Polihidroamnion nədir?

Hamiləliyin həftəsinə uyğun olaraq dölyanı mayenin çox olmasına polihidroamnion deyilir. Aylıq müayinə zamanı dölün ölçüləriylə bərabər dölyanı mayenin ölçülməsi də icra olunur.

Səbəbləri:

- dölün ürək qüsuru;

- RH-rh faktor uyğunsuzluğu;

- əkiz hamiləlikdə əkizdən əkizə transfuziya sindromu;

- döllə əlaqəli infeksiya;

- dölün udması və ya böyrək funksiyasının pozulması ilə bağlı problem;

- döldə hiperqlikemiya və buna bağlı sidiyə çıxmanın tezləşməsi;

- anada diabetin olması;

- mərkəzi sinir sisteminin anomaliləri;

- xromosom anomaliyaları;

- döldə qırmızı qan hüceyrələrinin az olması (fetal anemiya);

- diafraqmal yırtıq.

Riskləri nələrdir?

- vaxtından qabaq doğumu tezləşdirir;

- dölyanı mayenin vaxtından qabaq axmasına gətirib çıxarır;

- ciftin vaxtından qabaq ayrılmasına gətirib çıxara bilir;

- doğumdan sonra qanaxmanı artıra bilir;

- döl başının düz yüksək duruşuna rast gəlinir və çox zaman qeysəriyyə icra olunur.

Polihidroamnion müalicəsi ilə yanaşı nələr edilə bilər? 

- Yataq şəraiti məsləhətdir.

- Analar çox yeməkdən qaçmalıdırlar.

- Ani və tez hərəkətlər olmamalıdır.

- Mədədə problem yarada biləcəyi nəzərə alınaraq qidalara diqqət olunmalıdır.

- Yeməkdən sonra dərhal yatmağa üstünlük verilməməlidir.

Müalicəsi nədir?

İlk növbədə səbəb araşdırılmalıdır. Dölyanı mayenin çoxluğu amniosintez ilə azaldıla bilər. Dərman müalicəsi 31-ci həftədən sonra təyin edilməməlidir.

 

Nərmin Həsənli

Mama-ginekoloq