Özünəinamlı uşaqların yetişdirilməsi

28

21

2021-04-18 09:43:17

Bir çox valideyn hesab edir ki, həyatda xoşbəxt olmaq və uğur qazanmaq üçün uşaqların özünə inamlı olması vacibdir. Bu fikir düzgündür. Lakin valideynlər uşaqlara təriflər yağdırarkən, özünəinamı inkişaf etdirmək yerinə, diqqətsizlik edib, narsismi inkişaf etdirə bilərlər. Narsizm həyəcan və depressiyadan qəzəb və aqressiyaya qədər uyğunsuzluğu proqnozlaşdıran subklinik şəxsiyyət xüsusiyyətidir ki, bu da uşaqlarda əhəmiyyətli dezadaptasiyadan xəbər verir.

 

Valideynlər uşaqda narsizmi artırmadan özünəinamı necə inkişaf etdirə bilər?

Real əks-əlaqə, böyüməyə diqqət, şərtsiz münasibət yolu ilə yetişdirilən narsizm olmadan özünəinam modelini təklif edirik. Özünəinam bir şəxsiyyət kimi, özünə dəyər vermə hissi kimi müəyyən edilir. Halbuki narsizm şişirdilmiş əhəmiyyətlilik və dəyərlilik hissi kimi hesab olunur. Uşaqlıqdan narsizm cəsarətlilik, lovğalıq kimi və ya kövrəklik, utancaqlıq, çəkingənlik kimi təzahür edir. Ortaq bir inanc budur ki, narsizm həddən artıq özünəhörmətdir. Psixoloqlar narsizmi qeyri-adi və şişirdilmiş özünəhörmət kimi, hətta yüksək dərəcədə özünəhörmətin əsas tərəfi kimi xarakterizə edirlər.

 

Özünəinamlılığın və narsizmin fərqi nədir?

Bu əlamətləri özündə birləşdirən inkişaf modelini təklif edirik. Model narsizmin və özünəinamlılığın əsasını qoyan ayrı-ayrı komponentləri və ya sütunları təsvir edir. Model narsizmin və özünəinamın tərkib hissələrində və sosiallaşma tərzində  fərqlərini izah etməyə çalışır. Narsist uşaqların özlərinə qarşı real olmayan xəyalları var, üstün olmağa  can atmaq və təkəbbürlə utancaqlıq arasında hissləri var. Bunun  əksinə olaraq, özünəinamı yüksək olan uşaqlarda özünə qarşı həqiqi müsbət fikirləri (realizm), özünü təkmilləşdirməyə (inkişaf) səy göstərmək və uğursuzluqlar qarşısında dayanmağa güc verən dəyərləri (möhkəmlik) var.

 

Narsizm və özünəinamın 3 əsas xüsusiyyəti var. Bu qiymətləndirmə 7 yaşdan böyük uşaqlara tətbiq olunur.

 

Özünəinama xasdır:

  • Realizm

  • İnkişaf

  • Möhkəmlik

Narsizmə xasdır:

  • Xəyal (illüziya)

  • Üstünlük

  • Kövrəklik

 

Realizm

Narsist uşaq çətin tapşırığı tamamlaya bilmədikdən sonra, hələ də inanılmaz dərəcədə yaxşı çıxış etdiyinə inanır.  Bu düşüncələr yetkinlik yaşına qədər davam edir. Onların İQ balları orta olsa, belə özlərini dahi kimi görürlər, qrup işlərini pozsalar, belə üstün lider olduqlarını düşünürlər. Bunun əksinə olaraq, yüksək özünəinamlı uşaqlarda müsbət düşüncə tərzi olur. Bu baxışlar daha çox reallığa, narsizm isə illüziyaya əsaslanır.

 

İnkişaf

Narsist uşaqlar üstün olmağa çalışırlar. Başqalarına yuxarıdan aşağı baxırlar.  Bunun əksinə olaraq özünəinamlı uşaqlar başqalarından üstün olduqda onları da inkişaf etdirməyə daha çox maraq göstərirlər, bacardıqlarını səy və təhsil sayəsində bildiklərinə inanırlar. Beləliklə narsist üstün olmağa çalışmaqla özünü göstərir, özünəinamlı isə səy göstərməklə.

 

Möhkəmlik

Narsist uşaqların özləri haqqında kövrək hissləri var. Onlar mənfi rəy aldıqda özlərində ruh düşkünlüyü hiss edirlər, hətta utanırlar da. Buna cavab olaraq, narsist uşaqlar hirsli və ya aqressiv cavab verirlər. Vaxt keçdikcə utanc hissi həyəcan və depressiyaya səbəb ola bilər. Bunun əksinə olaraq, yüksək özünəinamlı uşaqlarda möhkəm hisslər var. Hətta uğursuzluq qarşısında belə özlərini layiqli hiss edirlər. Nəticə etibarilə, utanmaq və buna görə də qəzəblənmək və ya aqressiv olmaq ehtimalı azdır. Bu uşaqlarda həyəcan və depressiya riski də azdır. Beləliklə narsizm kövrəkliklə, özünəinam isə möhkəmliklə təzahür edir.

 

Müasir tədqiqatlar göstərir ki, narsizm qismən valideynlərin uşağı həddən artıq qiymətləndirməsi səbəbindən yaranır.

 

Real əks əlaqə

Bu zaman valideynlər övladlarının keyfiyyətlərini həddən artıq qiymətləndirir, üstün tutur və hətta hədsiz dərəcədə qiymətləndirir. Məsələn, uşaqlarının İQ ballarının orta olmasına baxmayaraq onların digərlərindən daha ağıllı olduğuna inanırlar. İddia edirlər ki, övladları hətta mövcud olmayan mövzuları da bilirlər. Bunun əksinə olaraq, valideynlər reallığı inkişaf etdirərək özünəinamı aşılaya bilərlər. Məsələn, valideynlər uşaqlara həqiqi təriflər söylədikdə (onları daha çox qiymətləndirməməklə), uşaqlar daha yüksək bal toplamışlar və depressiya simptomları daha az olmuşdur. Uşaqlar çox da yüksək olmayan həqiqi tərifdən bəhrələnirlər.

 

Bəzi nəzəriyyələrə görə, narsizm valideyn istiliyinin olmamasına reaksiya kimi yaranır. Lakin müasir araşdırmalar, narsizmin valideynlərin uşağı həddən artıq qiymətləndirməsilə yetişdirildiyini göstərir. Uşaqların özünə hörmətini artırmaq Qərb cəmiyyətində ata-ana üçün vacib bir hədəf halına gəlib. Modelimiz, narsizmlə özünəinamın fərqli sütunlar üzərində qurulduğunu və narsizmi yetişdirmədən uşaqların özünəinamını artırmağın mümkün olduğunu göstərir. Ümid edirik ki, modelimiz valideynlərə övladlarının özünəinamı üçün güclü bir zəmin yaratmağa kömək edəcək.

 

Mənbə

  1. Eddie Brummelman, Constantine Sedikides, Raising Children With High Self-Esteem (But Not Narcissism), Child Development Perspectives, Volume 14, Number 2, 2020, Pages 83–89