Uşaqlı qadınlar üçün hansı məzuniyyət güzəştləri vardır?

 

Ölkəmizdə Əmək Məcəlləsi uşaqlı qadınlar üçün əlavə məzuniyyət hüquqları müəyyən edir. Əlavə məzuniyyət valideynə ailə öhdəliyini icra etməkdə əlavə dəstək verir. Valideyn övladınadaha çox vaxt ayırmaqla onun sağlam böyüməsinə, inkişafına imkanlar əldə edir. Məcəllənin 117-ci maddəsinə əsasən əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. Əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. Bu hüquqlar həmçinin, övladlığa uşaq götürmüş qadınlara da şamil edilir. Belə ki, iki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Məcəllənin 127-ci maddəsi qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarını nəzərdə tutur. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: 

• həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək;

• arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək;

• 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək;

• insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə - 14 təqvim gününədək; 

• 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə - 14 təqvim gününədək;

• ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək.  

Məcəllənin 133-cü maddəsi əmək məzuniyyətlərinin verilməsində növbəlilik prinsiplərinin təmin edilməsində işləyən valideynlərə müəyyən üstünlükləri nəzərdə tutur. Belə ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. 14 yaşınadək iki və daha çox uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara, həmçinin 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilə bilər.

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert