Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Ana südü ilə qidalanma vasitəsilə ana və körpə arasında bağlılıq yaranır, qadınların orqanizmində analıq instinkti formalaşır. Sirr deyil ki, süd verən analar körpələrinə daha çox qayğı göstərir. Ana südü ilə qidalanan uşaqların nəinki fiziki sağlamlığı, o cümlədən emosional və psixi inkişafı da daha aktiv formalaşır.
Süd vəzilərində laktasiya zamanı hansı dəyişikliklər baş verir?
Hamiləlik dönəmində ciftdə sintez olunan plasentar laktogen və digər hormonların təsiri altında süd vəzilərinin paycıqları böyüməyə və aktiv inkişaf etməyə başlayır. Bundan başqa hipofizdə sintez olunan prolaktin hormonu da süd vəzinin inkişafına öz töhfəsini verir. Alveola və duktusların inkişafı nəticəsində artıq hamiləliyin 5-8-ci həftəsində süd vəziləri böyüyür, gilələrin piqmenti tündləşir.
Doğuşdan sonra ciftə sintez olunan hormonların səviyyəsinin düşməsi nəticəsində süd vəzilərinə süd gəlməyə başlayır. Əksər hallarda normal doğuşdan 30-36 saat, qeysəriyyə əməliyyatından 72 saat sonra laktasiya prosesi başlayır. Körpə nə qədər çox ana südünü əmsə, südün miqdarı bir o qədər çox olar.
Əmzirmə zamanı gilələr stimulyasiya olunur, beyinə impulslar göndərilir, hipofizdə prolaktin və oksitosin hormonlarının miqdarı artır. Prolaktin – laktasiyani artıran hormondur. Həmçinin prolaktin yumurtalıqlarda ovulyasiyanı basqılandırmaqla, doğuşdan sonra amenoreyaya (aybaşıların olmamasına) təşviq edir. Oksitosin isə südün axarlarla irəliləməsinə kömək edir. Bundan başqa doğuşdan sonra uşaqlığın yığılması oksitosin hormonunun təsiri altında baş verir. Məhz bu reflekslerə görə süd vermə zamanı qadınlar qarının aşağı nahiyyəsində yüngül ağrı (və loxiyaların miqdarının artmasını) hiss edə bilərlər.
Vaxtında doğulmuş körpələrin bir sıra refleksləri (axtarma, əmmə, udma refleksləri) inkişaf etmiş olur. Bu səbəbdən vaxtından əvvəl doğulmuş körpələrlə müqayisədə, vaxtında doğulmuş körpələr daha yaxşı süd əmə bilir.
Laktasiyanı necə artırmaq olar?
- Doğuşdan sonra körpəni erkən döşə qoymaq (ilk 30 dəqiqə ərzində). Bu həm ana və körpə arasında bağlılığı gücləndirir, həm də qadın orqanizminin hipofizində prolaktinin sintezini artırır.
- Süd vəzində əmələ gələn ilkin süd kolostrum adlanır. Doğuşdan ilk 30-40 saat sonra ifraz olunan bu süd körpə orqanizminə daha faydalıdır. Belə ki, kolostrumun tərkibində olanimmunoqlobulinlər yenidoğulmuşun mədə-bağırsaq sistemini qoruyur. Kolostrumun tərkibində daha çox zülal (albumin), təbii antioksidantlar (vitamin A, E, Zn, Se) və böyümə faktorları olur.
- Uşaq tez-tez döşə qoyulmalıdır (təxmini 2 saatdan bir). Körpə nə qədər çox ana südü əmsə, bir o qədər çox süd ifraz olunacaqdır.
- Gecə saatlarında süd verməkdən imtina edilməməlidir.
- Gün ərzində bir dəfə ilıq duş qəbul edilməlidir.
- Zahı qadın vaxtı vaxtında dincəlməli, sutkada ən azı 8 saat yatmalıdır.
- Çoxlu maye qəbul edilməlidir (xüsusi ilə ilıq maye).
Fidan Həsənova
Ginekoloq
Fikriniz
0
0