Qida allergiyası

Qida allergiyası həyat keyfiyyətini azaldan və həyati təhlükə yaradan reaksiyalara səbəb olan sağlamlıq problemidir. Qida allergiyası, immunitet sisteminin bədən üçün zərərsiz olduğu düşünülən qida zülallarına həddindən artıq reaksiya verməsi nəticəsində ortaya çıxan sağlamlıq üçün təhlükəli bir vəziyyətdir. Son illərdə bütün dünyada qidadan qaynaqlanan anafilaksiya və qida allergiyasının yayılmasının artması səbəbindən bu mövzuya maraq artmışdır.

Qida allergiyasının ümumi simptomları:

- yemək udulduqda ağızda və boğazda qaşınma (bəzi uşaqlarda yalnız bu simptom var oral allergiya simptomu);

- övrə (bir qədər şişmiş, qırmızı, qaşınan lezyonlar);

- dəridə ekzema;

- burun axıntısı;

- ürəkbulanma, qusma və ishal ilə müşayiət olunan qarın ağrısı (orqanizm allergeni xaric etməyə çalışır);

- nəfəs almaqda çətinlik;

- şok;

- atopik dermatit;

- kvinke şişkinliyi;

- böyümə geriliyi və malnütrisyon.

Qida allergiyasının ən ağır simptomu ürək-damar və tənəffüs sistemlərinə təsir edən və hətta ölümə səbəb olan ANAFİLAKSİYAdır.

160-dan çox qidanın qida allergiyasına səbəb olduğu bildirilsə də, yayılma nisbətləri təsirə məruz qalan əhali və bölgədən asılı olaraq dəyişir. Qida allergiyasına uşaqlarda böyüklərdən daha çox rast gəlinir və dünyada hər 10 böyükdən birində və hər 12 uşaqdan birində olduğu təxmin edilir.

Qida allergiyasına səbəb olan qidaların 90%-i ümumiyyətlə bu qidalardan ibarətdir: süd, yumurta, fıstıq, qoz-fındıq, balıq, qabıqlı dəniz məhsulları, buğda və soya. Uşaqlarda qida allergiyası reaksiyalarının əksəriyyəti süd, yumurta və fıstıq allergiyasıdır. Fındıq və dəniz məhsulları (balıq və qabıqlı dəniz məhsulları) allergiyasına yeniyetmələr və böyüklər arasında daha çox rast gəlinir. Bəzi uşaqlarda süd, yumurta, buğda və soya məhsullarına qarşı dözümlülük zamanla, xüsusən də yeniyetməlik dövründə inkişaf edir. Fıstıq, qoz-fındıq və dəniz məhsulları allergiyası ömür boyu davam edə bilər.

Allergik qidadan uzaqlaşmaq qida allergiyası simptomlarının inkişafının qarşısının alınmasında və qida allergiyasının idarə edilməsində əsas müdaxilədir. Qida allergenlərindən qaçmaq üçün hər bir xəstədə xüsusi olaraq allergik reaksiyaya səbəb olan qidanın müəyyən edilməsi, qidanın və ya xəstənin allergik olduğu qida ilə çarpaz reaksiya verə bilən qidaların dəqiq tanınması önəmlidir.

Qida etiketləri, qidanın allergen tərkibi haqqında kritik məlumat verən mühüm mənbələrdən biridir və qida allergiyasının uşaqlarda daha çox rast gəlindiyini nəzərə alsaq, pediatrların bu etiketləri düzgün oxumasının onların xəstələri üçün həyati əhəmiyyət daşıdığını söyləmək olar. Allergen tərkibli qidaları düzgün müəyyən etmək və qida etiketlərini diqqətlə oxumaq uşaqların təhlükəsiz qidalanmasını təmin etmək üçün vacibdir. Pediatrların qida allergenləri ilə bağlı bilikləri uşaq sağlamlığı və allergik reaksiyaların idarə olunması, eləcə də qida allergiyası olan ailələrin maarifləndirilməsi, ailələrə uşaqlarını allergik reaksiyalardan necə qorumaq, necə davranmaq barədə məlumatların verilməsi baxımından mühüm rol oynayır.

Qablaşdırılmış qidalar üçün məcburi allergen etiketləmə qaydaları xəstələri mümkün allergik reaksiyalardan qoruyan ən mühüm amillərdən biridir. Hər hansı qidaya qarşı allergiyası olan şəxs həmin qida ailəsindəki digər qidaları qəbul edərkən diqqətli olmalıdır. Əks halda, çarpaz reaktiv qida allergiyası deyilən bir fenomen meydana gəlir. İnək südü allergiyası olanların digər heyvan südü (keçi və ya qoyun), soya proteini, mal ətinə; toyuq yumurtası allergiyası olanların digər quşların yumurtalarına; fıstıq allergiyası olanların digər paxlalılara; soya allergiyası olanların digər paxlalılara; balıq allergiyası olanların bütün digər balıqlara; qabıqlı dəniz məhsulları allergiyası olanların digər qabıqlı dəniz məhsullarına; buğda allergiyası olanların buğdanın digər növlərinə çarpaz reaksiyası ola bilər.

 

Şəbnəm Bağırlı

Pediatr

Jalə Cəfərova

Maraqlı mövzudur .Biz hamımız heç də nəsə aldığımız zaman o allergen göstəeicilərə fikir vermirik təəssüf