28
21
Hörmətli oxucu,
2019-cu ildə Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində erkən uşaqlıq dövrünün inkişafı sahəsində layihə həyata keçirilmiş, məktəbəqədər qurumların işçiləri, valideynlər və mütəxəssislər arasında onlayn şəbəkə yaradılması və əhali arasında müvafiq maarifləndirmə işlərinin təşkili məqsədilə “Uşaqların Erkən İnkişafı Portalı” istifadəyə verilmişdir.
Orta illik izləyici göstəricisi 87.000 nəfərdən çox olan portal fəaliyyət göstərdiyi gündən etibarən oxucu kütləsinin marağını cəlb etmiş, faydalı və lazımlı məlumatlarla cəmiyyət üzvlərini maarifləndirmişdir.
Erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin olunması, onların sağlam qidalanması üçün tədbirlərin görülməsi, inkişaf pozuntularının erkən aşkarlanması və uşaqların sağlam böyüməsi məqsədilə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması dövlət siyasətinin prioritet istiqaməti kimi aidiyyəti qurumların qarşısında duran mühüm vəzifələrdəndir.
Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, dövlət siyasətinin həyata keçirilməsi və qeyd edilən vəzifələrin icra edilməsi məqsədilə cari aydan etibarən “www.eudi.az” portalı vasitəsi ilə həyata keçirilən maarifləndirmə işləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə davam etdiriləcəkdir. Portalın işinin davam etdirilməsində tərəfimizdən qarşıya qoyulan məqsəd erkən uşaqlıq dövrü sahəsində daha da geniş kütlənin məlumatlandırılması, maraqlı və lazımi materialların daha da zənginləşdirilməsi, müxtəlif mütəxəssislərlə əhalinin virtual görüşlərinin sayının artırılmasıdır.
Uşaqlar bizim gələcəyimizdir və onların sağlam, xoşbəxt böyüməsi hər birimizin vəzifəsidir.