Antibiotiklərin həyatın ilk ilində istifadəsi bronxial astmanın inkişaf riskini artırır

 

Bronxial astma uşaq yaşlarında ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Xəstəliyin rast gəlmə tezliyi son 30 ildə xeyli artmışdır. Hər səkkiz məktəblidən təxminən biri bu xəstəlikdən əziyyət çəkir və uşaqların təxminən 10%-i (böyüklərin 5%-i)bronxial astma xəstəliyi ilə əlaqədar olaraq dərman müalicəsi alır.

 

Astma hallarının artmasına gətirib çıxaran çoxsaylı səbəblər arasında böyüyən uşaq orqanizminə dərman yükünün artması da vardır. Antibiotiklər uşaq yaşlarında ən çox təyin olunan dərmanvasitələrindəndir. Məhz mikroblara qarşı təsir göstərən və Th-2 immun reaksiyasını zəiflədən antibiotiklər "gigiyenik fərziyyə"nöqteyi-nəzərindən bronxial astma xəstəliyinin artmasınınsəbəblərindən biri hesab olunur. Bununla birlikdə antibiotiklərin bronxial astmanın inkişaf riskinin artmasına təsiri barədə etibarlı çox məlumat yoxdur. Bununla əlaqədar olaraq Kanadalı alimlər həyatın ilk ilində antibiotiklərin istifadəsi ilə uşaq yaşlarındabronxial astma xəstəliyi arasındakı əlaqəni genişmiqyaslı bir tədqiqat çərçivəsində araşdırıblar.

Tədqiqatın metodları və gedişatı:

Tədqiqat 1997-ci ilin yanvarından 2003-cü ilin dekabrınadək Britaniya Kolumbiyası (Kanada) əyalətində doğulmuş bütün uşaqları əhatə etmışdir. Uşaqların müşahidəsi 2005-ci ilin dekabr ayına qədər davam etmişdir. 2 yaşdan yuxarı uşaqlarda həyatın ilk ilində antibiotiklərdən istifadə olunub-olunmamasından asılı olaraq bronxial astma xəstəliyi halları qeydə alınıb. Müxtəlif yaş qruplarında (2-3, 3-5 və 5-9 yaş) astma xəstəliyinin təhlili müxtəlif amillər, o cümlədən uşaq doğularkən hestasiya yaşı, uşağın çəkisi və ailənin sosial-iqtisadi vəziyyəti,allergik/pulmonoloji/immunoloji, anadangəlmə, cərrahi patologiyalar, kəskin otit, yuxarı və aşağı tənəffüs yollarının respirator xəstəlikləri ilə əlaqədar olaraq həkimə muraciətlər nəzərə alınaraq aparılmışdır. Bronxial astmanın inkişafı ilə uşağın həyatının ilk 12 ayında aldığı antibiotiklərin sayı (0, 1-2, 3-4,> 4) arasında mümkün doza asılılığı araşdırılmışdır.

Tədqiqata daxil olan 251.817 uşağın 85%-i şəhər sakinləri olmuşdur. Müşahidə orta hesabla 5,5 il (2-9 il aralığında) davam etmişdir. Uşaqların 43,3%-i (n=108958) həyatın ilk ilində ən azı bir dəfə antibiotik qəbul etmişdir. Ən çox uşaqlara amoksisillin (33.7%), daha az makrolidlər (9.3%), sefalosporinlər (8.2%), penisillin (2.6%) və sulfanilamidlər (8.0%) təyin edilmişdir.

Uşaqların 7%-də müşahidə dövründə bronxial astma xəstəliyiinkişaf etmişdir. Bronxial astma ilə orta xəstələnmə göstəricisi ildə 100 nəfərə 2,3 təşkil etmişdir. Uşaqların yaşından asılı olaraqxəstələnmə 2-3 yaşda 100 uşağa görə 2,7 ilə, 5-9 yaşda hər 100uşağa 1.7 arasında dəyişmişdir. Antibiotiklərin təyin edilməsinin bronxial astma xəstəliyinin yaranma riskini artırması, riskin yaşdan asılı olması və erkən yaşlı uşaqlarda maksimal olması müəyyən edilmişdir. Beləliklə, həyatın ikinci ilində risk orta hesabla 60%, 3-4 yaşda 45%, 5-9 yaşda 35%  artmışdır. Çoxfaktorlu təhlillər göstərdi ki, antibiotiklərin təyin edilməsinin təsirindən bronxial astma xəstəliyinin yaranma riskinin artması kişi cinsi, şəhərdə məskunlaşma, ailənin aşağı sosial-iqtisadi vəziyyəti, doğulan zaman hestasiya yaşı  və çəkisi, anadangəlmə anomaliyaların olması, həyatın ilk ilində pediatra və digər mütəxəssislərə müraciət, bronxiolit epizodları, yuxarı və aşağı tənəffüs yollarının respiratorxəstəlikləri ilə bağlıdır. Sülfanilamidlərdən başqa bütün antibakterial preparatlar bronxial astma riskini artırmışdır. Xəstəlik riskinin maksimum artması makrolidlərin təsiri altında qeyd edilmişdir.

Nəticələr:

Həyatın ilk ilində antibiotiklərdən istifadənin uşaqlarda bronxial astmanın inkişaf riskini artırdığına dair inandırıcı sübutlar əldə edilmişdir. Antibiotik kurslarının sayı və xəstəlik riskinin artması arasında birbaşa korrelyasiya tapılmışdır. Bronxial astma riskinin antibiotiklərin dozasından asılılığı "gigiyenik fərziyyəni"təsdiqləmişdir. Bronxial astmanın antibiotiklərdən asılılıq riski ən çox 2-3 yaşlı uşaqlarda müşahidə edilmişdir.

Beləliklə, həyatın ilk aylarında uşağa antibiotiklər təyin etmək məsələsini nəzərdən keçirərkən, uzun müddətli nəticələrini, xüsusilə də buna meyilli uşaqlarda bronxial astmanın inkişaf riskini də nəzərə almaq, həmişə bu terapiyanın risklərini və faydalarını dəyərləndirmək lazımdır.

Mənbələr

1. Fawziah Marra et al. Antibiotic Use in Children Is Associated With Increased Risk of Asthma. Pediatrics 2009;123.

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq