Biri var idi, biri yox idi. Qarlı təpələri...
Çoxdöllü hamiləlik zamanı uşaqlıq boşluğunda 2 və daha artıq sayda döl inkişaf edir. Çoxdöllü hamiləliklərin ən sıx görünən növü əkiz hamiləliklərdir ki, mayalanmadan 3-8 gün sonra rüşeymin bölünməsi nəticəsində (eyni yumurta əkizləri) və yaxud 2 oositin (qadın hüceyrəsi) 2 spermatozoid (kişi hüceyrəsinin) mayalanması nəticəsində (müxtəlif yumurta əkizləri) inkişaf edir. Əgər döllənmənin 13 günündən sonra embrionun bölünməsi baş verərsə, gələcəkdə döllər tam olaraq bir-birindən ayrılmır və beləcə bitişik (siam) əkizləri yaranır. Çoxdöllü hamiləliklərə dünya əhalisinin 1-2%-də rast gəlinir, inkişafında irsiyyət böyük rol oynayır. Son illərdə köməkçi reproduktiv texnologiyaların inkişafı nəticəsində çoxdöllü hamiləliklərin sayı artır.
Çoxdöllü hamiləlik erkən dövrdə ultrasəs müayinəsi vasitəsilə aşkarlanır. Erkən həftələrdə çoxdöllü və təkdöllü hamiləliklərin gedişatı əksər hallarda eyni olur. Hamiləliyin 12 həftəsindən sonra bədən çəkisi sürətlə artmağa başlayır. Əkiz və üçüz hamilələrdə daha erkən və sürətlə qarın ölçüləri böyüyür. Hamilələri tənginəfəslik, qıcqırma (daha çox uzandıqda), ümumi zəiflik və halsızlıq narahat edir. Hamiləliyin müddəti artdıqca döllər böyüyür, onların ana bətnindən aldıqları qida maddələrinə olan ehtiyacları artır. Beləliklə, anada anemiya, hipovitaminozlar və mikroelementlər defisiti yaranır. Əgər qadında xroniki xəstəlik varsa, çoxdöllü hamiləlik zamanı əksər hallarda bu xəstəlik kəskinləşir. Çoxdöllü hamiləlik zamanı aşağıdakı ağırlaşmalara daha tez rast gəlmək olar:
- Dəmirdefisitli anemiya
- Hesatsional diabet
- Arterial hipertoniya
- Hidronefroz və pielonefrit
- Preeklampsiya və eklampsiya
- Damarların varikoz xəstəliyi.
- Düşük və erkən doğum təhlükəsi
- Polihidroamnion (çoxsululuq)
- Fetoplasentar çatışmazlıq
- Döllərdə bətndaxili inkişaf ləngiməsi
- Vaxtından əvvəl doğuşlar
- Feto-fetal transfuziya sindromu (plasentanın paylaşılmasından qaynaqlanan əkizdən əkizə transfuziya problemli)
- Döllərin bətndaxili anomaliyaları
Ağırlaşma risklərini nəzərə alaraq çoxdöllü hamiləlik zamanı qadın daha sıx və ciddi həkim nəzarətində olmalıdır. Hamiləliyin 28-ci həftəsinə qədər ayda 2 dəfə, 28-ci həftəsindən sonra 7-10 gündən bir həkim müayinəsindən keçmək məsləhətdir. Hamilələrdə mütəmadi olaraq USM, servikometriya (uşaqlıq boynunun uzunluğunun ölçülməsi, daxili və xarici dəliyin vəziyyətinin qiymətləndirilməsi) aparılmalıdır. Ehtiyac olarsa digər profil həkimlərinin (terapevt, kardioloq, endokrinoloq, hematoloq, nefroloq və s) konsultasiyası aparılmalıdır. Çoxdöllü hamiləlik zamanı hər bir qadında ağırlaşmalar mütləq inkişaf etmir. Həkim məsləhətlərinə riayət etdikdə, düzgün həyat tərzi sürdükdə və adekvat medikamentoz müalicə aldıqda hamiləliyin gedişatı daha rahat, ağırlaşmaların sayı isə daha az olur.
Ginekoloq
Fidan Həsənova
Fikriniz
0
0