Affektiv-respirator tutmalar

Bəzi uşaqlar möhkəm ağlayanda onların nəfəsləri birdən dayanır,göyərirlər və özlərindən gedirlər. Tutma bir dəqiqəyə qədər davam edə bilər. Tutma zamanı uşaq ləms olur, ətrafları boşalır, uşaq “ət” kimi olur. Tutma dərinləşirsə, bədən qıc olur, uşağın ağzı kilidlənə bilər. Bu tutmalara affektiv-respirator tutmalar deyilir.

Affektiv-respirator tutmalar çox qorxulu görünsə də, beyinə zərər vermir. Bu tutmalar kiçik uşaqlarda (6-18 aylığında) başlayır,uşaqların məktəb yaşlarına qədər tam kəsilir. Bu tutmalar uşağın ağlamağı ilə ələqəli olduğuna görə, uşağın tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Bir çox valideyn uşaq ağlamasın deyə onun istəklərini dərhal yerinə yetirir və nəticədə uşaq ərköyün böyüyür. O, daha çox ağlayır və tutmanın baş vermə ehtimalı artır. Buna görə valideynlərbelə uşaqlara qarşı  sabit münasibət göstərməli və onların naz və tərsliklərinə məhəl qoymamalıdır.

Affektiv-respirator tutmalar 2 formada olur: sianotik və solğun. 

1.Ən çox meydana gələn sianotik formadır. Bu zaman uşaq ağlayır, nəfəs alır və nəfəs ani dayanır, dəri sianotik olur və uşaq huşunu itirir. Qısa müddətli bir qıcolma da ola bilər. Bir neçə saniyədən sonra tənəffüs davam edir, dərinin rəngi düzəlir, uşaq özünə gəlir. Uşağın üzünə soyuq bir bez qoyulduqda tutma kəsilə bilər.

2.Solğun forması uşaqda hansısa bir ağrı ilə nəticələnə bilər,məsələn, uşaq yıxıla və özünü zədələyə bilər. Belə hallarda, şüur ​​itkisi və tənəffüs dayanması (hər ikisi də müvəqqətidir) sinir sisteminin qorxuya qarşı reaksiyası nəticəsində meydana gəlir və bu da ürəyin ləngiməsinə səbəb olur. Uşaq nəfəsini dayandırır, tez bir zamanda huşunu itirir və solğun olur. Qıcılma və sidik qaçırma baş verə bilər. Ürək isə tutma zamanı çox yavaş döyünür. Tutmadan sonra ürək yenidən sürətlənir, tənəffüs davam edir və şüur ​​heç bir müdaxilə edilmədən geri qayıdır.  

Əgər belə hallar tez-tez təkrarlanırsa, uşağa əlavə diaqnostik test və müalicə lazım ola bilər.  

 

Ağayeva Abuta

Nevroloq, UNİCEF-in milli təlimçisi