Uşaqlar analarından sevgi və e...
Hər bir qadının həyatında hamiləlik dövrü xüsusi əhəmiyyət kəsb edir. Gələcək analar orqanizmdə baş verən dəyişikliklər və dölün inkişafı barədə məlumatlı olmalıdırlar. Hamiləlik müddəti adətən son menstruasiya tarixindən hesablanır və orta hesabla 40 həftə davam edir. Hamiləliyin hər həftəsi körpənin və gələcək ananın inkişafında müəyyən mərhələləri təmsil edir.
Hamiləlik dövründə vacib həftələrin qısa təsvirini sizlər üçün təqdim edirik:
1-4-cü həftələr: Bu dövrdə mayalanma – qadın cinsi hüceyrəsi (oosit) ilə kişi cinsi hüceyrəsinin (spermatozoid) birləşməsi baş verir. Mayalanma nəticəsində əmələ gələn ziqot uşaqlıq divarına implantasiya edir. Körpə hüceyrə bölünməsi ilə böyüməyə başlayır. 4-cü həftənin sonunda embrionun uzunluğu cəmi 2-4 mm-ə bərabər olur.
5-8-ci həftələr: Bu dövrdə embrion sürətlə inkişaf edir. Dəqiqədə milyona yaxın yeni hüceyrə əmələ gəlir. Hamiləliyin 5-6-cı həftəsində artıq dölün ürəkdöyüntüləri ultrasəs müayinəsində vizualizasiya olunur. 8-ci həftənin sonunda embrionun uzunluğu 1,5-2 sm-ə çatır. Əsas orqan və strukturlar formalaşmağa başlayır.
9-12-ci həftələr: Embrion artıq döl adlanır. Orqanlar daha da inkişaf edir və daha qabarıq olur. Döl artıq insanın kiçilmiş versiyasına bənzəyir. Gələcək körpənin əlləri, ayaqları, barmaqları, burnu, gözləri və qulaqlarını ayırd etmək mümkün olur. Onun ürəyi 4 kameradan ibarət olur və cinsiyyəti müəyyən edilə bilir. Əksər hamilələrin bu dövrün sonunda toksikoz əlamətləri azalır və yaxud keçir, qadın özünü daha gümrah hiss etməyə başlayır.
13-16-cı həftələr: Hamiləliyin ikinci trimestri başlayır. Körpə böyüməyə davam edir, dərialtı yağ toxuması, bədənində ilk tüklər əmələ gəlir. 16-cı həftədə dölün əzələ və sinir sisteminin sürətlə inkişaf etməsi nəticəsində körpə hərəkət etməyə başlayır. Boyu 16 sm-ə çatır, gözləri işığa həssas olmağa və üzün mimik əzələləri hərəkət etməyə başlayır.
17-20-ci həftələr: Dölün dərisi artıq şəffaflığını itirir və daha qalınlaşır. Döl müxtəlif hərəkətlər görür, hətta əlin baş barmağını ağzına doğru uzada bilir. Ananın körpənin hərəkətlərini hiss etmə ehtimalı yaranır. Dölün bədəni başına nisbətən daha sürətlə böyüyür. Ultrasəs müayinəsi zamanı körpənin cinsi daha dəqiq müəyyən edilə bilir.
21-24-cü həftələr: Körpə sürətlə böyüməyə davam edir. 21-ci həftədən hissiyat orqanları inkişaf edir. Körpənin dili və dad məməcikləri inkişaf edir, dölün sinir sistemi toxunuşları ayırd edə bilir. Ağciyərlər inkişaf edir və tənəffüs hərəkətləri başlayır. 24-cü həftədə dölün çəkisi təxmini 500 qram, boyu isə 25 sm təşkil edir.
25-28-ci həftələr: 28-ci həftədə aktiv böyümə stadiyası yekunlaşır. Körpə daha çox çəki almağa başlayır. 1 ay ərzində (24-28-ci həftələrarası) dölün çəkisi 2 dəfə artaraq 1 kq təşkil edir. Qapalı göz qapaqları artıq açıla bilir, gözün torvari qişası inkişaf edir, körpə artıq səsləri ayırd edə bilir. Müxtəlif səslərə və toxunuşlara hərəkətlərlə cavab verməyə başlayır.
29-32-ci həftələr: Hamiləliyin üçüncü trimestri başlayır. Körpənin ağciyərləri yetişməyə davam edir. Körpə nəfəs hərəkətlərini təkmilləşdirir və hətta bəzən hıçqırmağa başlayır. Körpə daha çox hərəkət edir və daha çox çəki qazanır. 32-ci həftədə körpənin boyu 40 sm, çəkisi isə 2 kq olur.
33-36-cı həftələr: Körpə doğuşa hazırlaşır. Baş aşağı vəziyyətdə yerləşməyə meylli olur. 36-cı həftənin sonunda körpənin çəkisi 2,4 – 2,8 kq, boyu 46-48 sm-ə çatır. Həftədə 200 qram çəki alır. Piy toxumasının inkişafı nəticəsində dölün üz cizgiləri daha yumurulanır, üz əzələləri isə sorma qabiliyyətinə malik olur.
37-40+ həftələr: Ortalama hesabla hamiləliyin 40-cı həftəsində körpənin boyu 51-53 sm, çəkisi 3-4 kq-a bərabərdir. Tutma refleksi, göz qırpmalar və sormalar, əllər və ayaqların tərpənməsi, başın firlanması mümkündür. Körpə tam yetkin və doğuşa hazırdır. Bu həftələrdə doğuş gözlənilir.
Hər hamiləlikdə körpənin və gələcək ananın inkişafı fərdi olaraq dəyişə bilər, bəzi hamiləliklərdə isə xüsusi şərtlər və ya ağırlaşmalar ola bilər. Buna görə də, hər bir hamiləlik dövrü müntəzəm tibbi müayinə və təqib tələb edir.
Fidan Həsənova
Ginekoloq
Fikriniz
0
0