Ana südünün ümumi faydaları

28

21

Ana südü körpələrin böyüməsi və inkişafı üçün ən ideal qida olub, körpəni onun ehtiyacı olduğu miqdarda  maye, zülal, vitaminlər, mikroelementlər və hormonlarla təmin edir.

 

Ana südünün tərkibində 500-ə yaxın komponent vardır. Hətta müasir mükəmməl texnologiyalar belə ana südü ilə eyni tərkibli süd qarışıqları yarada bilmir.

 

Ana südünün tərkibinin 87%-i sudan təşkil olunduğu üçün o, qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə ödəyir. O, əvəz olunmayan amin turşuları, beynin və sinirlərin inkişafı üçün vacib olan doymamış yağ turşuları ilə zəngindir. Ana südü ilə bəslənən uşaqlar daha sakit, mehriban, özünəinamlı böyüyür, onlarda  davranış pozuntuları, depressiya az rast gəlinir. Ana südünün tərkibində xüsusi fermentlər olduğu üçün süd özü-özünü parçalayır və asanlıqla sorulur.

 

Körpələrdə immun sistemi zəif olduğu üçün asanlıqla müxtəlif infeksion xəstəliklərə tutula və bu xəstəlikləri daha ağır keçirə bilərlər. Ana südünün tərkibindəki qoruyucu canlı hüceyrələr uşağın immun sistemini günləndirir və xəstəliklərdən qoruyur.

 

Ana südünün xüsusi faydaları

 

İmmun sistemi - Ana südü ilə qidalanan uşaqlar profilaktik peyvəndlərə daha yaxşı reaksiya verirlər. İmmun sistem möhkəmləndiyindən infeksion xəstəliklərə davamlılıq artır və onkoloji xəstəliklər riski azalır.

Qulaq - Qulaq infeksiyalarına, eşitmə pozuntularına az rast gəlinir.

Sinir sistemi - Ana südü ilə qidalanan uşaqlarda normal psixomotor inkişaf və yüksək intellekt

(İQ) olur.

Endokrin sistem- Şəkərli diabet və piylənmə riski aşağı olur.

Gözlər - Görmə itiliyi daha yüksək olur.

Burun-boğaz - Burun və boğazda infeksiyalar daha az rast gəlinir.

Ağız - Ana südü uşağın ağzını təmizləyərək, mikrobları öldürür.

Tənəffüs sistemi - Respirator xəstəliklərə az tutulurlar və pnevmoniya az rast gəlinir.

Ürək-damar sistemi - Xolesterinin miqdarı aşağı olduğundan ürək az yüklənir. Gələcəkdə ateroskleroz, hipertoniya az rast gəlinir.

Mədə bağırsaq sistemi - Normal bağırsaq florası formalaşdığından uşaqda uşaqda mədə-bağırsaq problemləri, o cümlədən diareya və qəbizlik az rast gəlinir.

Qan - Anemiya az təsadüf edilir.

Dəri - Allergik reaksiyalar, atopik dermatit, ekzema az rast gəlinir.

Skelet və əzələlər - Raxit, revmatoid artrit az rast gəlinir.

Böyrəklər - Ana südü böyrəkləri yükləmir.