Stimul əskikliyi yoxsa autizm?

Uşağın inkişafında genetik irsi amillərin rolu qədər ətraf mühit amillərinin də payı çoxdur. Körpə uşaq sadəcə fiziki qayğıya deyil, emosional cəhətdən də qayğıya ehtiyac duyur. Ətraf mühitlə qurulan keyfiyyətli təmas bu emosional ehtiyacı təmin etməklə bərabər, həm də bacarıqlarımızın bir vəhdət halında inkişafına səbəb olur. Ətraf mühitdə məruz qaldığımız hər şey stimul olaraq adlandırılır. Yəni uşağın oynadığı oyunlar, ünsiyyətə girdiyi insanlar, ətraf mühitində olan hadisələr uşağı stimullarla təmin edir. Xüsusilə həyatın ilk 3 ilində stimullara məruz qalmaq uşağın gələcək həyatında daha müstəqil olması üçün vacib olan bacarıqların inkişafına olduqca müsbət təsir edir.

Uşağın bu dövrdə stimullara lazım olduğundan az məruz qalması, onda stimul çatışmazlığı dediyimiz halın meydana gəlməsinə səbəb olur ki, bu əksər hallarda autizmlə qarışdırılır. Autizm üçün bildiyimiz kimi məhz sosial bacarıqların inkişafının ləngiməsi xarakterikdir. Stimul çatışmazlığı da xüsusilə 0-3 yaşında uşağın ətraf aləmdən gələn stimullara olduqca az məruz qalması nəticəsində onun sosial bacarıqlarında və həmçinin ünsiyyət bacarıqlarında da müşahidə etdiyimiz ləngimə halı olduğuna görə bu iki hal bir-biri ilə qarışdırılır. Uşağın intensiv olaraq televizor, telefon ekranına məruz qalması, inkişaf problemləri, valideynlərlə qurulan ünsiyyətdə yetərsizlik, uşağın emosional olaraq dəstəklənməməsi stimul çatışmazlığı ilə nəticələnə bilər.

Əgər uşağınız:

  • sosial adaptasiyada xüsusilə həmyaşıdları ilə ünsiyyətdə problemlər yaşayırsa;
  • adını çağırdıqda hər zaman baxmırsa;
  • göz təması məhduddursa/özü istədiyində qurursa;
  • nitqində həmyaşıdlarına nəzərən ləngimə varsa və ya nitqi anlaşılır deyilsə;
  • bir şey istədiyində barmağı ilə göstərmirsə;
  • mütəmadi olaraq televizora baxmaq, telefonla və ya planşetlə oynamaq istəyirsə;
  • yaşına uyğun olmayacaq dərəcədə həddindən artıq inadkardırsa;
  • istədikləri olmadığında isterika keçirirsə;
  • bəzən uşağınızın sizi anlamadığını düşünürsünüzsə bu halda uşağınızda stimul çatışmazlığı ola bilər və mütləq bir mütəxəssisdən məsləhət almağınızda fayda var.

            Bəs uşağımızdakı halın autizm və ya stimul çatışmazlığı olduğunu necə ayırd edə bilərik? Bilmək vacibdir ki, autizm həyat boyu davam edən bir diaqnozdur, stimul çatışmazlığı isə xüsusilə erkən aşkarlanıb erkən müdaxilə edildiyi zaman uşağın gələcək həyatında qalıcı izlər qoymayan bir haldır. Həmçinin onları bir-birindən ayıran bəzi xüsusiyyətlər var ki, bu da məhz mütəxəssis tərəfindən müəyyən edilir. Amma bəzi şeyləri diqqətli valideyn də ayırd edə bilər, məsələn:

  • autizmli uşaqlarda tez-tez onları sosial ünsiyyətdən ayıran məqsədsiz təkrarlanan hərəkətlər müşahidə edirik, ancaq stimul çatışmazlığında uşağın hərəkətləri məqsədsiz deyil;
  • autizm spektrum pozuntusunda ətraf mühitlə əlaqə başlatmaq cəhdi yoxdur, stimul çatışmazlığında isə bu cəhd azalmışdır;
  • autizm spektrum pozuntusunda uşağın öz adına reaksiyası çox nadirdir, ancaq stimul çatışmazlığında uşaq özü istədiyində adına reaksiya verir.

Valideynlərə bu istiqamətdə hansı tövsiyyələri verə bilərik, onlar öz uşaqlarını necə dəstəkləyə bilərlər?

Öncə bilməyimiz lazımdır ki, stimul çatışmazlığı erkən aşkarlanıb uşağa uyğun erkən müdaxilə edildiyi zaman tamamilə keçib gedən bir haldır. Əgər uşağınızda stimul çatışmazlığı varsa professional dəstək alması uşağınız üçün çox faydalı olacaqdır.

Evdə isə:

  • xüsusilə 0-2 yaş arası uşağınızı televizor/planşet/telefon kimi texnoloji cihazlardan uzaq tutun;
  • qucaqlamaq, öpmək, toxunmaq, masaj etmək, gülümsəmək və danışmaq sevgi, səbr və əmin-amanlığı təmsil edən stimullardır. Bu stimullar sizinlə uşağınız arasındakı əlaqəni gücləndirməyə kömək edəcək.
  • Uşağınızla danışarkən onun göz səviyyəsində olub onunla göz təması qurmağa çalışın.
  • Uşağınızla mütəmadi olaraq danışın, onunla mahnı oxuyun, ona nağıllar, kitablar oxuyun.
  • İlkin mərhələdə nitq bacarıqlarından daha çox uşağın sosial bacarıqlarına istiqamətlənib sosial bacarıqlarını dəstəkləyin.
  • Ev mühitinizi uşağın təhlükəsizliyini təmin edəcək şəkildə formalaşdırın, heç bir halda uşağınızın hərəkətlərini məhdudlaşdırmayın.
  • Uşağınız nəsə etmək istədiyində ona mane olmayın, əksinə həvəsləndirin.
  • Uşağınızla oynayarkən oyun kartları, səsli-şəkilli kitablar və s. kimi audio-vizual oyunlara, materiallara üstünlük verin.
  • Uşağınızı yaşına uyğun oyun qrupuna/uşaq bağçasına verin.

          Yəni bir sözlə uşağınızı mümkün qədər çox stimula məruz qoyun. Bəzən valideynlər uşağa çoxlu oyuncağın alınması onun daha çox stimula məruz qalması deməkdir deyə  düşünür. Ancaq elmi tədqiqatlar da göstərir ki, uşağa həddindən artıq oyuncaq alınması onda doyumsuzluğa səbəb ola bilər. Burda vacib olan uşağın nə qədər çox oyuncağı olması deyil, uşaqla keçirilən vaxtın, qurulan sosial ünsiyyətin keyfiyyətidir.

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim