Anada olan depressiya uşağın erkən inkişafına necə təsir göstərir?

28

21

2021-04-17 15:34:32

Anada olan depressiya uşağın erkən sosial, emosional və fiziki sağlamlığına təsir edir.

 

Kanadada aparılmış bir araşdırmaya görə, 5 yaşından əvvəl anasında olan depressiyaya  məruz qalan uşaqlarda sosial, emosional və fiziki sağlamlıqda inkişaf geriliyi olması ehtimalı daha yüksəkdir.

 

Tədqiqatçılar Manitobada anadan olan (n = 52103) və 2005-2016-cı illər arasında Erkən İnkişaf Alətindən istifadə edilərək inkişaf zəifliklərini qiymətləndirilən və depressiyaya dair məlumatlar da daxil olmaqla anasının sağlamlığı haqqında qeydlər olan uşaqlara aid məlumatları araşdırmışlar. Anaların sağlamlığı  haqqında məlumatlar həkim ziyarətləri, xəstəxanaya yerləşdirmə və ya reseptlərə  əsaslanaraq əldə edilmişdir.

 

Ümumilikdə, 9.938 uşağın (19,1%) anası doğumdan sonrakı beş il ərzində depressiya ilə əlaqədar müalicə almışdı. Tədqiqat zamanı doğum vaxtı ananın yaşı, təhsili, sosial təcrid olunması, ailə vəziyyəti, siqaret çəkməsi, psixotrop maddə istifadəsi, yaşayış yeri və gəliri, habelə uşağın hestasiya yaşı, doğuşun üsulu və uşağın cinsi də daxil olmaqla xüsusiyyətlər nəzərə alınmışdır. Araşdırmalar ana depressiyasına məruz qalmayan uşaqlar ilə müqayisədə, ana depressiyasına məruz qalan uşaqların ən azı bir sahədə inkişafdan geri qalma ehtimalının daha yüksək olduğunu aşkar etdi. Müəyyən olundu ki, ümumiyyətlə, ana depressiyasına məruz qalma ilə əlaqəli ən böyük risklər sosial səriştə, fiziki sağlamlıq, rifah  və emosional yetkinlik  ilə əlaqədardır. Araşdırmanın aparıcı müəllifi Kaliforniyadakı Stenford Universitetindən Elizabet Vall-Viller tədqiqatın nəticələri haqqında yazır: "Anada olan depressiyanın ən çox uşağın sosial səriştə, fiziki sağlamlıq və emosional yetkinlik kimi inkişaf sahələrinə təsir etdiyini gördük və doğuşdan dərhal sonra və məktəbəqədər dövrdə bu təsirin daha güclü olduğunu aydınlaşdırdıq. Bu, həm ana, həm də uşaq üçün daha yaxşı nəticələrə gətirib çıxara biləcək müdaxilə nöqtələrini müəyyənləşdirmək və kliniki kömək üçün vacibdir. Ancaq ana depressiyasına məruz qalan uşaqların hamısının açıq inkişaf geriliyi yox idi. Ana depressiyasına məruz qalan cəmi 2.950 (29.5%) uşağın 5 yaşına qədər bir və ya daha çox inkişaf sahəsində geriliyi müəyyən edilmişdir. Bunun səbəbi, depressiyanın geniş bir spektrdə rast gəlinməsi, həmçinin necə müalicə olunması idi. Bir uşaq ana depressiyasına məruz qalir, ancaq ana təsirli bir müalicə alırsa, o zaman bu uşağın ana depressiyasına məruz qalmayan uşağa nisbətən daha çox inkişaf zəifliyi yaşamasını gözləmirik".

 

Tədqiqat qrupunun bildirdiyinə görə,  araşdırma zamanı  məhdudiyyətin biri ondan ibarət idi ki, tədqiqatçılar anada depressiyanı müəyyən etmək üçün inzibati bəyanatlardakı məlumatlardan istifadə etmişlər. Beləliklə, cəmiyyətdə analar arasında depressiyanın yayılması tam qiymətləndirilməmiş ola bilər. Tədqiqatçıların ana depressiyasının başlanğıcının dəqiq vaxtı və depressiyanın şiddəti barədə  məlumatları yox idi. Tədqiqat zamanı erkən uşaq inkişafına təsir göstərə biləcək tərbiyə tərzləri və ya atalar haqqında məlumatlar da araşdırılmamışdır.

 

Araşdırmanın müəlliflərindən olan Braun Universitetindən Dr.İ.Yaçmink bildirir: "Bu tədqiqat ana depressiyası ilə inkişaf zəifliyi arasında bir əlaqə olduğunu nümayiş etdirsə də, əksər uşaqlarda heç bir inkişaf zəifliyi yox idi. Bu, uşaqların dayanıqlı olduğunu göstərir. Bu dayanıqlılığa kömək edən qoruyucu amilləri, məsələn, ananın depressiyasına baxmayaraq ana-uşaq münasibətlərinin güclü ola biləcəyi spesifik məqamları, digər uşaq baxıcılarının, məsələn ataların  və ailəni dəstəkləyən başqa insanların təsirini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.”

 

 

Mənbə

  1. Maternal Depression Impacts Child's Early Social, Emotional and Physical Health - Medscape - Aug 17, 2020
  2. https://bit.ly/2E2t2Np and https://bit.ly/3h6aKJD Pediatrics, online August 17, 2020.