1 yaş böhranı

 

Birinci ilin sonunda uşaq artıq ayaqları üstündə dəstəksiz dayanmağa və gəzməyə başlayır. Nəticə olaraq onun gündəlik həyatında sərbəstlik kəskin şəkildə artır. O, evdə bir otaqdan o birinə qaçır, mənzilin bütün künclərində hərəkət edir, dolabları açıb oradakı əşyaları qarışdırır, divar kağızlarını cırır, oturacaqlara qalxır və ümumiyyətlə, baxış sahəsinə daxil olan bütün əşyalara yaxınlaşıb toxunur.

Digər tərəfdən bu fiziki müstəqillik uşağın mənfi reaksiyaları ilə müşayiət olunur. Belə ki, uşaq onun hərəkətlərinin yetkin insan tərəfindən idarə edilməsinə etiraz edir, hətta böyüklərin davranışlarını idarə etmək istəyini irəli sürür, hara və nə vaxt gedəcəyinə, nə geyinəcəyinə və nə oynayacağına özü qərar vermək iddiasında olur. Bir zamanlar çox sakit körpə birdən kaprizli, davranışları isterika ilə dolu uşağa çevrilir. İnkişafın bu mərhələsi inkişaf psixologiyasında “1 yaş böhranı” adlandırılır. Bununla  da psixi inkişafda körpəlik dövrü bitir və erkən yaş dövrü başlayır. Uşaq hər şeyi müstəqil eləmək istəyir, lakin həyatın əksər məqamlarında hələ bunu edə bilmir və dəstəyə ehtiyacı olur. Böhranın yaranmasının səbəblərindən biri də bundan ibarətdir: istəyir, lakin alınmır və yetkin insanın müdaxiləsinə etiraz bildirir.

Tədqiqatlar göstərir ki, 1 yaş böhranı 10-15-ci ayları əhatə edir. Bu zaman uşağın davranışı növbəti əlamətlərlə müşahidə olunur:

  • Tərbiyə çətinləşir. İnadkarlıq, valideyn tərəfindən diqqətin göstərilməsi tələbi, böyüklərin tələblərinə uymamaq kimi davranışlar özünü göstərir;
  • Müsbət və mənfi yeniliklər, sərbəstlik cəhdləri yaranır (qida qəbulunda, paltar geyindirəndə), gigeyinik və rejim prosedurlarından imtina edir;
  • Yetkin tərəfindən olan qiymətləndirməyə (pisləmə, tənqid) qarşı xüsusi həssaslıq – küsəyənlik, narazılıq, böyüyə və əşyalara yönəlmiş aqressiya yaranır;
  • Qeyri-adi və ziddiyyətli davranış özünü göstərir, yəni kömək istəyib sonra ondan imtina edir;
  • Kaprizlər kəskin çoxalır.

Böhran uşaq həyatının bütün sahələrini əhatə edir. Uşaq bacarmasa belə, əşyalarla daha müstəqil hərəkət etməyə cəhd edir. Məsələn, uşaq qaşığı tuta bilmir, lakin ananın onu yedizdirməsinə etiraz bildirib özü qaşığı götürərək qida qəbul etmək istəyir.

Yetkin insanlarla davranışlarında seçici olurlar. Yad insanlara şübhə və ehtiyatla, ancaq yaxın yetkinlərə tələbkar və aqressiv yanaşa bilərlər. Uşağın özünə qarşı münasibətində də dəyişiklik görmək olur. Öz müstəqilliyini daha qəti şəkildə qoruyur və sərbəst seçim haqqını tələb edir.

Artmış bacarıqlarla yanaşı birinci ilin sonunda uşaqda xüsusi psixi keyfiyyət formalaşır. Bir yaşlı uşağın davranışları təkcə qarşısında olan əşyaların təsiri ilə deyil, həm də yadında olan obraz və təsəvvür əsasında idarə olunur. Bu obrazlar “motivləşdirən təsəvvürlər” adlandırılır. Bununla uşaqda böyükdən asılı olmayan istək yaranır. Əgər öncəki dövrlərdə körpənin diqqətini bir oyuncaqdan o birisinə asanlıqla yönləndirmək olurdusa, bir yaşdan sonra bunu etmək alınmayacaq, çünki artıq uşaq həmin əşyanın obrazını yadında saxlayır.

Beləliklə, 1 yaş böhranı iki əsas səbəbdən baş verir. Birinci səbəb – körpənin fiziki müstəqilliyi artır, lakin hələ də dəstəyə ehtiyacı olur. Bununla belə hərəkətləri heç kəsdən dəstək almadan icra etməyə cəhd göstərir. İkinci səbəb – uşağın davranışları yalnız yetkin insan tərəfindən yox, eyni zamanda onun istəkləri ilə də idarə olunur.  

 

Mənbələr

  1. Смирнова Е.О. Детская психология: Учебник для вузов. 3-е изд., перераб.-СПб.: Питер, 2009.-304 с.
  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.

 

 

Murad Babayev

Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq