Menopauza. Klimakterik sindrom.

İlk öncə bilməli olduğumuz məqam – menopauzanın nə olmasıdır? Menopauza dedikdə nə başa düşülür? Klimakterik sindrom və menopauza?

Menopauza-menstrual tsiklin olmamasıdır. Bu proses yumurtalıqların funksiyasının -ovulyasiya və estrogen istehsalı daxil olmaqla geridönməz itirilməsinin nəticəsində yaranır.

Klimaks - qadın həyatının kritik periodudur ki, menopauzaya qədər baş verən endokrin, somatik, psixoloji sferada olan həyəcanverici dəyişikliklərin toplumundan ibarətdir. Klimaks həm də perimenopauza da adlanır (yəni menopauzaya qədər olan period). Bu period menstrual tsiklin gecikməsi və qeyri-requlyar aybaşı qanının olması ilə xarakterizə olunur.

Orta hesabla klimakterik əlamətlərin başlama vaxtı - 47.5 yaş hesab olunur. Menopauzaya 1 il qalmış qanda estradiol hormonunun səviyyəsi azalmağa başlayır. Menopauzada orta yaş həddi 51 yaşdır. Postmenopauza yaşı hissəvi genetik faktorla (irsiyyətlə) əlaqəlidir. Çünki müəyyən olunub ki, analarda və qızlarında menopauza eyni yaşlara təsadüf edir. Ətraf mühit faktorları menopauza yaşına təsir edə bilir, məsələn, statistik nəticələrə əsasən, zərərli vərdişlərdən siqaret erkən menopauzaya, alkoqoldan istifadə gec menopauzaya gətirib çıxarır. Oral kontraseptivlərdən istifadə (KOK) menopauza yaşına təsir etmir.

Menopauzada rast gəlinən simptomlar: vasomotor qeyri-stabillik, tər ifrazının artması, isti gəlmələr, urogenital atrofiya, dispareuniya (ağrılı cinsi əlaqə), osteoporoz, ürək-damar sistemi patologiyaları. Simptomların kombinasiyaları və davamiyyəti hər qadın üçün fərqlidir. Bəzilərində simptomatika ümumiyyətlə olmur, ya da az nəzərə çarpır.

 

Həsənli Nərmin

Mama-ginekoloq