Süd dişi çıxma zamanları

Körpələr adətən 6 aylıq ikən ilk süd dişləri yavaş-yavaş çıxmağa başlayır. Adətən bunlar alt çənədə öndəki mərkəzi dişlər olur. Daha sonra isə təqribən üst mərkəzi dişlərin ardından yan kəsici dişlər çıxmağa başlayır.

Süd dişlərinin çıxması ilə əlaqədar uşaqlar və valideynlər bir çox çətinliklərlə qarşılaşırlar:

• həmin nahiyədə qızarıqlıq, qaşıntı,

• ağızda selik ifrazatının artması,

• gözlərin yaşarması,

• yuxusuzluq,

• iştahsızlıq,

• hərarət,

• kilo itkisi,

• qusma,

• qarın işləmə,

• öskürək,

• hüzursuzluq, narahatlıq.

Bu periodda hərarət 38-i keçərsə pediatrla əlaqə saxlamaq faydalı olar. Bəs müalicə və ya körpəni rahatlatmaq üçün nə etmək olar? Ağız üçün olan qaşıyıcılardan istifadə etmək olar, bəzən həkimlər tərəfindən həmin vasitələrin soyuducuda saxlanılıb daha sonra istifadəedilməsi tövsiyə edilir. Həmin nahiyəni ana təmiz bir binti barmağına sararaq və ya barmaq fırçalarla masaj edə bilər. Bu da dişin daha rahat sürməsinə kömək edir. 

Bəzi hallarda damaq mukozası qalın olur və diş sürmədə çətinlik çəkir. Bu bölgədə hematom olur. Şişkin, çəhrayı bənövşəyi rəng düyün şəklində olur. Bu qorxulu bir hal deyil. Yenə valideyn masaj edərək oradakı prosesi sürətləndirə bilər. Və ya əgər uzun müddət bu hal davam edərsə stomatoloq kiçik bir toxunuşla bu dişin üst toxumasını açıb kömək edə bilər. Bütün situasiyalarda bir uşaq stomatoloqundan fikir almaqda fayda vardır.

Bəzi hallarda uşaqlar doğularkən ağızlarında diş ola bilir. Buna natal diş varlığı deyilir. Doğumdan bir ay sonra diş çıxardan uşaqlar da var, bu dişlərə isə neonatal diş deyilir. Əksər hallarda bu dişlərin kökü olmur və çəkimi tövsiyə edilir. Çünki kökü olmadığı üçün süd əmərkən körpə bu dişi aspirasiya edə bilər. Bu vəziyyətdə körpəni müayinə etdirmək olduqca vacibdir.

Süd dişlərinin tamamən sürməsi ortalama 30 aylıq olarkən bitir. Təbii ki, hər uşaq individualdır, bəzi faktorlar səbəbi ilə bu gecikə və ya daha erkən tamamlana bilər.

 

Rəsulzadə Nəzrin

Həkim-stomatoloq