatağını başqa bir uşaqla və ya valideyn (baxıcı) ilə paylaşan, yumşaq yataqda yatan uşaqlarda da əmzik “Südəmər uşağın qəfləti ölümü” sindromu riskini azaldır.
Əmzikdən istifadə körpənin sakitləşməsinə, xüsusilə də öz-özünü sakitləşdirməsinə səbəb olur. Bu sakitləşmə körpənin ac olmasa da əmmək refleksini qane etməsi üçün normadan artıq əmməsinin qarşısını alır və ana övladını bəsləmədiyi zamanları daha faydalı keçirə bilir.
Prematür (yarımçıq doğulmuş), doğum kilosu az olan və ya altda yatan başqa bir xəstəliyi olması səbəbi ilə əmməsi zəif olan körpələr əmərək bəslənməyi öyrənənə qədər əmzik istifadəsinin faydalı olduğu düşünülür.
Bəs əmzik istifadəsinin doğru zamanı nə zamandır?
Ana və körpə arasında bağlanma tamamlanmadan əmzik istifadəsinə başlanması tövsiyyə olunmur. Bu ana südü ilə qidalanmanın rəddinə gətirib çıxara bilər. Bu səbəbdən əmzik istifadəsi ən az körpə 1 ayını tamamladıqdan sonra başlanmalıdır. 18 aylıqdan sonra orta qulağın iltihabı riskini artırdığı, 2 yaşdan sonra isə diş və damaq problemlərinə səbəb olduğu üçün əmzik istifadəsi tövsiyə olunmur.
Körpəmiz əmzik istifadə edərkən nələrə diqqət etməliyik?
Əmziyin tərkibində bisfenol A (BPA) maddəsi olmamasına birinci növbədə diqqət yetirilməlidir. Əmziyin boyundan düşməməsi üçün bəzən valideynlər boyuna bağlanan vasitələrdən istifadə edirlər. Bu körpənin boğulmasına səbəb ola biləcəyi üçün risklidir və yol verilməzdir. Bunun əvəzinə körpənin yaxasına sancmaq üçün olan vasitələrdən istifadə oluna bilər. Əmziklər də paltar, ayaqqabı kimi uşaq böyüdükcə onun ayına və ağız quruluşuna uyğun olaraq dəyişdirilməlidir. Evdə başqa əmzik istifadə edən körpə varsa, əmziklər qarışdırılmamalı, hər uşağa spesifik əmzik istifadə olunmalıdır. Əmziyin ağız kənarında qalan hissəsində havalanma dəlikləri olmasına diqqət edilməlidir. Körpə əmzik istifadə etmək istəmirsə məcbur etməyə, mürəbbə və ya başqa dadlandırıcı ilə verməyə ehtiyac yoxdur.
Əmzik istifadəsi nə zaman sonlandırılmalıdır?
2-6 ay arası körpələrdə “Südəmər uşağın qəfləti ölümü” sindromu riski yüksək olduğu üçün əmzik istifadəsinin sonlandırılmasına ehtiyac yoxdur. 9 aydan sonra əmziyi buraxmağa başlamaq tövsiyə olunur. Orta qulaq iltihabı, diş və damaq problemləri riski yaşla bərabər artdığı üçün uyğun zaman dilimində körpəyə baxan hər kəsin ümumi fikri ilə əmzik buraxılmalıdır. Əgər valideynlərdən biri əmzik verməyib digəri verirsə, bu uşağı çaşdıracaq və əmzik buraxma prosesini çətinləşdirəcəkdir.
Əmzik körpənin özünü sakitləşdirməsi üçün bir vasitədir. Bu səbəblə körpə xəstəlik dönəmindədirsə, körpəyə baxan insan dəyişərsə, ana və ya ata ilə ayrılıq (işə başlama, səfərə çıxma və s.) varsa, körpəyə zaman verilməli, əmzik istifadəsini sonlandırmaq üçün daha sıradan və sakit zaman seçilməlidir.
Şəbnəm Bağırlı
Fikriniz
0
0