Uşağı necə tərifləyək?

28

21

2021-04-18 10:12:15

Uşağınızı müəyyən davranışına görə tərifləyin. Çalışın hansı müsbət cəhətinə görə təriflədiyinizi anlasın. Məsələn, əgər övladınız rəsm çəkibsə, “Sənin günəşin çox gözəl alınıb!” “O pişik isə lap canlı görünür!” kimi konkret nüansları vurğulayaraq tərifləyin. “Sən yaxşı oğlansan (qızsan)!”, “Əsl rəssamsan!” kimi ifadələrdən çəkinin. Unutmayın ki, şəxsiyyəti deyil, davranışı tərifləmək lazımdır.

Təriflə yanaşı övladınıza təbəssüm edin, onu qucaqlayın. Uşaq sizin səmimi sevindiyinizi hiss etməlidir. Bu, “tərifliyim, canım qurtarsın” durumuna çevrilməməlidir. Bununla yanaşı, övladlarınızı gün ərzində bir neçə dəfə qucaqlamaq və alnını, yanaqlarını öpmək tövsiyə edilir.

Övladınızın müsbət və ya mənfi davranışlarına işarə edərək başqa uşaqların davranışların ilə müqayisə etməyin. Onda digərlərindən üstünlük hissini aşılamayın. Hər xırdalığa görə tərifləməyə ehtiyac yoxdur, əks təqdirdə tərif mənası itirəcək və uşaq bütün hərəkətlərinə görə hər zaman sizdən rəğbətləndirmə gözləyəcək.

Tərifləyərkən uşağın nəyi asanlıqla, nəyi isə çətinliklə yerinə yetirdiyini qeyd edin. İrsi bacarıqlarına diqqətini cəmləşdirməyin (atanda vaxtilə əlaçı olub və ya anan  uşaqlıqda gözəl şeirlər ifa edirdi və bu bacarıq sənə onlardan qalıb s.). Daha çox uşağın öz səylərinə əsasən uğur qazandığı təəssüratını yaradın.

“Böyüyəndə istedadlı rəssam olacaqsan.” kimi inam aşılamayın. Uşaq sizin gözləntinizi reallaşdıra bilməsə, məyus olacaq. Bununla yanaşı, “Boş yerə əziyyət çəkmə, onsuz da səndə alınmayacaq.” kimi fikirlər də qətiyyən səsləndirməyin. Bu cür fikirlər, uşaqların özünəinamını zəiflədir. Öncə təriflədiyiniz uğuru sonra dəyərsizləşdirməyin. Məsələ, “O rəsm dərsindən aldığın 5 heç də vacib deyildi.” kimi fikirlər səsləndirməyin.